AZ

Kaka: “Dünya futbol tarixinin ən kamil oyunçusu…”

Futbol üzrə Braziliya milli komandasının əfsanəvi oyunçularından Kaka futbol tarixinin ən kamil oyunçusu ilə bağlı qənaətini açıqlayıb.

Arena.az “GiveMeSport” dərgisinə istinadən, Kakanın müvafiq açıqlamasını təqdim edir:

“Dünya çempionatında qalibiyyət heç nəyi dəyişmir. Mən hər şeyi qazanmışam, amma mən tarixdə ən yaxşısı deyiləm. Messi görkəmlidir, amma tarixdə ən kamil oyunçu – Kristiano Ronaldodur”, deyə Kaka vurğulayıb.

Xatırladaq ki, hazırda veteran hücumçular – 40 yaşlı portuqal ulduz Kristiano Ronaldo “Əl-Nəsr”də, 37 yaşlı argentinalı ulduz Lionel Messi isə “İnter Mayami”də çıxış edir.

Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 221 oyuna 138 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Kriş” Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016) və UEFA Millətlər Liqasının (2019, 2025) qalibi olub. Ronaldonun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 5 “Qızıl top”u var.

Lionel Messi isə hazırda kapitanı olduğu, 2005-ci il avqust ayında debüt etdiyi Argentina yığmasının heyətində 193 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

“Leo” Argentina yığmasının heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Messinin qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.

Seçilən
12
arena.az

1Mənbələr