AZ

Paşinyan Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsı saxladı - ŞOK DETALLAR

Azərbaycana qarşı işğalçılıq siyasətini təvşiq edib hərbi cinayətlərdə əli olan və hərbi caniləri, separatçı terrorçuları maliyyələşdirən erməni-rus iş adamı milyarder Samvel Karapetyan tezliklə ədalət məhkəməsində cavab verməli olacaq.

Ölkə.az xəbər verir ki, artıq bu cani də Ermənistan istintaq orqanları tərəfindən saxlanılıb.

Samvel Karapetyan iqtisadi cinayətkarlıq maddələri ilə ititham edilərək saxlanılsa da, bunun arxasında siyasi motivlər dayanır. 

Belə ki, Moskvanın ən yaxın adamlarından hesab edilən Samvel Karapetyan Kremlin “xeyir-duası” ilə Ermənistanda Paşinyan hakimiyyətini devirmək üçün müxalif gücləri maliyyələşdirib onları təşkilatlandırmaqdadır. Məqsəd 2026-cı ildə keçiriləcək seçkilərdə müxalifətin qələbəsini təmin etməkdir.

Samvel Karapetyan özü isə Ermənistanın yeni baş naziri olmaq niyyətindədir.  

Qeyd edək ki, Kreml son illərdə Paşinyan hakimiyyətini devirmək üçün  siyasi müxalifətdən və erməni kilsəsindən istifadə etsə də, bu məqsədinə nail ola bilmədi. Ermənistan cəmiyyəti nə “Qarabağ klanı”nın təmsilçiləri olan Köçəryan-Sərkisyan komandasına, nə digər siyasi müxalifətə, nə də kilsənin hakimiyyəti dəyişmək planına dəstək vermədiyindən Kremlin cəhdləri uğursuz alındı. Ona görə də Kreml yeni sima kimi, həm erməni cəmiyyəti, həm siyasi müxalifəti, həm də kilsənin qüvvələrini bir araya gətirib Ermənistanda hakimiyyət dəyişikliyini həyata keçirməyi milyarder Samvel Karapetyana həvalə edib. Bu məqsədlə də son vaxtlarda kilsə-Paşinyan savaşının dərinləşməsində və kilsənin dirənişini təmin edib hakimiyyətə güc nümayiş etdirilməsində ciddi rol oynayan firurlardan biridir.

Digər tərəfdən Karapetyan erməni müxalifətini, xüsusən də sabiq prezident Robert Köçəryanın lideri olduğu “Ermənistan” parlament fraksiyasına maliyyə dəstəyi verməklə onları aktivləşdirməkdədir. Bu da təsadüfi deyil. Karapetyanla Köçəryan arasındakı isti münasibətlərin tarixi daha dərindir. Bunlar arasında münasibətlər o qədər yaxındır ki, Robert Köçəryan 2020-ci ildə Ermənistanda həbs edilən zaman onun azad edilməsində Karapetyanın müstəsna rolu olub. Belə ki, Karapetyan Köçəryanın azad olunması üçün 2 milyard erməni dramı həcmində girov qoyub. İndi isə borcu qaytarmaq üçün növbə Köçəryandadır. Digər tərəfdən Köçəryan yaxşı anlayır ki, artıq nə özünün, nə komanda yoldaşlarının, nə də ki, oğlunun siyasi olimpin zirvəsinə qalxması mümkündür. Çünki Ermənistan cəmiyyəti onları qəbul etmir və getdikcə də, elektorat bazanı itirməkdədirlər. 

Köçəryan Karapetyanı dəstəkləməklə bir neçə məqsədi güdür. 

Birinicisi, Ermənistanın siyasi həyatında mövcudluğunu qoruyub saxlamaq, ən azından parlamentdə təmsilçiyini təmin etmək; 

İkincisi, Karapetyan planı uğurlu alınarsa, siyasi hakimiyyətdə böyük paya sahib olmaq;

Üçüncüsü, Karapetyanın borcundan çıxıb maddi imkanını əldə etmək.

Karapetyan erməni cəmiyyətinin daha geniş spektrinin dəstəyini almaq üçün “Qarabağ kartı”ndan istifadə etməklə yanaşı, Bakıda ədalət məhkəməsi qarşısında cavab verən Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyana və digər terrorçuların “müdafiəçisi” rolunda çıxış etməkdədir. Karapetyanın adı çəkilən şəxslərlə çox sıx təması olub və işğal dövründə bu separatçı-terrorçulara hərtərəfli dəstək verib. O, Qarabağda separatçı rejimə maliyyə dəstəyi ilə yanaşı, 2013-cü ildə Xankəndidə yeni xəstəxananın tikintisini maliyyələşdirib. 2020-ci ilin oktyabr ayında isə Xankəndidəki doğum evini bərpa edəcəyinə söz verib.

Karapetyan istər 2020-ci il 44 günlük Vətən müharibəsinədək, istərsə də ondan sonrakı dövrdə Qarabağdakı separatçı-terrorçuları silahla təmin edən şəxslərdən biri olub. Hətta 2021-ci ilin aprelində Azərbaycan Baş Prokurorluğu Karapetyana qarşı qanunsuz olaraq Qarabağa silah daşınmasına görə cinayət işi başladıb və beynəlxalq axtarışa verib.

Digər mühüm məqam isə ondan ibarətdir ki, Karapetyan 2022-ci ildə Rusiyanın “İnter RAO” elektrik şirkətinin özəlləşdirməsi nəticəsində “Electric Networks of Armenia” elektrik şirkətini yaradıb və onun sahibidir. Daha sonra zəncirvari sövdələşmələr vasitəsilə şirkət “Tashir Group”un tərkibinə keçib. Ermənistanın energetika sektorunda çox ciddi paya malik olan bu şirkət 1 milyondan çox istehlakçını elektrik enerjisi ilə təmin edir.

Karapetyan 2021-ci ilin sentyabrında Rusiyada sahibi olduğu “Tashir Group”un Ermənistanın enerji sektorunun genişləndirilməsi və modernləşdirilməsi üçün 600 milyon dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb. “Tashir Group”un bundan əlavə olaraq İrəvanda iki böyük ticarət kompleksi, Ermənistan ərazisində isə digər müəssisələri var.  

Ümumilikdə isə “Tashir Group”un tərkibində 200-dən artıq müxtəliftəyinatlı şirkətlər fəaliyyət göstərir.

Bundan əlavə, Karapetyan Rusiyada “Rio” ticarət və əyləncə mərkəzlərinin sahibidir, “Taşir”in tərkibinə daxil olan “Grand Food” şirkəti isə Rusiya Federasiyasının və Ermənistanın 45 şəhərində 142 restoran şəbəkəsini idarə edir.

Bir sözlə, rusiyalı biznesmen Samvel Karapetyanın sərvəti demək olar ki, Ermənistanın dövlət büdcəsinin yarısı ilə müqayisə olunur. “Forbes”in məlumatına görə, Karapetyanın ümumi sərvəti 2025-ci ilin aprelində 3,2 milyard dollar təşkil edib.

Bu isə o deməkdir ki, Karapetyan məqbul hesab edilən mərhələ yetişdiyi zaman həm iqtisadi rıçaqlardan, həm siyasi müxalifət, həm də kilsənin dəstəyindən istifadə emtəklə yeni lider kimi Paşinyan hakimiyyətinə qarşı açıq şəkildə çıxa bilər və bu gözləniləndir. Hazırda isə Karapetyan arxa planda özünü ermənilərin “xilaskarı” rolunda təqdim edərək sırımaqdadır. Bunun üçün ən müxtəlif vasitələrdən istifadə etməkdədir.

Nikol Paşinyan da bunu yaxşı anlayır və ona görə də Kremlin dəstək verdiyi Karapetyanı “tərksilah” yolunu seçməklə qabaqlayıcı addımlar atmaqdadır. 

Paşinyan Rusiyanın ən varlı 50 adamı siyahısında yer alan Karapetyanı həm iqtisadi cinayətlərdə, həm də ölkədə ictimai-siyasi sabitliyi pozmaqda açıq şəkildə ittiham etməkdədir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycana qarşı cinayətlərdə olan şəxslər harada olmasından asılı olmayaraq ədalət məhkəməsi qarşısında cavab verməli olacaq. 

Mürtəza
Ölkə.az

Seçilən
7
olke.az

1Mənbələr