AZ

Qarğalar niyə insanlara hücum edir?

Yazını böyüt
Yazını kiçilt

Son illər Rusiyada qarğaların hücumuna məruz qalanların sayı xeyli artıb. Moskva Ətraf Mühitin Mühafizəsi Agentliyinin Biomüxtəlifliyin Monitorinqi Departamentinin baş mütəxəssisi və ornitoloq Daniil Davidov deyib ki, qarğalar insanlara təkcə balalarını qorumaq üçün deyil, bəzən sadəcə əylənmək üçün hücum edə bilərlər.

Hafta.az-ın “Moskviçmaq”a istinadən yazdığına görə, Davidov bu ağıllı quşların təəccüblü davranışlarını təsvir edib. Qarğaların ağıllı və hiyləgər olduğunu deyən Davidov başına gələn hadisəni belə bölüşüb: "Bir dəfə mən quş yemi apararkən bir qarğa bilərəkdən qanadı ilə başıma vurdu. Məqsədi məni yıxıb yemi əlimdən götürmək idi”.

O, bu davranışın qarğaların problem həll etmə bacarıqlarının göstəricisi olduğunu vurğulayıb.

May və iyun aylarının qarğaların çoxalma dövrü olduğunu xatırladan ekspert, balalarını qorumaq instinkti ilə bu dövrdə daha aqressiv ola biləcəklərini bildirib. "Onlar insanları öz balaları üçün potensial təhlükə kimi görə bilərlər" deyib Davidov, lakin əlavə edib ki, hücumlar həmişə müdafiə xarakteri daşımır, bəzən maraq və ya oyunla motivasiya oluna bilər.

Davidov qeyd edib ki, qarğalar mürəkkəb sosial quruluşa malikdirlər və ətraflarında baş verən hadisələri öyrənib yadda saxlaya bilirlər.

O izah edib ki, bu quşlar bəzən sadəcə reaksiya vermək və ya qarşılıqlı əlaqə yaratmaq üçün insanlara yaxınlaşır, hətta bəzi əşyaları oğurlayıb gizlədirlər.

Davidov, Moskva sakinlərinə xüsusilə çoxalma dövründə qarğa yuvalarına çox yaxınlaşmamağı və qəfil hərəkətlərdən çəkinməyi tövsiyə edib.

Seçilən
4
hafta.az

1Mənbələr