AZ

Elnur Bağırov: Ölkəmizdə dövlət satınalmalarının həcmi 1,5 dəfə artıb

Bakı, 18 iyun, AZƏRTAC

Ölkəmizdə dövlət satınalmalarının həcmi son illərdə əhəmiyyətli dərəcədə artıb. 2020-ci ildə 6,5 milyard manat olan ümumi satınalma həcmi 2024-cü ildə 9,8 milyard manata yüksəlib ki, bu da 1,5 dəfə artım deməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ndə deyib.

O bildirib ki, bugünkü konseptdə təşkil olunan sərgilər biznes və dövlət qurumları arasında birbaşa əlaqələrin qurulması və genişlənməsi üçün əlverişli zəmin yaradır.

“Ötən və cari il ərzində agentlik tərəfindən özəl sektorun nümayəndələrinin iştirakı ilə 40-dan çox maarifləndirici görüş keçirilib. Bu görüşlər sahibkarların hüquq və vəzifələri barədə məlumatlılığının artırılması, onlara müvafiq qanunvericiliyin tələblərinin izah olunması, eləcə də mövcud problemlərin operativ həlli yollarının müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edir”,- deyə o vurğulayıb.

 

Seçilən
3
azertag.az

1Mənbələr