AZ

“Yarımfinalda İrana qalib gəldik, finalda rəqibimiz Türkiyə olacaq” – İsrailli jurnalistdən tərbiyəsiz açıqlama

Musavat.com xəbər verir ki, israilli jurnalist və keçmiş futbolçu Eyal Berkoviçin səsləndirdiyi başlıqdakı fikirlər regionda cərəyan edən geosiyasi gərginliyi açıq şəkildə ifadə edən, lakin diplomatik çərçivədən uzaq, məsuliyyətsiz bir ritorikadır. Berkoviçin “yarımfinal” və “final” kimi ifadələrlə bölgədəki müharibə və qarşıdurmaları bir futbol turnirinə bənzətməsi, xüsusilə də bu cür faciəvi bir məqamda, tənqid və hiddətlə qarşılanıb.

Jurnalist “yarımfinalda İrana qalib gəldik, indi finalda Türkiyə ilə qarşılaşacağıq” deməklə, faktiki olaraq İsrailin növbəti hədəfinin hansı ölkə olduğunu eyhamla, hətta açıq şəkildə bildirmiş olur. Bu bəyanat rəsmi Tel-Əvivin deyil, ancaq israilli ictimai şəxslərin düşüncə kodlarını ortaya qoyması baxımından önəmli və diqqətçəkicidir.

Müşahidəçilər bu açıqlamanın arxasında gizli bir mesajın – İsrailin regionda yalnız İranla deyil, Türkiyə ilə də qarşıdurma ehtimalını da gündəmdə saxladığının – dayanma ehtimalını istisna etmirlər.

Lakin bu kontekstdə vurğulanmalıdır ki, Türkiyə nə İran, nə Fələstin, nə də başqa bir ölkədir. Qəhrəman türk milləti və onun mübariz ordusu, tarix boyu düşmənə qarşı güclü müqavimət göstərib. İsrailin bu tipli arzuları bu dəfə də öz gözündə qalacaq. Zira Ankara, regionda baş verən hadisələrə daim prinsipial və sərt mövqe sərgiləyib, mülki əhaliyə qarşı istənilən zorakılığı pisləyib.

Musavat.com bildirir ki, sosial şəbəkələrdə və bəzi analitik dairələrdə bu açıqlamaya qarşı sərt reaksiyalar verilməkdədir. Bu həm də bir daha göstərir ki, Yaxın Şərqdə sülhə aparan yol yalnız dialoq və qarşılıqlı anlaşmadan keçir – “yarımfinal”, “final” anlayışları isə yalnız futbolda keçərlidir, insan həyatının qiymətləndirilməsində yox.

 

R.Abbasov,
Musavat.com

Seçilən
23
1
musavat.com

10Mənbələr