Havaların istiləşməsi ilə birlikdə ölkədə ağcaqanadların sayı da kəskin artıb. Xüsusilə axşam saatlarında insanların açıq havada rahatlıqla oturması çətinləşib. Təkcə narahatlıq deyil, bu həşəratlar bir sıra infeksiyaların da daşıyıcısı kimi tanınır və profilaktik tədbirlər görülməzsə, sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
ABŞ-nin Notr-Dam Universitetində çalışan tibbi entomoloq, dosent Li R. Heyns yay aylarında gənə və ağcaqanadların artan təhlükəsinə qarşı əhaliyə vacib xəbərdarlıq edib. O bildirib ki, bu həşəratların aktivliyi havanın istiliyindən birbaşa asılıdır.
Heynsin sözlərinə görə, ağcaqanadların aktivliyi +21,1 dərəcə və daha isti havalarda artır. Hazırda ABŞ-nin Orta Qərb bölgəsində ölümcül viruslar daşıyan ağcaqanadlara rast gəlinməsə də, istilərin artması bu növ tropik həşəratların şimala doğru yayılmasına səbəb ola bilər. Xüsusilə "qaraayaqlı" və ya "maral" gənəsi daha təhlükəli sayılır. Bu gənə növü təxminən üç il yaşayır və həyatının bütün mərhələlərində Laym xəstəliyini insana və heyvanlara ötürə bilir. Müalicə olunmadıqda bu xəstəlik oynaq, ürək və sinir sistemi problemlərinə səbəb ola bilər.
Heyns gənə və ağcaqanadlara qarşı spreylərdən istifadə edilməsini tövsiyə edib: “Effektiv qorunma üçün tərkibində 25-30 faiz DEET olan məhsulları seçin. Bu maddənin qoruyuculuğu 8 saatdan çox davam edə bilər. Alternativ olaraq, 30 faiz limon evkalipt yağı, IR3535 və ya 20 faiz pikaridin tərkibli vasitələr də istifadə oluna bilər. Ancaq bunların tez-tez yenilənməsi lazım ola bilər. Çitronella şamları yandırmaq və ya ventilyatorun qarşısında oturmaq ağcaqanadlardan qorunmağa kömək edə bilər. Ağcaqanadların sevmədiyi bitkilər – limon otu, lavanda və çitronella – istifadə oluna bilər. Lakin bu bitkilər ev heyvanları üçün zərərli ola bilər. Gəzintidən sonra, xüsusilə meşə və hündür otlu sahələrdə olduqda, özünüzü və ev heyvanlarınızı yoxlayın. Ağcaqanadların çoxaldığı yerlərdən – durğun su ətrafından – uzaq durun. Ağ və sarı rəngli geyimlərə üstünlük verin, çünki ağcaqanadlar tünd rəngləri, xüsusilə qara rəngi daha çox cəlbedici hesab edir”.
Qeyd edək ki, mütəxəssislər istilərlə birlikdə bu təhlükələrin daha da aktuallaşdığını vurğulayaraq, sadalanan tədbirlərin ciddi şəkildə tətbiq olunmasının vacibliyini bildirir.

Həkim-terapevt Şahvələd Məmmədovun fikrincə, yay aylarında ağcaqanadların çoxalması təkcə narahatlıq yaratmır, həm də insan sağlamlığı üçün real təhlükə yaradır. Həkim “Sherg.az”a açıqlamasında qeyd edib ki, Azərbaycanda yay mövsümünün isti və rütubətli keçməsi ağcaqanad populyasiyasının sürətlə artmasına şərait yaradır. İsti hava və çirkli su hövzələri ağcaqanadlar üçün “ideal” mühitdir:
“Ağcaqanadların çoxalması həm virus infeksiyalarının yayılmasına, həm də allergik və dermatoloji problemlərin artmasına səbəb ola bilər. Ağcaqanadlar əsasən axşam saatlarında və səhər tezdən aktivləşir. Açıq pəncərələr, rütubətli otaqlar, hovuz ətrafları onların çoxalması üçün ən əlverişli yerlərdir. Həşəratların çoxalmasına münbit şərait yaradacaq amillər aradan qaldırılmalıdır. Ətraf mühitin çirklənməməsi üçün vacib tədbirlər həyata keçirilməlidir.
Təbii ki, binaların, evlərin zirzəmiləri çirkab sularla doludursa, kanalizasiya suları açıq şəkildə axıdılırsa, ağcaqanad da çoxalacaq, başqa ziyanvericilər də. Ola bilsin, ağcaqanadların da geni dəyişib, bizim istifadə etdiyimiz ağcaqanad əleyhinə dərmanlar da keyfiyyətsizdir, ona görə ağcaqanadlardan xilas ola bilmirik”.
Həkim qeyd edib ki, ağcaqanadlarla mübarizədə ilk addım ətraf mühitin təmiz saxlanılmasıdır:
“Otların biçilməsi, arxların təmizlənməsi və su qalan qablara nəzarət olunması ağcaqanadların çoxalmasının qarşısını alır.
Ağcaqanadlardan qorunmaq üçün fərdi qoruyucu vasitələrdən – xüsusən də repelentlərdən istifadə tövsiyə olunur. DEET, IR3535 və ya təbii tərkibli (evkalipt, lavanda, limon otu) spreylər də effektiv sayılır. Eyni zamanda, pəncərə və qapılara torların quraşdırılması, gecə yatarkən isə xüsusi ağcaqanad torlarının istifadəsi məsləhət görülür. Uşaqlar üçün repelent seçərkən onun tərkibinə mütləq diqqət yetirilməli, uşaqlar üçün uyğun dozada olan məhsullar istifadə olunmalıdır”.