Dünya bazarında neft qiymətləri artmaqda davam edir. Mövcud durumda bazar iştirakçıları İsrail və İran arasında münaqişənin gərginləşməsi fonunda təchizatda mümkün fasilələrdən narahatdırlar. Elə bu da qiymətlərin artımını şərtləndirir.
İndi əsas qorxu bundan ibarətdir ki, İran Hörmüz boğazını bağlasa, neft qiymətində fantastik artım ola bilər. İranın “Fars news” saytının yazır ki, dünyanın enerji təhlükəsizliyi Hörmüz bağazından asılıdır və boğazı bağlamaqla İran istəyinə nail ola bilər. Sayt qeyd edir ki, hərbi əməliyyatların başlaması ilə neftin dünya bazarındakı qiyməti 13 faiz artıb. Hörmüz boğazının bağlanması zamanı isə qiymətlər 100 faiz qalxa bilər.
İraqın baş nazirin müavini, xarici işlər naziri Fuad Hüseyn qeyd edir ki, İran və İsrailin hərbi qarşıdurması nəticəsində Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi neftin bir barrelinin qiymətinin 200-300 dollara qalxmasına səbəb ola bilər: “Regionda münaqişənin davam etməsi və Hörmüz boğazının bağlanması ciddi iqtisadi sarsıntılara səbəb ola bilər. Hərbi əməliyyatların başlayacağı təqdirdə neftin bir barrelinin qiyməti 200-300 dollara qədər yüksələ bilər”. İran6 parlamentinin Təhlükəsizlik Komitəsinin üzvü Esmail Kavatri bildirib ki, Tehran Hörmüz boğazını bağlamağı düşünür. Onun sözlərinə görə, İran təhlükəsizlik baxımından boğazı gəmiçilik üçün bağlaya bilər. İndilikdə İsrailin İranın neft anbarları ilə yanaşı digər neft infrastrukturlarına raket zərbələri endirməsi İran neftinin əsas alıcıları Hindistan və Çinə neft ixracını dayandırıb. Bu da qiyməti sürətlə artırır. İranın Hörmüz boğazını bağlamaq niyyəti haqqında bəyanatından sonra dünya bazarında neftin qiyməti bir az da yüksəlib. “JPMMorgan” bankının analitikləri hesab edir ki, dünya bazarında neftin qiyməti 100 dollara kimi yüksələ bilər. “Bloomberg Economics” in analitikləri Tom Orlik və Anna Vonq isə hazırladıqları rəydə bildiriblər ki, neftin qiyməti 100 dollara çatsa ABŞ-da bütün növ benzin markalarının pərakəndə satış qiymətləri 17 faiz artacaq ki, bu da öz növbəsində inflyasiyaya və digər malların da qiymətlərinin artmasına gətirib çıxaracaq. Rusiyadan neft və qaz almaqdan imtina edən Avropa İttifaqı dövlətlərində də inflyasiya qaçılmaz olacaq. Qeyd edək ki, dünya bazarına çıxarılan neftin 30 faizi ərəb ölkəlindən Fars körfəzi vasitəsi ilə tankerlərlə daşınır. Körfəzdən açıq okeana çıxış isə Hörmüz boğazındandır və bu boğaza İran nəzarət edir. İsrailin İranın körfəz sahilindəki neft və qaz infrastrukturunun bombalaması tankerlərin hərəkətini dayandırıb. Ərəb dövlətlərindən Avropa bazarlarına neft daşıyan tankerlərin dayanması neftin qiymətini artırıb və Avropa üçün problemlər yaradıb.
ABŞ-ın Harvard məktəbi nəzdində fəaliyyət göstərən Belfersk Mərkəzinin beynəlxalq münasibətlər bölməsinin direktoru, ABŞ-ın Milli Təhlükəsizlik ofisinin keçmiş müşaviri Meqan Sallivan “The New York Times” qəzetinə verdiyi müsahibəsində bildirib ki, İran İsrailin müttəfiqlərinə təzyiq etmək üçün Hörmüz boğazını bağlaya bilər. Boğazın bağlanması ABŞ-da benzinin qiymətinin yüksəlməsinə səbəb olar. Benzinin qiyməti ABŞ-ın daxili siyasətində əsas faktorlardan biridir və rəsmi Vaşinqtonun münaqişəyə cəlb olunması ilə nəticələnər. Belə olan halda isə hərbi münaqişə bütün regionu əhatə edər və proqnozlaşdırılması mümkün olmayan proseslər başlayar. Türkiyənin “Hürriyet” qəzeti də yazır ki, İranın Hörmüz boğazını bağlamaqla hədələməsi neftin bir barrelinin6 qiymətinin 130 dollara qədər artması ilə nəticələnə bilər. Xatırladaq ki, qlobal neft tədarükünün 20%-i, İran, Səudiyyə Ərəbistanı və BƏƏ-nin ixracatının isə 80%-i məhz Hörmüz boğazından keçir. Ekspertlər xəbərdarlıq edirlər ki, bu marşrutun hətta qısamüddətli bağlanması belə bazarlarda ciddi şok effekti yaradacaq. “Hürriyet” qəzeti yazır: “Əgər hərbi əməliyyatlar yaxın iki həftə ərzində başa çatsa, iqtisadi təsirlər məhdud ola bilər. Lakin qarşıdurma uzunmüddətli və dərinləşən xarakter alarsa, bu, qlobal enerji böhranı və qiymət artımı ilə nəticələnə bilər”. Ukrayna “Strategiya XXI” Qlobalistika Mərkəzinin prezidenti Mixail Qonçar bildirir ki, qeyri-müəyyənlik şəraitində, yəni hərbi əməliyyatların digər Körfəz ölkələrinin iştirakı ilə regionda eskalasiyaya gətirib çıxara biləcəyi, üçüncü ölkələrin neft infrastrukturuna blokadaya və ya cavab zərbələri endirməsinə gətirib çıxara bilməsi təhlükəsi var: “Bu, qiymətlərə təsir edəcək, amma... Məsələn, 2019-cu ilin sentyabrında olduğu kimi. Həmin vaxt husilər İranın qanadlı raketləri və dronları ilə bir neçə saat ərzində Səudiyyə Ərəbistanının neft ixrac imkanlarının 50%-ni məhv etdi, neftin isə 5%-ni qlobal bazardan çıxardı. Bununla da 20% qiymət sıçrayışı baş verdi və bir-iki həftə sonra qiymət sabitləşdi... Ona görə də İsrailin zərbələri məhdud olsa, deeskalasiya bundan sonra baş verəcək, bir neçə həftə ərzində qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq. Körfəzdə neft daşımalarında fasilələrə səbəb olacaq eskalasiya baş verərsə, o zaman qiymətlər yüksək olaraq qala və ya daha da arta bilər. Burada çox şey OPEC+ ölkələrinin reaksiyasından, ABŞ, Çin və Avropa İttifaqının strateji ehtiyatlarının dolğunluğundan asılı olacaq”.
Hələlik isə hərbi əməliyyatlar genişlənir və dünya bazarında neftin qiyməti yüksəlməkdə davam edir.
Ramil QULİYEV