AZ

Qeyri-məsud Pezeşkian – o, Yusif şahın aqibətini yaşaya bilər

Kriminal jarqonla desək, “navodka” vermək kimi çıxmasın, amma İran prezidenti Məsud Pezeşkianın İsrail tərəfindən vurulmaması, hətta hədələnməməsi bir gerçəkdir.

Məsud bəy (siz də hiss edirsinizmi ki, nəsə “ağa” sözü ona yaraşmır) ölkənin prezidentidir, dünya standartları ilə götürsək, İranın de-yure birinci şəxsidir, amma İran standartları ilə baxsaq, həm de-yure, həm də de-fakto ikinci postun sahibidir. Əslində hədəfdə olanlardan biri olmalıydı.

Hərçənd bəyin “de-fakto ikinciliyi” bir az şübhəlidir. Çünki İsrail İranın ikinci, üçüncü, beşinci dərəcəli böyüklərini də hədəfə alıb, amma doktora dəymirlər. Bəlkə də onun yerində başqası olsa, indi qaşqasından vurmuşdular.

Bu, o səbəbdən ola bilər ki, Pezeşkian hakimiyyətə gəldiyi gündən özünü mötədil, mülayim şəxs kimi aparır, sülh çağırışları edir, düşmənə xroniki şəkildə barmaq silkələyənlərdən, hikkəli-hikkəli sərt danışanlardan fərqlənir. (Sərt olanların aqibətini gördünüz).

Düzünə qalsa, mən hələ keçən ildən Məsud həkimdə nəsə bir Yusif Sərrac təbiəti görürəm.

Yusif Sərracın kim olduğunu azərbaycanlı oxucuya xırdalamağa ehtiyac yoxdur. Klassik yazıçı-dramaturqumuz Mirzə Fətəli Axundov “Aldanmış kəvakib” adlı əsərində onun hekayətini yazıb, oxumuşuq. Kim oxumayıbsa, oxusun, peşman olmaz.

Hekayətin qısa məzmunu belədir ki, padşahın başına bəla gələcəyini bilən saray əhli ulduzları aldatmaq üçün Şah Abbası taxt-tacdan kənarlaşdırır, yerinə at yəhəri düzəldib satan sərrac Yusifi şah edirlər ki, bəla onun başına gəlsin.

Ancaq görün, Yusif şah nə edir? Adam özünə komanda yığır, köhnə iqtidarın kadrlarını tutdurub Ərk zindanına saldırır, regionların iqtisadi inkişafna dair proqram həyata keçirir, aztəminatlı ailələrin qayğısına qalır, gündəlik repressiyanı dayandırır və s.

Əsərin həmin hissəsində oxuyuruq: “ İran üçün xoşbəxtlik günləri, şadlıq əyyamı başladı. Qəzvin əhli hər gün qala qapılarından adam şaqqalarını asılmış görmədilər. Şah meydanında cəlladların adam şaqqalamalarını, dardan asmalarını və göz çıxarmalarını müşahidə etmədilər. Bu əhvalat onlara xeyli qəribə göründü. Əvvəl dedilər: - Görünür, bu padşah çox rəhmli, yumşaq təbiətli adamdır!

Sonra onun rəhmli və yumşaqtəbiətli olması haqqında mübahisələr başlandı. Bunu süstrəyliyə və zəifməcazlığa yozdular. Bundan əlavə, dəxi Yusif şahda min cür özgə eyib tapdılar”.

Müşahidə etmisinizsə, Pezeşkian rəhmdil adamdır, edamlara qarşıdır. Amma İranda olduğu kimi, bizim ölkəmizdə də Məsud bəyin şeir deməyini, xalqın qarşısında sadə davranmağını, hikkəli çıxışlar etməməsini yumşaqtəbiətli olmasına yozurlar. Çox keçməz, doktorda “min cür özgə eyib”lər də taparlar.

Qorxasan, İranın vurulmasına görə axırda Məsud həkimi məsul tutalar və adamı işdən çıxaralar. Onsuz da keçən dəfə 10-cu dərəcəli bir məmur şəst addımlarla səhnəyə gəlib ona dedi ki, ana dilində şeir demə, olmaz.

Bizdə də elə olmuşdu, Pezeşkianın axırıncı dəfə Bakıda dediyi bir misranın ucundan tutub çox uzaqlara getmişdilər. O misra beləydi: “Burda bir şir darda qalıb, bağırır”. Bizimkilər deyirdilər, İran prezidentinin bu sözlərinin alt mənası var. Amma iki ayın içində sübut olundu ki, misranın üst mənası daha realdır. Odur, darda qalan İran şiri bağırır, dünya birliyi də qulaq tutur.

Pezeşkianın dilindən səslənən daha bir misra da çox aktualdır: “Ölkəmizdən kim qırıldı, kim qaldı?”
Bu xüsusda dəqiq statistika yoxdur. Daha doğrusu, raketlə evində, işində vurulanların statistikası hər gün dəyişir. (Müəllif özü bilə-bilə “artır” yazmadı, “dəyişir” yaxşıdır, belə yazanda diplomatik olur).

Amma atalar çoxdan deyib ki, biri ölməsə, o biri dirilməz. Vurulan komandanların yerinə yeni generallar təyin edilib. Kim bilir, onlar hələ neçə il komandan müavini vəzifəsində qalacaqdılar, amma şansları gətirdi, qabağa getdilər. Yalnız ona ümid etmək olar ki, İsrail raketləri onların ev ünvanını hələ bilmirlər. Müharibə tez bitsə, o generallar uzun müddət komandan vəzifəsində işləyəcəklər, bitməsə, statistika dəyişəcək.

Arzu edək ki, bu qovğa-mərəkənin sonunda hazırda qeyri-məsud olan Məsud Pezeşkianı taxtından endirməsinlər və o şeir deyə-deyə ölkəsini Şah Abbas dövrünün adət-ənənələrindən qurtarsın.
Şeir deyən liderdən ziyan gəlməz. Yeri getməmişkən, deyim ki, yadımda 35 il öncədən belə misralar da qalıb:

“Zülm bayrağını qaldırıb da siz,
Adına cümhuri-islam dediniz”.

Baxaq, görək bu misraların müəllifini kim tapacaq. Onu ölkədə tanımayan yoxdur.

 

Seçilən
2
musavat.com

1Mənbələr