AZ

Erməni kilsəsini Samvel Karapetyanla nə bağlayır? Politoloq

Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Erməni kilsəsinin Samvel Karapetyana yönəlik bu dəstəyi prosesdən baş nazir Nikol Paşinyana qarşı istifadə etmək niyyətilə bağlıdır". 

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə sahibkar Samvel Karapetyanın saxlanılması istiqamətində Ermənistan hökumətinin atdığı addımlara Müqəddəs Eçmiədzin kilsənin etirazını şərh edərkən deyib.

"Paşinyan müsahibəsində qeyd edib ki, Samvel Karapetyanın əməlləri baş naziri gözdən salmağa hesablanıb. Amma Karapetyana qarşı başlanan kampaniya təkcə kilsə hakimiyyəti ilə bağlı deyil. Paşinyan hökuməti əsasən də Ermənistan daxilində proseslərin qızışa biləcəyindən, onun istəmədiyi məcrada gedə biləcəyindən narahatdır. Yəni Karapetyana qarşı başlanan proses də siyasi proseslərin Paşinyanın istədiyi kimi getməsi üçün atılıb", deyə Rüstəm Tağızadə vurğulayıb.

Ekspert qeyd edir ki, son zamanlar Rusiyanın Ermənistan daxilində siyasi proseslərə təsiri müəyyən qədər artıb:

"Ona görə də Paşinyan ehtiyatlı siyasət aparır və hakimiyyətinə qarşı narahatlıq doğura biləcək məqamları, fiqurları neytrallaşdırmağa çalışır".

Kilsəni Karapetyanla bağlayan məsələyə reaksiyasına gəldikdə isə, həmsöhbətimiz düşünür ki, bunlar hamısı əvvəlcədən hesablanmış addımlardır: 

"Karapetyanla kilsəni bağlayan elə bir faktor yoxdur. Sadəcə Karapetyanla bağlı yaşanan hadisələrdən Paşinyana qarşı istifadə etmək fürsəti yarandığından kilsə belə hay-küy qaldırır. Yəni bunlar hamısı Paşinyana qarşı hesablanmış addımlardır. O da bu fonda öz mövqeyini möhkəmləndirmək üçün müəyyən addımlar atır. Karapetyanla bağlı məsələ də həmin addımlardan biridir".

Qeyd edək ki, Ermənistanın Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları erməniəsilli rusiyalı iş adamı, "Taşir" şirkətlər qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı saxlayıb. Karapetyan Ermənistan energetika sektorunda - xüsusilə elektrik şəbəkələrində mühüm paya sahibdir və Kremlə yaxınlığı ilə tanınır. Onun evində xüsusi əməliyyat keçirilib və iki güc strukturu - Milli Təhlükəsizlik Xidməti (MTX) və Daxili İşlər Nazirliyi (DİN) bu prosesdə iştirak edib. 

Bu hadisə ilə bağlı olaraq Müqəddəs Eçmiədzin taxtı bəyanat yayaraq, Karapetyana qarşı yönəlik hərəkətləri siyasi motivli addımlar kimi dəyərlədirib. Kilsənin iddiasına görə, Karapetyana qarşı aparılan kampaniya onun kilsənin mövqeyini dəstəkləməsilə bağlıdır. 

Rüfət Sultan

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
qaynarinfo.az

1Mənbələr