BAKI, 18 iyun. TELEQRAF
Azərbaycanda dövlət sirri təşkil edən məlumatların siyahısında dəyişiklik edilir.
Teleqraf xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar (“Lotereyalar haqqında” qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalar, “Bədən tərbiyəsi və idman haqqında” qanunla müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları və “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunla müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla)” dövlət sirri təşkil edən məlumat hesab edilməyəcək.
Mövcud qanunvericiliyə əsasən, qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar dövlət sirri təşkil edən məlumat hesab edilir.
Qeyd edək ki, Azərbaycanda kazino fəaliyyəti 1998-ci il yanvarın 27-də qadağan olunmuşdu. İndi isə Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsinə icazə verilir. Bunun üçün Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik edilir.
Milli Məclisə daxil olan yeni layihəyə əsasən, həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.
Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər.