AZ

BDU “Times Higher Education” reytinqində TOP-600-də qərarlaşıb


Bakı Dövlət Universiteti (BDU) dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) agentliyinin açıqladığı “Impact Rankings 2025” nəticələrinə əsasən qlobal miqyasda ilk 600 universitet arasında qərarlaşaraq 401–600 diapazonunda yer alıb. Baki-xeber.comxəbər verir ki, bu, Universitetin ötənilki 1001–1500 diapazonundakı mövqeyi ilə müqayisədə əhəmiyyətli yüksəlişini nümayiş etdirir.

Dünyanın nüfuzlu 2318 ali təhsil müəssisəsinin yer ala bildiyi reytinqdə BDU bu il 15 Dayanıqlı İnkişaf Məqsədi (DİM) üzrə qərarlaşaraq, ötənilki 9 DİM göstəricisi ilə müqayisədə ciddi irəliləyişə nail olub.
BDU-nun ümumi nəticə göstəricisi 35% artaraq, 53.2-dən 71.8-ə yüksəlib, bu isə Universitetin dayanıqlı inkişaf sahəsində atdığı addımların və həyata keçirdiyi islahatların nəticəsidir.
BDU 4 Dayanıqlı İnkişaf Məqsədi – “Yoxsulluğa son” (DİM 1), “Keyfiyyətli təhsil” (DİM 4), “Gender bərabərliyi” (DİM 5) və “Bərabərsizliyin azaldılması” (DİM 10) üzrə qlobal miqyasda TOP-100 nüfuzlu universitet arasında yer alıb. Bundan əlavə, Universitet “Torpaq ekosisteminin mühafizəsi” (DİM 15) və “Sülh, ədalət və səmərəli institutlar” (DİM 16) üzrə 101–200 aralığında qərarlaşıb. Habelə, “Aclığa son” (DİM 2), “Təmiz su və sanitariya” (DİM 6), “Layiqli əmək və iqtisadi artım” (DİM 8), “Dəniz ekosisteminin mühafizəsi” (DİM 14) üzrə 201–300 diapazonunda mövqe tutub.
Məlumat üçün bildirək ki, “THE Impact Rankings” reytinq siyahısı THE tərəfindən hazırlanmış və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsasında dünyanın ali təhsil müəssisələrinin sosial, iqtisadi və ekoloji sahələrdəki töhfəsini ölçən qlobal reytinq sistemidir. Bu reytinq universitetlərin tədqiqat fəaliyyəti, idarəetmə siyasətləri, sosial təsiri və ictimai öhdəliklərini obyektiv meyarlarla qiymətləndirməklə onların dayanıqlı inkişafa verdiyi dəstəyi əks etdirir.
Bu nailiyyət BDU-nun qlobal səviyyədə artan nüfuzunu və Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyini nümayiş etdirir. Reytinqdəki bu ciddi irəliləyiş Universitetin sosial məsuliyyət, ətraf mühitin mühafizəsi, inklüziv təhsil və bərabər imkanların təmin olunması sahələrində göstərdiyi sistemli və nəticəyönümlü fəaliyyətin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir. Bu, eyni zamanda, BDU-nun beynəlxalq əməkdaşlıqlar üçün daha cəlbedici tərəfdaş olmasına və qlobal akademik arenada rəqabət qabiliyyətliliyinin artmasına töhfə verir.
Günel CƏLİLOVA

Seçilən
32
baki-xeber.com

1Mənbələr