İlham Şaban: "Mərkəzi Asiya ölkələrı üçün kimin təklifi daha maraqlı, kommersiya baxımından daha cəlbedici olursa, ona da meyl edirlər"
Astanada Mərkəzi Asiya-Çin sammiti çərçivəsində təşkil olunan "Power Central Asia + China" birinci regional enerji forumu keçirilir.
Bu tədbir Qazaxıstanın regionda enerji inteqrasiyası və innovativ inkişaf mərkəzi kimi artan rolunu təsdiqləyən Qazaxıstan və aparıcı Çin şirkətləri arasında strateji əhəmiyyətli sazişlərin imzalanması üçün platformaya çevrildi.
Forum çərçivəsində Qazaxıstan və Çin şirkətləri arasında xeyli enerji müqavilələri bağlanıb.
Bu anlaşmalar aprelin 4-də Səmərqənddə keçirilən Avropa İttifaqı-Mərkəzi Asiya Sammitində iki tərəf arasında imzalanan sazişlərə alternativ ola bilərmi?
Bilirsiniz ki, Aİ-Mərkəzi Asiya sazişlərində Azərbaycanın logistik rolu vacibdir. Çin-Qazaxıstan sazişlərinə Çin-Aİ rəqabəti kimi baxılsa, bu, Azərbaycanın logistik roluna mənfi təsir göstərə bilərmi?
Enerji resurslatının idarə edilməsi üzrə ekspert İlham Şaban məsələyə münasibət bildirərkən baki-xeber.com-a dedi ki, Çin şirkətlərinin Mərkəzi Asiyanın, əsasən də enerji bazarında xüsusi çəkisi böyükdür: "Özü də bu nə dünən, nə də srağagün başlayıb, bu işin təməli ötən əsrin 90-cı illərindən qoyulub. Xarici şirkətlər kimi, lap əvvəl onlar Qazaxıstanın enerji bazarına daxil olublar. Əvvəl Çin şirkətləri Qazaxıstanın neft-qaz sənayesində kiçik paylar almaqla fəaliyyətə başladılar. Hətta ən yüksək inkişaf dövründə Qazaxıstanda çıxarılan neftin 20%-i Çin şirkətlərinə məxsus idi. Hazırda bu göstərici təxminən 16% təşkil edir.
2007-ci ildən Çin şirkətləri Türkmənistan bazarına ayaq açdılar. Eyni zamanda, Türkmənistan, Özbəkistan və Qazaxıstan Çin qaz kəmərini tikirlər.
Hazırda Çin şirkətləri Mərkəzi Asiyada neft emalında, o cümlədən neft-kimya komplekslərində aktiv iştirak edirlər. Həmçinin biz Qazaxıstan, Özbəkistan və Qırğızıstanın yaşıl enerji sektorunda da Çin şirkətlərinin aktiv fəaliyyətini müşahidə edirik.
Yəni Mərkəzi Asiya ölkələri istər Rusiya, istər Çin, istərsə də Qərb ölkələri ilə əməkdaşlıqda maraqlıdırlar. Mərkəzi Asiya ölkələrı üçün kimin təklifi daha maraqlı, kommersiya baxımından daha cəlbedici olursa, ona da meyl edirlər.
Burada hər hansı bir siyasi oriyentasiya, "mən yalnız Çin şirkətləri ilə işləyəcəm" deyə bir mövqe yoxdur.
Rəsmi Pekin üçun isə Mərkəzi Asiyanın enerji bazarına investisiya qoymaq sərfəlidir. Çunki bu region enerji resursları ilə zəngindir, Çin isə enerji idxalçısıdır. Üstəgəl, həm də bu region Çinə çox yaxındır, logistika ucuz başa gəlir".
Onu da vurğulamaq yerinə düşər ki, Mərkəzi Asiya ölkələri enerji resursları, digər faydalı qazıntılar və nadir torpaq elementləri ilə o qədər zəngindir ki, bu bazarda Aİ ilə Çin şirkətlərinin maraq toqquşması gözlənilmir. Çin üçün enerji sektoru daha maraqlı olsa da, bu ölkənin şirkətlərinin ümumilikdə Mərkəz Asiyanın enerji bazarında payı 10%-i keçmir. Üstəgəl, Çin şirkətləri faydalı qazıntılara və nadir torpaq elementlərinə o də maraq göstərmirlər. Ona görə də Çin şirkətləri ilə paralel olaraq Aİ şirkətləri də heç bir problem olmadan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edə biləcək və bu, Azərbaycanın logistik fəaliyyətinə heç bir mənfi təsir göstərməyəcək.
Akif NƏSİRLİ