AZ

MKİ-nin qulu ...

Rza Pəhləvi – diktatorun oğlu, mühacirətdə böyümüş, heç vaxt xalq tərəfindən seçilməmiş və Qərb xüsusi xidmət orqanlarının layihəsi olan bir fiqur. O, özünü “İranın şahzadəsi” adlandırır, lakin İranda bu titula yalnız istehza ilə yanaşırlar. Vaşinqton və Parisdəki villalarda yaşayan bu adamın “azadlıq” çağırışları Tehranda səssizliklə qarşılanır. Əgər ABŞ-ın İran siyasətində ən zəif bənd axtarılırsa - onun adı Rza Pəhləvidir.

Rza Pəhləvi 1960-cı ildə anadan olub, 1979-cu il inqilabından sonra isə ABŞ-a qaçaraq orada yerləşib. Gəncliyini Amerika aviasiya məktəblərində keçirib və bir daha İrana qayıtmayıb.

1980-ci illərdə o, Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) maliyyə dəstəyi alıb. “The New Yorker” jurnalı və “The Washington Post” qəzeti bu barədə ətraflı yazıblar. ABŞ-ın Virciniya ştatındakı evinin yerləşdiyi ərazi isə MKİ-nin qərargahına çox yaxın idi.

Bu təlxəyin gorbagor atası Məhəmmədrza Pəhləvi İran tarixində repressiyalar, korrupsiya və xalqdan uzaq saray həyatı ilə tanınan diktator olub.

Onun dövründə fəaliyyət göstərən SAVAK 20-ci əsrin ən qəddar gizli polis sistemlərindən biri sayılırdı. Qanunsuz həbs, işgəncə, senzura və qətliamlar onun hakimiyyətinin əsas dayaq sütunları idi.

1978-ci ilin “Qara cümə” günü (8 sentyabr) Tehranda nümayişçilərin üstünə açılan atəş nəticəsində 80-dən çox insan qətlə yetirildi. İran xalqı bu faciəni hələ də unutmur.

İndisə Rza Pəhləvi həmin adla, həmin mirasla siyasətə qayıtmaq istəyir.

Söz yox, Rza Pəhləvi sosial şəbəkələrdə aktivdir - videolar çəkir, xalqa müraciət edir, “inqilab” çağırışları edir. Amma onun çağırışlarına İranda heç kim reaksiya vermir.

“Mitinqə çağırır, 50 nəfər gəlir. Amma “İnstagram”da 1 milyon izləyicisi var – yəqin ki, pulla alınıb”, – bu, təkcə istehza deyil. Bu, onun real nüfuzunun sıfır olduğunu göstərir.

Pəhləvi ailəsi İran xalqından milyardlarla dollar mənimsəyib. Atası tərəfindən yaradılmış “Pahlavi Foundation” adlı “xeyriyyə fondu” əslində Qərbə kapital çıxarmaq üçün istifadə olunurdu.

Manhettendəki mülklər, Avropa banklarındakı hesablar, ofşor şirkətlər – bunların hamısı Pəhləvilərin “xeyriyyəçiliyinin” əsl üzüdür.

Rza Pəhləvinin şəxsi gəlirləri məlum deyil. Amma o, ömrü boyu işləməyib, villalarda yaşayıb və “müxalifət” adından pul toplayıb.

Onun yaratdığı “Ofogh TV”, “Farashgard” və “Strike Fund” kimi təşkilatlar dəfələrlə maliyyə pozuntularına və hesabat verməməyə görə tənqid olunub.

2022-ci ildə Rza Pəhləvi “Həmrəylik Xartiyası” adlı sənəd imzaladı. Qərbdə bunu “oppozisiyanın birləşməsi” kimi təqdim etdilər. Əslində isə bu, siyasi fiqurların içi boş PR nümayişi idi.

Solçular onu Amerika və İsrailin aləti adlandırdılar.

Fars müxalifəti belə onu “taclı zərər” kimi xarakterizə etdi.

Rza Pəhləvi birləşdirici deyil. O, siyasi parçalanmanın simvoludur.

İndi Pəhləvi çıxış edir, Tehrandakı rejimi “məhv edilməli faşist sistem” adlandırır və “İsrailin farsları azad etməli” olduğunu bildirir.

Eyni zamanda, o, ABŞ prezidenti Co Baydeni tənqid edir, Donald Trampın sanksiya və maksimum təzyiq siyasətini tərifləyir. Yəni, o, İrana müharibə və dağıdıcı xarici müdaxilə ilə “demokratiya gətirmək” istəyir.

İran xalqı bu cür ritorikanı nə qəbul edir, nə bağışlayır.

İran çoxmillətli, çoxkonfessiyalı və regional fərqliliklərlə zəngin bir ölkədir. Burada təkcə farslar deyil, azərbaycanlılar, kürdlər, ərəblər, bəluclar, lurlar və başqaları yaşayır.

Belə bir cəmiyyətə köhnəlmiş monarxiya yox, bölgələrin öz hüquqlarına malik olduğu federal sistem lazımdır. Pəhləvi bu gələcəyi təmsil etmir. O, keçmişin faciəli xatirəsidir.

Rza Pəhləvi - nə liderdir, nə viziyon sahibi. O, Qərbin köhnəlmiş layihəsi, reallıqdan qopmuş mühacir, İran xalqının ümidlərini təhqir edən simadır.

Onun çağırışları yalnız sosial şəbəkələrdə səslənir. Onun keçmişi qan və korrupsiya ilə bağlıdır.

Onun gələcəyi isə - yoxdur.

İran xalqı yeni diktator və ya şah istəmir.

Onlar ədalətli, şaxələndirilmiş və demokratik gələcək istəyirlər. Və bu gələcəkdə Rza Pəhləvinin yeri yoxdur.

Seçilən
22
vaxt.az

1Mənbələr