AZ

İsrail ABŞ-ı müharibəyə birbaşa cəlb etmək istəyir...


Tofiq Abbasov: "Benyamin Netanyahunun təxribatçı mövqeyi həm region, həm də ABŞ-nin özü üçün böyük təhlükə kəsb edir"

İsrailin əlində İranin nüvə zənginləşdirən zavodlarının yerləşdiyi bunkerləri deşə bilən bombalar mövcud deyil. Onun buna böyük ehtiyacı var. İsrail belə bömbalar əldə edə bilməsə, uran zənginləşdirən yeraltı zavodları vura bilməyəcək.

Ona görə də İsrail çox çalışır ki, Amerikanı hərbi əməliyyatlara birbaşa və açıq şəkildə cəlb etsin. Artıq Tehran hakimiyyəti ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını hava zərbələri ilə təhdid edib. Tramp isə buna kəskin reaksiya verib. O xəbərdarlıq edib ki, belə olan halda Amerika İrana qarşı hərbi əməliyyatlara başlayacaq.

İsrailin bu planı baş tuta bilər?

Məsələyə münasibət bildirən politoloq Tofiq Abbasov baki-xeber.com-a bildirdi ki, Benyamin Netanyahunun əvvəlki planı Amerikanın əli ilə İranla müharibə aparmaq idi: "O, qorxusundan Amerikanı qalxan kimi qabağa çəkirdi. İkinci dəfə prezident seçilən Donald Tramp artıq köhnə hiyləyə getmədi. Burada açıq-aşkar görünən və bilinən odur ki, İsrailin, xüsusilə də baş nazir Benyamin Netanyahunun təxribatçı mövqeyi həm region üçün, həm də ABŞ-nin özü üçün böyük təhlükə kəsb edir. Çünki faktiki olaraq ABŞ İranla danışıqlara qayıtdıqdan sonra Tramp başa düşdü ki, birinci prezidentlik dönəmində - 2017-ci ildə sazişdən çıxmaqla səhvə yol verib. Həmin vaxt Tramp İsrailin baş naziri Benyamin Netanyahunun təxribatına uymuşdu. O səbəbdən də Benyamin Netanyahunun budəfəki oyunu alınmadı. Bu məsələ ondan xəbər verir ki, milli maraqların müdafiəsində çox dərinliklərə getməyin zərərli olduğunu ABŞ prezidenti Donald Tramp artıq anlayır. ABŞ prezidenti başa düşür ki, İran, ərəb ölkələrı və postsovet məkanı ilə bağlı metodik və düzgün siyasət yürütməlidir. Digər tərəfdən, o elə etməlidir ki, bu ölkələrin ABŞ-yə olan etimadı sarsılmasın. Məhz İsrailin ucbatından ABŞ-yə olan etimad son iki-üç onillikdə sıfıra düşüb. Ona görə də Tramp bu məsələdə daha praqmatik mövqe tutmağa başlayıb.

Əlbəttə, hazırda İsrail cəmiyyətində bir qədər konsensus var. Siyasilar Benyamin Netanyahuya qarşı olan haqlı tələblərini hələlik irəli sürmürlər. Çünki müharıbə şəraitində daxili çəkişmələrə uymaq olmaz. Amma hər halda onun qatı düşməni Aviqdor Liberman deyir ki, müharibə dayanandan dərhal sonra gərək İsrail 7 oktyabr hadisələrini araşdırsın və tədbir görsün. Çünki orada Netanyahunun əli var. Biz görürük ki, Netanyahu 7 oktyabr hadisələrini törətməklə hücumun bütün məsuliyyətini İranın üzərinə yıxmağa çalışdı. Amma İranın o hadisələrdə əli var idisə də, bu çox cuzi idi. Çünki orada başqa bir ölkənin dəsti-xətti aşkarlandı. Ona görə də indiki proseslərdə Netanyahu hələ də ABŞ-ni birbaşa müharibəyə qatmaq istəyir. Amma bu alınmayacaq".

Ekspert bildirdi ki, artıq indiki mərhələdə Netanyahu öz siyasətinin bütün konturlarını ifşa edib: "7 oktyabr hadisələrində də onun təxribatlarının izi görünür. Aviqdor Liberman deyir ki, 7 oktyabr hadisələri ilə bağlı Netanyahu cavab verməlidir, biz İsrail məhkəməsinin bu barədə detalli araşdırmasını tələb edəcəyik. Biz görürük ki, silsilə təxribatlar var və bunun hamısının arxasında Netanyahu durur. O, regionu alovlandırmaqla özünün siyasi ömrünü daxildə uzatmaq istəyir.

Netanyahu, hətta korrupsiyada və dələduzluqda ittiham edilir. Bütün bunlar göstərir ki, Netanyahu İsrail xalqı üçün deyil, özü üçün çalışır. Xarici siyasətdə dağıdıcılıqla o daxildə nüfuz qazanmaq istəyir. Guya Livanı, Hizbullahı, HƏMAS-ı dağıtdı, indi də keçib İrana. Amma indi İran İsrailin şəhərlərini vurur, ölən və yaralananların sayı kifayət qədər çoxdur. Ona görə də Netanyahu hökuməti informasiya azadlığına ciddi qadağalar qoyub. Bu qənaətlər bizə çoxlu ipucları verir".

Dəniz NƏSİRLİ

Seçilən
2
baki-xeber.com

1Mənbələr