AZ

Türkiyə parlamenti İsrailin hücumlarını pislədi

BAKI, 18 iyun. TELEQRAF

Türkiyə parlamenti İsrailin İrana qarşı hücumlarını pisləyən qətnamə qəbul edib.

Teleqraf xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun imzaladığı qətnamədə qeyd olunur:

“Biz Türkiyə Böyük Millət Məclisi olaraq İsrailin uzun illərdir ki, qanunsuz, soyqırımı siyasətinin bütün dünyanı təhdid etdiyini həssaslıqla izləyirik. Qəzzada on minlərlə günahsız insanın qətliamına səbəb olan hücumlardan sonra İrana edilən hücumlar İsrail rəhbərliyinin bütövlükdə regional sülhü hədəfləyən münaqişə strategiyası həyata keçirdiyini açıq şəkildə ortaya qoyur.

On illərdir davam edən işğal, sistematik zülm və ayrı-seçkilik ilə yanaşı, hazırda soyqırımla mübarizə aparan və yardım ala bilmədiyi üçün aclıqla sınağa çəkilən Fələstin xalqı varlıq mübarizəsini davam etdirir. İsrail hökuməti və ordusu yardım üçün növbə gözləyən mülki vətəndaşları və uşaqları hədəf alaraq insanlığa qarşı cinayətlər kateqoriyasına daxil olan əməllərinə daha bir ağır cinayət əlavə edib.

Digər tərəfdən, İsrailin İrana hücumları regionda gərginliyi artırır. Bu hücum davam edən beynəlxalq əməkdaşlıq və nüvə danışıqları prosesinə qarşı təxribat və təhdidedici addımdır.İsrailin regional müharibənin səbəbkarı olduğu açıq şəkildə görünür.

İsrailin Suriya, Livan və Yəməndə, eləcə də Fələstində davam edən hücumları Netanyahu hökumətinin münaqişəni yaymaq niyyətinin əks etdirir. Bu prosesdə Türkiyə Böyük Millət Məclisi bölgəmizdəki bütün günahsız xalqların yanında, müharibə və İsrail qırğınlarına qarşıdır" - deyə, qətnamədə qeyd olunur.

Türkiyə parlamenti inanır ki, Netanyahu və bəzi hökumət üzvlərinə qarşı beynəlxalq məhkəmələrdə davam edən hüquqi proseslər bu administrasiyanı soyqırımı hökuməti kimi qeydə alacaq.

Seçilən
12
teleqraf.com

1Mənbələr