17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, icra hakimiyyətinin məsul əməkdaşları, rayonun tibb müəssisələrinin rəhbərləri və tibbi personal iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Süleyman Mikayılov səhiyyə sahəsində çalışan bütün tibb işçilərini peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik etmiş, onların fədakar əməyini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən, 17 iyun — Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk Səhiyyə Nazirliyinin yaradıldığı gün — ölkəmizdə tibb işçilərinin peşə bayramı kimi qeyd olunur.
Çıxışda qeyd olunmuşdur ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə səhiyyə sahəsində geniş islahatlar aparılır, müasir tibb mərkəzləri istifadəyə verilir, mövcud müəssisələr yenidən qurularaq ən son tibbi avadanlıqlarla təchiz olunur. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin artırılması, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi hər zaman prioritet istiqamətlərdən biri olmuşdur.
Tədbirdə vurğulanmışdır ki, ixtisasca həkim olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səhiyyə işçilərinə daim xüsusi qayğı ilə yanaşması və onların əməyinə verdiyi yüksək qiymət tibbi ictimaiyyət tərəfindən dərin minnətdarlıqla qarşılanır.
Tədbirdə səhiyyə sahəsində fərqlənən bir qrup tibb işçisi Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur.
Sonda tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür etmiş, xalqın sağlamlığının keşiyində dayanmağın hər bir tibb işçisi üçün böyük şərəf və məsuliyyət olduğunu bildirmişdir.