London, 18 iyun, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə yeni sərt tədbirlər görüləcəyini açıqlayıb.
AZƏRTAC “Independent”ə istinadla xəbər verir ki, Baş nazir qanunsuz miqrantların geri qəbuluna dair razılaşmaları imzalamaqdan imtina edən ölkələrin vətəndaşlarına verilən vizaların məhdudlaşdırılacağını bildirib.
Bu barədə qərar Kanadada keçirilən G7 sammitində Fransa Prezidenti Emmanuel Makron, İtaliya Baş naziri Ciorcia Meloni və Almaniya Kansleri Fridrix Mertslə keçirilən danışıqlardan sonra elan olunub. Baş nazirin Makronla görüşünün yekunlarına dair açıqlamada La-Manş boğazı üzərindən qayıqlarla miqrasiyanın qarşısını almaq üçün innovativ yanaşmaların müzakirə edildiyi bildirilib.
Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ilin əvvəlindən 16 545 nəfər kiçik qayıqlarla La-Manşı keçərək ölkəyə daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz artım deməkdir və 2022-ci ildəki rekord göstəricidən də yüksəkdir.
Jurnalistlərə açıqlama verən Kir Starmer bildirib ki, innovativ yanaşmalar üzərində işlər gedir: “Mövcud alətlərimizi gücləndirməli və daha irəli gedərək əlavə tədbirləri nəzərdən keçirməliyik. Bu istiqamətdə xüsusilə Fransa ilə sıx əməkdaşlıq aparırıq”,- deyə hökumət başçısı qeyd edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London