AZ

İsraillə İranı ticarətlə barışdırmaq olar? - Trampın planı tam dəstək ala bilmir...


Mehman İsmayılov: “Trampın “mən hansısa sövdələşmə, ticarət əlaqələrilə İsraillə İranı barışdıracağam” fikri olduqca qeyri-ciddi səslənir”

ABŞ prezidenti Donald Tramp deyib ki, İran və İsrail sülhün əldə olunmasına və Yaxın Şərqin “yenidən möhtəşəm” olmasına imkan verəcək razılaşma əldə etməlidir. O, bu barədə özünün Truth Social sosial şəbəkəsində yazıb.

Tramp, Hindistan və Pakistanla olduğu kimi, İran və İsraili də sövdələşməyə məcbur edəcəyini, bunun üçün dövlətlərin ABŞ-la ticarətindən istifadə edəcəyini söyləyib. Bu yanaşma "iki əla liderlə danışıqlara ağıl, birlik və sağlam düşüncə gətirəcək", - Amerika prezidenti bildirib. "Mənim müdaxiləm sayəsində, ən azı, indiyə qədər sülh yaranıb və bundan sonra da belə olacaq! Eyni şəkildə İsrail və İran arasında da tezliklə sülh bərqərar olacaq! İndi çoxlu zənglər və görüşlər olur. Mən çox şey edirəm, amma heç vaxt tanınmıram - və bu yaxşıdır, xalq hər şeyi başa düşür",- o, yazıb.

Tramp deyib ki, İrana və İsrailə Amerika ilə əlverişli ticarət təklif edəcək və onları sülhə gətirəcək, necə ki Pakistanla Hindistanı bu yolla sülhə gətirdi. Bu nə danışır? İsraillə İranı ticarətlə barışdırmaq olar?

Politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, ABŞ prezidenti Donald Trampın sülh haqqında, sövdələşmələr barədə danışdıqları, indiyə qədər səsləndirdiyi bəyanatlar onun bu cür planlarına ciddi yanaşmağın doğru olmadığını göstərdi: “Tramp hakimiyyətə gələndə özünü sülhməramlı, sülh yaradacaq bir siyasi lider kimi təqdim etməyə çalışdı və guya Rusiya ilə Ukrayna arasındakı müharibəni durduracaqdı. Əksinə, bu müharibə getdikcə alovlanır. Rusiya ilə sövdələşməyə gedəcəkdi, Rusiyanı sülhə məcbur edəcəkdi, tam əksi baş verir, Rusiya Ukraynaya müharibəninin şiddətini artırır. Tramp hakimiyyətə gələndə demişdi ki, Yaxın Şərqdə də sülhə nail olacaq. Deyirdi ki, Suriyadakı müharibə bizim müharibə deyil və biz bu müharibəyə qarışmayacağıq. Amma indi əslində Yaxın Şərqdə ABŞ müharibənin aparıcı oyunçularından biridir. Çünki İsrailin İrana qarşı dörd gündür davam edən hucumlarının arxasında ABŞ dayanmasaydı İsrail o hücuma keçə bilməzdi. İsrailin bütün potensialı ABŞ-la bağlıdır. Ona görə də, Trampın “mən hansısa sövdələşmə, ticarət əlaqələrilə İsraillə İranı barışdıracağam” təklifi olduqca qeyri-ciddi səslənir. İsraillə İranın arasında hansı ticarət sövdələşməsindən söhbət gedə bilər? İsraillə İran bir-birinə dini-ideoloji düşməndir. 1979-cu il islam inqilabından sonra İsraillə İranın münasibətləri kəsinləşib. Baxmayaraq ki, İran-İraq müharibəsində İsrail-İran münasibətləri gizli sürdürülürdü. İran gizlicə İsraildən silah alırdı. 1981-ci ildə İraqın atom reaktorunun İsrail tərəfindən bombardman edilməsində İran da İsraillə birgə iştirak etmişdi. Amma buna baxmayaraq yenə də onlar barışmaz mövqedədirlər”.

M.İsmayılovun sözlərinə görə, İsrail bütün gücü ilə çalışır ki, Yaxın Şərqdə dominantlıq edə biləcək bir qüvvəyə çevrilsin, İsrail nə Türkiyənin, nə Səudiyyə Ərəbistanının, nə Birləşmiş Ərəb Əmirliyinin, nə İranın Yaxın Şərqdə söz sahibi olmasını istəmir: “İsrailin qarşısına qoyduğu bu aqressiv, bu yırtıcı plan, əlbəttə ki, İranın istəklərinin əleyhinədir. İran da İsraili tamamilə yer üzündən silmək istəyir və onu dövlət kimi tanımır. Belə olan vəziyyətdə ABŞ prezidenti hansı sehrli çubuqla bunların arasında ticarət sövdələşməsi təşkil edə bilər? Baxın, İran çox zəngin bir ölkədir, amma 45 il müddətində tətbiq edilən Qərb sanksiyaları İranı taqətsiz bir hala gətirib və belə bir durumda Tramp “İsraillə İranın münasibətlərini tənzimləyəcəyəm, sövdələşmə təklif etmişəm” deyir. Amma bu, Trampın qeyri-ciddi bəyanatlarıdır”.

M.İsmayılov vurğuladı ki, 2015-ci ildə Barak Obama dönəmində bir nüvə sövdələşməsi vardı. 2018-ci ildə o nüvə sövdələşməsindən birtərəfli qaydada D.Tramp çıxdı. Lakin indiki durumda “yenidən nüvə sövdələşməsi, danışıqlar aparaq” deyilir, bu danışıqların növbəti raunduna iki gün qalmış Netanyahu İranı bombalamağa başlayır: “Çünki İran-ABŞ münasibətlərinin normallaşdırılmasında İsrail və onun baş naziri Netanyahu qəti şəkildə maraqlı deyil. Ona görə də vəziyyəti gərginləşdirir, müharibəni qızışdırır, müharibənin arealını genişləndirir, müharibənin dayandırılmasını istəmir və istəyir ki, İsrail Yaxın Şərqin dominantlıq edəcək gücünə çevrilsin. Yəni bütün fikirləri yuvarlaqlaşdırsaq ortaya çıxan nəticə budur ki, İsraillə İranın bir-birinin mövqelərinə 180 dərəcə tərs mövqe sərgiləməsi, düşmənçiyin getdikcə tarixi düşmənçiliyə çevrilməsi, bunların arasında dini və ideoloji düşmənçiliyin var olması göstərir ki, ABŞ prezidentinin danışdıqları qeyri-realdır və o, İranla İsrail arasında real olaraq heç bir ticarət sövdələşməsi təklif edə bilməz. Bu ümumiyyətlə baş tuta bilməz. Amma sadəcə zərbələrlə İranı nüvə proqramından çəkindirmək də yanlışdır. Çünki bundan nəticə alına bilməyəcək”.

İradə SARIYEVA

Seçilən
4
baki-xeber.com

1Mənbələr