BAKI, 18 iyun. TELEQRAF
Ermənistan parlamentinin sədri Alen Simonyan rusiyalı aparıcı Vladimir Solovyovun canlı efirdə Nikol Paşinyan hökumətinə yönəlik açıqlamalarına münasibət bildirib.
Teleqraf xəbər verir ki, spiker bu barədə sosial şəbəkə hesabında yazıb.
Simonyan Solovyovun Ermənistan hakimiyyəti barədə təhqir və təhdid dolu sözlərini “eybəcərlik və ölkənin daxili işlərinə müdaxilə” adlandırıb.
“Bu, Ermənistan Respublikasının daxili işlərinə birbaşa müdaxilə, ölkə rəhbərliyinə və xalqına qarşı şüurlu şəkildə nifrət və təhqirin təbliğidir. Dövlət telekanalında bu cür hərəkətlər ölkələrimiz arasında münasibətlərə ciddi ziyan vurur, Ermənistan əhalisi arasında isə yalnız dərin ikrah hissi yaradır. Ümid edirəm ki, bu cür hadisələri dəfələrlə müzakirə etdiyimiz rusiyalı həmkarlarım cavab verəcək və erməni cəmiyyəti eyni kanalda, eyni dəbdəbəli “bədii” tərzdə açıq-aşkar üzrxahlıq eşidəcək”, - parlamentin sədri bildirib.