İsrailin əsas hədəfi İranın ali dini lideri Əli Xameneini aradan götürməkdir. Lakin bu, göründüyü qədər asan məsələ deyil. İran rəhbərinin mühafizəsi olduqca məxfi və ciddi sistem üzərində qurulub. Bu işin arxasında isə çox güclü bir fiqur dayanır.
Musavat.com xəbər verir ki, siyasi şərhçi Zeynal Əmrəliyev bu barədə açıqlamasında maraqlı detalları bölüşüb. Onun sözlərinə görə, Xameneinin şəxsi mühafizəsini və təhlükəsizliyini təmin edən əsas fiqur İranın Mərkəzi Kəşfiyyat naziri İsmayıl Xətibdir. O, İran kəşfiyyatının və SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) əsas qurucularından biri sayılır və bu strukturun dərin dövlət aparatındakı nüfuzu böyükdür.
“İsmayıl Xətib Xameneinin təhlükəsizliyinə birbaşa cavabdeh olan şəxsdir. Onun mühafizəsi o qədər məxfidir ki, bu barədə Xameneinin oğlu Müctəba belə ətraflı məlumatlı deyil. İranda bu sistemi bilən bir və ya iki nəfər var. Xətibin özü isə 64 yaşındadır və Məşhəd klanına bağlı fiqur hesab olunur. 2009-cu ildəki ‘Yaşıl İnqilab’ın yatırılmasında əsas rol oynayıb”, – deyə Əmrəliyev qeyd edib.
Analitikin fikrincə, İsrailin məqsədi təkcə Xameneini yox, onun təhlükəsizlik şəbəkəsini idarə edənləri də sıradan çıxarmaq ola bilər. Bu mənada İsmayıl Xətib potensial hədəflərdən biridir. Lakin onu aradan götürmək heç də asan məsələ deyil:
“İsmayıl Xətibin İran dini elitasında mövqeyi yüksəkdir. O, illərlə Qum şəhərinin kəşfiyyatına rəhbərlik edib, İmam Rza məqbərəsinin təhlükəsizliyini təmin edib. Onun Ayətullah Fazil Lənkərani, Məkarim Şirazi və Müctəba Tehrani kimi nüfuzlu şəxslərin tələbəsi olması da dini dairələrdə nüfuzunu artırır. Bu səbəbdən, Mossad üçün onu hədəfə almaq strateji baxımdan həm böyük risk, həm də böyük qazancla nəticələnə bilər”.
Zeynal Əmrəliyev əlavə edib ki, Xətib Qasım Süleymani ilə rəqib mövqedə dayanıb. Süleymaninin ölümündən sonra SEPAH daxilində güc balansı dəyişib və Xətib-Möhsün Rzayi tandemi güclənib. Bu da onun siyasi çəkisinin daha da artmasına səbəb olub.
“Mossad bu fiquru sıradan çıxarmaqla yalnız Xameneinin təhlükəsizliyini deyil, həm də İranın dərin dövlət aparatını zəiflətmək istəyə bilər. Ancaq bu addım bölgədə böyük siyasi təlatümlərə yol aça bilər və İsrailin özü üçün də risklidir”, – deyə ekspert fikrini yekunlaşdırıb.
Afaq,
Musavat.com