Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın açılış mərasimində deyib.
Gündüz Kərimov qeyd edib ki, son illərdə Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra islahatlar keçirilib: "Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, 2023-cü ildən etibarən Məhkəmə-Hüquq Şurası əsasən hakimlər tərəfindən formalaşır və Şura hazırda hakimliyin yeganə özünüidarəetmə orqanıdır. Eyni zamanda, məhkəmə-hüquq sistemində növbəti islahatların keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli Fərmanı öz aktuallığını saxlamaqdadır.
Fərmanın preambulasında deyilir ki, müasir dövrün tələblərinə cavab verən, yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları genişləndirilməli, məhkəmə fəaliyyətində şəffaflıq artırılmalı, icraatın effektivliyi yüksəldilməli, qərarların tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün əlavə tədbirlər gücləndirilməlidir. Bu çağırışlar hazırda da Məhkəmə-Hüquq Şurası üçün aktualdır”.
Gündüz Kərimov diqqətə çatdırıb ki, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması qanunçuluq, obyektivlik və qərəzsizlik prinsipləri ilə sıx bağlıdır. Məhkəmə icraatının effektivliyinin yüksəldilməsi isə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, prosedurların səmərəli və effektiv keçirilməsi, qəbul edilmiş qərarların aydın və ağlabatanlığı, qərarı qəbul etmiş hakimin düşüncəsinin və qərarqəbuletmə bacarığının, qərəzliliyinə şübhələrin olmaması ilə dəyərləndirilir.
“Bu gün, sadaladığımız həmin tələblərə cavab verən hakim korpusunun formalaşdırılması vəzifəsi yalnız və yalnız Məhkəmə-Hüquq Şurasının çiyinlərinə düşür. Arzu edirik ki, növbəti illərdə Məhkəmə-Hüquq Şurası məhkəmə icraatının effektivliyinin yüksəldilməsi və ümumən məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması səylərini daha da artırsın. Cəmiyyətin bu etibarını və etimadını saxlamaq üçün mövcud və gələcək hakimlər savadı və biliyi ilə yanaşı, yüksək mənəvi keyfiyyətlərə malik olmalıdırlar. Məhkəmə sistemi kiçik bir ailədir. Özünəməxsus, ayrıca idarə olunan, hətta bəzən qapalı bir ailədir.
Ölkədə hakimlərin sayı 600, 700, 800 ola bilər, bu əsas məsələ deyil. Bu kiçik spesifik ailə dövlətin ən ali sütunlarını qoruyub saxlayır. Onun müstəqilliyi çox önəmlidir. Xüsusilə vurğulamaq istərdim ki, nə qədər ki, məhkəmə sistemində hakimlərin seçimi, təyinatı və vəzifədə irəliləməsi heç bir ideoloji, qohumluq, dostluq və ərazi faktorlarından asılı olmayacaq, o qədər cəmiyyətin, habelə hakimlərin məhkəmə sisteminə müstəqilliyinə inamı artacaq, onun qəbul etdiyi qərarlara etibar möhkəmlənəcək. Bu isə öz növbəsində qəbul edilmiş qərarların təsirinin sayını və keyfiyyətini artıracaq", - deyə Gündüz Kərimov vurğulayıb.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta