AZ

Azərbaycanda hamilə qadınlara hansı GÜZƏŞTLƏR EDİLİR? – ARAŞDIRMA

Dünyada hamilə qadınlar üçün doğuma qədər və yaxud doğumdan sonra bir sıra sosial güzəştlər tətbiq olunur. Məsələn, İsveçdə doğumdan əvvəl 60 gün məzuniyyət götürmək olar.

Türkiyədə doğumdan  8 həftə öncə məzuniyyət verilir və qadın maaşın 66.7%-ini alır.

Ümumiyyətlə,  inkişaf etmiş ölkələrdə hamilə qadınlar üçün gündüz növbəsi, iş saatının azaldılması, işdən çıxarılma qadağası, uşaq əmizdirmə fasilələri qanunla qorunur.

Bəs bizim ölkəmizdə necədir? Hamilə qadınlar hansı güzəştlərdən yararlana bilir?

Azərbaycanda hamilə qadınlara verilən güzəştlərin böyük əksəriyyəti yalnız iş və sosial sığorta sahəsini əhatə edir. Bu güzəştlər Azərbaycan  Respublikasının Əmək Məcəlləsi, "Sosial Sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu və "Əhalinin sağlamlığının Qorunması haqqında" qanunda qeyd olunub.

Əmək Məcəlləsinə əsasən Azərbaycanda hamilə qadına doğuşdan əvvəl 70 gün məzuniyyət verilir.

"Əhalinin Sağlamlığının Qorunması haqqında" qanunda isə bildirilir ki, işçi hamilədirsə, tibbi müayinələrə getmək üçün iş vaxtından azad olunma hüququna malikdir.

Qeyd edək ki, hamilə və 3 yaşadək uşağı olan qadınlar gecə növbəsinə, ezamiyyətə və bayram günlərində işə yalnız yazılı razılıqla və həkim rəyi ilə cəlb edilə bilər. Hamilə qadınlar üçün iş şəraiti yüngülləşdirilməlidir. Ancaq bu yüngülləşdirmə qarşılığında maaş azaldıla bilməz.

Həmçinin, gündəlik və həftəlik iş saatı azaldılır. Hamilələr və 1.5 yaşa qədər uşağı olan qadınlar üçün həftəlik maksimum 36 saatdır.

Hamilə qadınlara  işə qəbul zamanı sınaq müddəti tətbiq edilmir. Onların və ya 3 yaşadək uşağı olan qadınların işdən çıxarılması qadağandır.

Azərbaycanda hamilə və ya 3 yaşadək uşağı olan qadınlarla əmək müqaviləsi bağlamaqdan imtina etmək olmaz. Əgər imtina edilirsə, qadın yazılı əsas tələb edə və hüququnu məhkəmədə müdafiə edə bilər.

Əməkhaqqı məsələsinə gəldikdə isə, Azərbaycanda qadın analıq məzuniyyəti dövründə maaşının 100%-ni alır, amma bu ödəniş birbaşa işəgötürən tərəfindən deyil, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçirilir.

Nəzrin Mirzəyeva, Bizim.Media

Seçilən
1
3
bizim.media

4Mənbələr