AZ

“Çin İsraili İrana fəda etməz...”

“İran Çinin əsas enerji mənbələrindən biri kimi tanınır. Bu ölkədə hasil olunan karbohidrogenlərin böyük qismi Hind okeanı vasitəsi ilə Çinə nəql olunur...”
 
“Tehrana qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, Çinin İrandan aldığı neftin dəyəri ildə 50 milyard dolları ötüb
 
“İranda gözlənilən rejim dəyişikliyi Çinin də maraqlarına cavab verir...”
 
Bəzi siyasi şərhçilər, analitiklər iddia edir ki, İsrail-İran savaşı bir neçə həftəyə bitməsə, III Dünya müharibəsinə keçə bilər.  Amma bilirik ki, Dünya savaşı hansısa qütbləşmiş iki müxtəlif ittifaq, blok arasında baş verir. Bəs indiki halda, - İsrail ətrafındakı koalisiya təxmini formalaşıb və məlumdur, - İran ətrafında hansı bloklar formalaşa bilər?..
 
Siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında bildirib ki, son zamanlar dünya dövlətlərinin apardığı mübarizədə bloklar formalaşıb: 
 
“Bir tərəfdə ABŞ və Qərb dünyası, digər tərəfdə isə Çin, Rusiya, Şimali Koreya və İran var. Bu siyasi mübarizə böyük savaşlara çevriləndə üz-üzə gələcəyi gözlənilən dövlətlər də eyni olacaq. Sözsüz ki, bu bloklar II və I Dünya müharibələrində olduğu kimi möhkəm deyillər. Tərəflər dünya ağalığı uğrunda mübarizə apardıqlarından yeni fürsətlər görüncə, səf dəyişdirəcəklər. Necə ki, Ukrayna savaşında İranla eyni cəbhədə dayanan Rusiyanın artıq köhnə müttəfiqini tərk edib ABŞ-la əməkdaşlığa başladığı barədə məlumatlar dolaşır. Eynilə Qərb cəbhəsində də Fransa ilə ABŞ-ın fərqli mövqelərdən çıxış etdiyini görürük. Xüsusilə son “G-7” zirvəsində Makronla Tramp arasında söz duelinin artıq başlandığı bildirilir. İran və Ukrayna kimi zəif dövlətlər blok zəncirinin kövrək həlqəsini təşkil etdiyindən istənilən an hərraca çıxarılacaq tərəflərdir. Dünən onu Rusiya Ukrayna qarşılığında ABŞ-a satdığı kimi, sabah Çin də istədiyi böyük güzəşti qopardıqdan sonra eyni yolu tutacaqdır. Heç bir dövlət yanında zəif həlqə istəmir, sadəcə gərginliyin ona gəlib çatmaması üçün xırda müttəfiqindən güzəşt elementi kimi faydalanmağa çalışır. Üstəlik, xırda müttəfiqlər geopolitik savaşların poliqonlarıdır. Vaxtilə İran Suriyaya, İraqa, Livana hesablaşma poliqonu kimi baxırdısa, indi özü eyni duruma düşüb. Getdikcə, proksi qüvvələrinin böyümə ehtimalı var və yəqin ki, yaxın zamanlarda Şərqi Avropa ölkələrinin poliqona çevriləcəyini görəcəyik. Bu proses yeni dünya düzəni qurulana qədər davam edəcək”. 
 
Heydər Oğuzun fikrincə, Yaxın Şərq cəbhəsində beynəlxalq geo-siyasi müharibə İranda düyünlənib: “Bunun başlıca səbəblərindən biri, bayaq da qeyd etdiyimiz kimi, ABŞ-la Çinin hələ də bəzi məqamlarda razılığa gələ bilməməsidir. Bilirsiniz ki, İran Çinin əsas enerji mənbələrindən biri kimi tanınır. Bu ölkədə hasil olunan karbohidrogenlərin böyük qismi Hind okeanı vasitəsi ilə Çinə nəql olunur. Məlumatlara görə, Çin öz neft ehtiyaclarının 70%-dən çoxunu Malakka boğazı vasitəsilə Yaxın Şərq ölkələrindən alır. İran da onun enerji tədarükü zəncirində mühüm ölkələrdən biridir. Məlumatlara görə, Tehrana qarşı tətbiq edilən sanksiyalara baxmayaraq, Çinin İrandan aldığı neftin dəyəri ildə 50 milyard dolları ötüb. Çin İranla 25 illik strateji əməkdaşlıq müqaviləsinə əməl etmək üçün daha diqqətli olmağa çalışır və Çin üçün İran həm “BRICS”, həm də ŞƏT-də tərəfdaş və strateji dostdur. Bundan əlavə, Çinin “Bir yol - bir kəmər” layihəsində İranın da özünəməxsus rolu ola bilər. İranda başlayan müharibə isə Çinin bu arzusuna da kölgə salır. Nədən ki, bu müharibənin İranın parçalanması ilə nəticələnməsi ehtimalı da istisna olunmur. Parçalanmış İran Çin üçün “Bir yol, bir kəmər” lahiyəsinin mühüm hissəsinin bağlanması anlamına gəlir. Bir tərəfdən neft alışına təsir göstərməsi, digər tərəfdən, parçalanmağa məruz qalan İranın iqtisadi dəhliz özəlliyini itirməsi Çini narahat edir. Onun digər narahatlığı isə müharibənin Hörmüz boğazına sıçraması ehtimalıdır. İran açıq şəkildə müharibə davam edəcəyi təqdirdə dünyanı Hörmüz boğazını bağlamaqla qorxudur. Hörmüz boğazının bağlanması isə Çin sənayesinin çöküşü deməkdir. Məhz bu səbəbdən də Çin İran-İsrail müharibəsində ən çox zərərə uğrayacaq tərəf ola bilər və istər-istəməz hadisələrə müdaxilə etmək məcburiyyətindədir.
 
Bununla belə, İranın mövcud siyasi-ideoloji xarakterini qoruması da Çin üçün əlverişli deyil. Çünki bu xarakter istər-istəməz Yaxın Şərq aləmində məzhəb müharibələrinə yol açır və Çinin əsas tərəfdaşlarını ABŞ-a sığınmağa vadar edir. Odur ki, İranda gözlənilən rejim dəyişikliyi Çinin də maraqlarına cavab verir. Təsadüfi deyil ki, Çin İranla Səudiyyə Ərəbistanı başda olmaqla digər körfəz ölkələrini bir araya gətirib əməkdaşlığa təşviq etmişdi. Amma İran-İsrail müharibəsinin davam etməsi, digər körfəz ölkələrinin ABŞ-ın təşviqi ilə İsrailin yanında yer almaq məcburiyyətində qalması onsuz da zəif olan bu əlaqələri tamamilə ortadan qaldırır, bölgəni yeni müharibələrə sürükləyir. Zənnimcə, ABŞ-ın Xameneini diri tutmağa çalışmasının altında yatan əsl səbəb bununla bağlıdır.
 
Üstəlik, Çinin İsraillə də yaxın əlaqələri var. Dünya finans sistemində mühüm yer tutan yəhudi sərmayəsi və İsrailin ən önəmli geopolitik məkanlardan olan Aralıq dənizi üzərində yerləşməsi Çini istər-istəməz İsraildən asılı vəziyyətdə saxlayır. İsraili qarşısına alması Çin üçün çox ciddi itkilərlə nəticələnə bilər. Odur ki, Çin İsraili İrana fəda etməz və bu məcburiyyət onun istədiyini aldıqdan sonra İranın arxasından çəkilmək zorunda buraxa bilər”. 
 
Bütün bu amilləri nəzərə alan Heydər Oğuz yaxın zamanlarda blokların tərkibinin də dəyişə biləcəyini düşünür: “Hər şey önəmli aktorların sövdələşməsindən asılıdır”.
 
Təqdim etdi: Sultan Laçın
 
Seçilən
2
moderator.az

1Mənbələr