Səhhətində problem olduğu ortaya çıxan çağırışçıya hərbi xidmətə yararlı olduğu bildirilib.
Söhbət Yasamal rayon sakini, 2004-cü il təvəllüdlü Hüseyn Təhməz oğlu Təhməzovdan gedir.
Bizim.Media-ya müraciət edən anası Məlahət Təhməzovanın iddiasına görə oğlu hərbi xidmətə çağırış zamanı bir sıra tibbi problemlərlə qarşılaşıb. Müayinə zamanı xəstənin ritm sinusunun 120 çıxması, yəni ritm pozuntusu (sinus taxikardiya), görmə zəifliyi və ayaqdüzlüyü müəyyən olunub. Bu səbəbdən vətəndaş müxtəlif tibb müəssisələrinə yönləndirilib və üç fərqli yerə arayış təqdim edilib.
Müayinə Respublika Klinik Xəstəxanasında davam etdirilib. Burada Hüseyn Təhməzovun ürək ritminin orta hesabla 95 olduğu qeydə alınıb və ona “taxikardiya” diaqnozu qoyulub. Buna baxmayaraq, yekun sənədlərdə onun “hərbi xidmətə yararlı” olduğu qeyd edilib. Bu qərar ailədə ciddi narahatlıq yaradıb.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov bildirib ki, bu kimi hallarla bağlı məlumat yalnız birbaşa vətəndaşın özünə verilə bilər:
“Fərdi məlumatların ictimailəşdirilməsi qanunvericiliyə ziddir. Bu səbəbdən yalnız vətəndaşın özü bizim rəsmi e-mail ünvanımıza və ya 9100 çağrı mərkəzinə müraciət etməlidir. Sorğu yaradıldıqdan sonra məsələ araşdırılacaq və dəqiq cavab veriləcək”.
Hazırda Hüseyn Təhməzovun ailəsi qərarın yenidən gözdən keçirilməsini və obyektiv tibbi rəyə əsaslanmasını tələb edir.
Maraqlıdır, hansı xəstəliklər hərbi vəzifələrin yerinə yetirilməsinə mane olur?
Bu xəstəliklər sırasına ürək çatışmazlığı, ağır bronxial astma, şəkərli diabet, göz xəstəlikləri, ağır artrit, onurğa xəstəlikləri,xərçəng ,sirroz və s xəstəliklər aiddir.
Həmin xəstəliklərin siyahısı "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin ("Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası" və "Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər"in) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1999-cu ildə qəbul etdiyi 154№-li qərarında yer alıb.
Taxikardiyası olan şəxsin hərbi xidmətə yararlılığına gəlincə...
Bu, taxikardiyanın növünə, səbəbinə, şiddətinə və davamlılığına görə müəyyən olunur. Bu məsələ Azərbaycan Respublikasının "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" və xüsusi Tibbi Şuraların qərarları əsasında qiymətləndirilir.
Yüngül, keçici və funksional taxikardiya:
Müvəqqəti stress, emosional gərginlik, kofein, nikotin, və ya yüngül fiziki aktivlik nəticəsində yaranan taxikardiya adətən xidmətə yararlılığa təsir etmir. Bu halda şəxsin A kateqoriyası ilə (tam yararlı) hərbi xidmətə çağırılması mümkündür.
Daimi və ya klinik cəhətdən əhəmiyyətli taxikardiya:
Əgər taxikardiya ürək-damar sistemində başqa pozğunluqlarla müşayiət olunursa və ya istirahətdə belə nəbz 100-120 və daha yüksəkdirsə, bu, xroniki ürək ritm pozuntusu kimi qiymətləndirilə bilər. Bu zaman B və ya D kateqoriyası verilir (müvəqqəti və ya tam yararsız).
Taxikardiyanın səbəbi başqa ciddi xəstəlikdirsə:
Məsələn, hipertireoz, ürəyin orqanik xəstəlikləri, vegetativ-damar distoniyası, miokardit və s. bu zaman əsas diaqnoz əsasında qərar verilir. Bu cür hallarda şəxs çox zaman hərbi xidmətə yararsız sayılır və ya çağırış təxirə salınır.
Əgər taxikardiya sabit, davamlı və patoloji xarakterlidir, o zaman bu şəxslər əksər hallarda hərbi xidmətə yararsız hesab olunur və "D" kateqoriyası verilir.
Əgər funksional, yüngül və keçici taxikardiyadırsa, şəxs xidmətə yararlı sayılır.
Qeyd edək ki, iyulun 1-dən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılacaq.
Gülər Həsənli, Bizim.Media