İsrail-İran münaqişələri davam etdikcə Rusiyanın Yaxın Şərq siyasətinin necə formalaşacağı maraq doğurur.
Hafta.az-ın yazdığına görə, “The Washington Post”un təhlilində deyilir ki, Kremldəki bəzi qruplar münaqişələrə strateji fürsət kimi baxır.
Münaqişələrin dünyanın diqqətini Ukraynanın işğalından yayındıra biləcəyi və neftin qiymətinin artmasının Rusiyaya iqtisadi fayda verə biləcəyi bildirilir. Həmçinin qeyd olunur ki, Moskva İranla əlaqələrindən münaqişələrə son qoymaq üçün vasitəçilik etmək üçün istifadə edə bilər. Bunun müqabilində ABŞ-ın Ukraynaya dəstəyini azaltması kimi güzəştlər ola biləcəyi qiymətləndirilir.
Qarşılıqlı intiqamlar başlayandan az sonra Rusiya prezidenti Vladimir Putin müharibəni bitirmək üçün vasitəçilik etməyə hazır olduqlarını bildirib. Kremlin sözçüsü Dmitri Peskov da bu gün verdiyi açıqlamada İsrailin sülh yolu ilə həllə meylli olmadığını bildirib və "Gərginlik sürətlə artır. Gözlənilməzlik zirvədədir" deyib. Putinin mesajını təkrarlayan və vasitəçilik etməyə hazır olduqlarını ifadə edən Peskov, həmçinin İrandakı Rusiya vətəndaşlarının Azərbaycanla sərhəd qapısından təxliyyəsi üçün işlərin davam etdiyini bildirib.
Təhlildə Moskvanın İran-İsrail münaqişəsi ilə bağlı narahatlığına da diqqət çəkilir. Yazılır ki, müharibə Tehranda rejim dəyişikliyinə səbəb olarsa, Rusiya anti-Qərb koalisiyasında mühüm müttəfiqini itirə bilər. Belə olan halda, Putin administrasiyasının Yaxın Şərqdəki strateji varlığı da daha da zəifləyə bilər.
Suriyada Bəşər Əsədin devrilməsi ilə Rusiyanın bölgədəki təsiri artıq zəifləyib. Əsəd ölkədən qaçaraq Rusiyaya sığınıb. Bundan əlavə, uzunmüddətli müharibənin Yaxın Şərqdə nüvə silahı yarışına başlaya biləcəyi və bunun Moskvanın siyasətinə zidd olacağı şərh edilir.
Adının çəkilməməsi şərti ilə qəzetə danışan yüksək rütbəli rus diplomatlara yaxın bir alim deyib: “Böhran necə həll olunsa da, ən böyük təhlükə Rusiyanın bölgədəki mövqeyinin risk altında olacağıdır. Netanyahu İrana təzyiq göstərsə və rejim dəyişikliyinə səbəb olarsa, yeni administrasiya nə olursa olsun, dünyəvi və ya dini, hərbi, liberal və ya mühafizəkar olmasından asılı olmayaraq, Moskvaya qarşı indiki rejim qədər müsbət olmayacaq”.