AZ

"NATO qalxanının çatları: Britaniyadan xəbərdarlıq və gələcək müharibəyə hazırlıq çağırışı" - "Politico"

"Ukrayna savaşı hərbi texnologiyalara baxışı dəyişib, lakin NATO dövlətləri hələ də gələcək münaqişəyə tam hazır deyil..."
 
Böyük Britaniyada müdafiə sahəsindəki aparıcı mütəxəssislər NATO müttəfiqlərinin genişmiqyaslı müharibəyə hələ də hazır olmadığını bəyan edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
Nəşr yazır ki, Britaniya hökumətinin strateji müdafiə icmalında müasir hərbi texnologiyalara keçidin çox ləng getdiyi vurğulanır.
 
Bu icmal, yəni Strateji Müdafiə Rəyi (SDR) ölkənin qarşılaşa biləcəyi ən ciddi təhdidlərin müstəqil qiymətləndirilməsidir. Hesabatda Böyük Britaniyanın müasir hərbi imkanlara, uzaqmənzilli silahlara və sursat ehtiyatına böyük həcmdə sərmayə yatırmalı olduğu qeyd edilir. Məqsəd - gələcək müharibələrə "hazır döyüş vəziyyəti"ndə daxil olmaqdır.
 
Lakin baş nazir Kir Starmer hərbi büdcənin ÜDM-in 3 faizinə qədər artırılması ilə bağlı konkret tarix müəyyənləşdirməkdən boyun qaçırıb. Mütəxəssislər isə bu rəqəmi minimum zəruri hədd hesab edir.
 
Ukrayna müharibəsi: Texnoloji sınaq meydanı
 
Strateji rəydə iştirak edən müstəqil ekspertlərdən biri, təhlükəsizlik sahəsində startap investoru və keçmiş baş nazir Toni Bleyerin müşaviri olmuş Qreys Kessi hesab edir ki, Ukrayna müharibəsi hərbi texnologiyaların döyüş şəraitində necə işlədiyinə dair ciddi dərslər verib.
 
Onun sözlərinə görə, həm Rusiya, həm də Ukrayna sürətlə dronlardan, sensorlardan və siqnal bloklama sistemlərindən istifadə etməyə keçib. Qeyd olunur ki, Ukrayna texnoloji baxımdan daha zəif vəziyyətdə başlasa da, Moskvadan daha çevik davranıb. Rusiya isə sanksiyalar səbəbindən istədiyi texnologiyaları əldə edə bilməyib.
 
"İnnovasiya dövrləri çox qısadır - bu, birgünlük üstünlüyün həftəyə belə davam edə bilmədiyi bir müharibədir", - Kessi bildirib.
 
NATO içində köhnə reflekslər və lənglik
 
Kessi Böyük Britaniyanın silah və texnika alışı proseslərinin ləngliyini, riskə qarşı həddindən artıq ehtiyatlı yanaşmanı və bir neçə böyük müdafiə şirkətindən asılılığı ciddi problemlər kimi göstərib. SDR tövsiyə edir ki, yeni texnologiyalar ən geci 3 ay ərzində istifadəyə verilə bilsin, çünki müasir müharibə bu tempdə işləyir.
 
Kessi xəbərdarlıq edir: "Səhəri gün hərbi xərcləri 5 faizə qədər artırsanız belə, köhnə düşüncə ilə bu pulları səmərəli xərcləyə bilməzsiniz. NATO olaraq - təkcə Böyük Britaniya yox, bütün müttəfiqlər  dəyişməliyik".
 
Onun fikrincə, NATO hazırda yalnız açıq hərbi toqquşmaya deyil, həm də "boz zona" adlandırılan, yəni rəsmi müharibə elan olunmadan baş verən kiberhücumlara, informasiya müharibələrinə və infrastruktura qarşı yönəlmiş təhdidlərə qarşı ciddi tədbirlər görməlidir.
 
NATO-nun Şərq cinahı hərəkətə keçir 
 
NATO baş katibi Mark Rutte də yaxın günlərdə bildirib ki, Rusiya 5 il ərzində Alyansa qarşı hərbi güc tətbiq edə bilər. Bu xəbərdarlıqdan sonra, NATO-nun Şərq cinahında yerləşən ölkələr - Baltikyanı dövlətlər, Polşa, Rumıniya fövqəladə hallar üçün xəstəxana protokollarını yenidən işləyir, təlimlər keçirir, zirehli dəbilqələr və jiletlər alır, əməliyyat otaqlarını yeraltına köçürür.
 
Bu, sadəcə ehtimal üzərində qurulmuş ssenari deyil - Qərbin hərbi rəhbərliyi müharibənin real təhlükəyə çevrildiyini etiraf edir. Və bu vəziyyətdə NATO dövlətlərindən yalnız büdcə artırmaq yox, həm də döyüşə texnoloji və struktur baxımından hazır olmaq tələb olunur.
Seçilən
31
moderator.az

1Mənbələr