BAKI, 18 iyun. TELEQRAF
Son illər ərzində Orta Dəhliz boyunca yükdaşıma müddəti əhəmiyyətli dərəcədə azaldılıb – 38-53 gündən 19-23 günə endirilib. Bu müddətin 15 günə qədər azaldılması hədəflənir.
Teleqraf xəbər verir ki, bu barədə ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD) və Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) birgə nəşr etdiyi Qazaxıstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi mövzusunda hesabatda qeyd edilib.
Müqayisə üçün qeyd edək ki, Çinlə Avropa arasında dəniz yolu ilə yükdaşımalar 30-45 gün çəkir. Lakin son vaxtlar Qırmızı dənizdə baş verən pozuntular bu marşrut üzrə nəqliyyat müddətinin artmasına səbəb olub.
Məlumata görə, 2030-cu ilə qədər dəhliz boyunca illik yükdaşıma həcminin 10 milyon tona çatdırılması hədəflənir. Bu məqsədə Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə üzrə infrastrukturun inkişafı, gömrük prosedurlarının uyğunlaşdırılması və logistika sahəsində əlaqələndirmənin davamlı şəkildə gücləndirilməsi ilə nail olunması planlaşdırılır.