AZ

Qərbi Azərbaycan Xronikası: Aşağı və Yuxarı Qaraqala kəndləri niyə ləğv edilib?

ain.az bildirir, Oxu.az portalına istinadən.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Aşağı və Yuxarı Qaraqala kəndləri niyə ləğv edilib?" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Qarabağlar, Aşağı Qaraqala, Aşağı Qaranlıq toponimi haqqında söz açılıb.

Bildirilib ki, Qərbi Azərbaycan ərazisi zaman-zaman erməni işğalına, insanları tarixi etnik vətənlərindən deportasiyaya məruz qalıb, coğrafi məkanları isə yadlaşdırılıb.

Aşağı Qarabağlar - Vedibasar mahalının Vedi, sonralar Ararat adlandırılan rayonda kənd adıdır. 1950-ci ildə indiki Ermənistan ərazisində mövcud olan Qarabağlar rayonu ləğv ediləndən sonra ərazisi Vedi rayonunun tabeliyinə verilib. Kənddə 1873-cü ildən yaşayan azərbaycanlılar 1918-1919-cu illərdə qırğınlarla qovulublar və Türkiyədən köçürülən ermənilər burada yerləşdiriliblər. 1920-ci ildə azərbaycanlılar geri qayıtsalar da, 1948-1953-cü illərdə onlar yenidən zorla tarixi-etnik torpaqlarından çıxarılıb. 1918-1920-ci illərdə kəndin adı dəyişdirilib Çimənkənd, 1978-ci ildə isə Uradzadzor qoyulub.

Aşağı Qaraqala - Loru mahalının Vorontsovka, sonralar Kalinino adlandırılan rayonda kənd olub. 1930-cu ildən sonra rayonun Yuxarı Qaraqala kəndi ilə birləşdirilərək Qaraqala kəndi yaradılıb. 1937-ci ilədək, yəni Kalinino rayonunun yaranmasına kimi Cəlaloğlu/ Stepanavan rayonunun tərkibində olub.

Aşağı Qaranlıq - Göyçə mahalının Qaranlıq, sonralar Martuni adlandırılan rayonun mərkəzi olub. 1939-cu ilin sentyabrın 9-da rayon kimi yaradılıb. 1963-cü ildən şəhər tipli qəsəbədir. Adı 1926-cı ildə dəyişdirilib Martuni qoyulub.

Sonda vurğulanır ki, yaşadığımız bölgəyə süni yerləşdirilən köçəri ermənilər müxtəlif vaxtlarda azərbaycanlılara məxsus yer, insan adlarını mənimsəməyə çalışıblar: "Lakin hayların bu daşnak siyasəti zaman-zaman fiaskoya uğrayıb, bəd niyyətləri puça çıxıb. Təbii ki, xəyallarının qurbanına çevrilən ermənilər bu gün də qondarma arzularının girdabına düşüblər".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Qərbi Azərbaycan Xronikası: Aşağı və Yuxarı Qaraqala kəndləri niyə ləğv edilib?

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
2
oxu.az

3Mənbələr