AZ

Qarabağın mədəni irsi və Ədəbiyyat Muzeyinin Qarabağ filialı insan hüquqları kontekstində elmi sessiya

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də “İnsan Hüquqları Aylığı” çərçivəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Qarabağın mədəni irsi və Ədəbiyyat Muzeyinin Qarabağ filialı insan hüquqları kontekstində” mövzusunda elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, elmi sessiyanı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov açıb. Akademik “Qarabağ savaşının ən böyük qurbanı – mədəni irsimiz” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə Ədəbiyyat Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialının elmi işçisi Rəhman Baxşəliyev “Qarabağın mədəni irsi – tarixi-memarlıq abidələri” adlı məruzə ilə çıxış edib. Məruzəçi XVIII əsrin ortalarında Pənahəli xan Cavanşir tərəfindən yaradılmış Qarabağ xanlığından bəhs edərək Bayat qalası, Şahbulaq və Əsgəran qalalarından, Pənahabad qalasının tikilmə tarixindən söz açıb. Elmi işçi arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi mədəniyyət nümunələrinin Azərbaycanın bu bölgədəki qədim mədəniyyətini, iqtisadi, ictimai və mədəni tarixini hərtərəfli əks etdirdiyini bildirib. O, “Böyük Qayıdış” proqramı çərçivəsində Şuşanın zəngin mədəni irsinin dirçəldilməsindən bəhs edib.

Sonra Qarabağ filialının kiçik elmi işçisi Məhsəti Əhmədova “XIX əsr Qarabağ ədəbi məclisləri zənginliyi ilə seçilən mədəni irsimizdir” mövzusunda çıxış edib. Məhsəti Əhmədova Azərbaycan xalqının tarixində dönüş əsri olan XIX əsrin müasir ədəbiyyatımızın əsas xüsusiyyətlərini səciyyələndirən cəhətlərin yaranması üçün bilavasitə təməl olduğunu qeyd edib. Məruzəçi həmin dövr ədəbiyyatımızın inkişafında müsbət rol oynamış görkəmli şair və mütəfəkkirlərin Şuşada bir araya gəldiyi “Məclisi-üns” və “Məclisi-fərəmuşan” ədəbi məclislərindən söz açıb. O bildirib ki, Qarabağ məclisləri təkcə poeziya deyil, həm də ana dilinin və maarifçiliyin təşəkkül tapdığı canlı mədəni ocaqlar olub.

Daha sonra muzeyin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin elmi işçisi Natəvan Bağırova “Qarabağ mədəni irsinin mühafizəsi və zənginləşməsində Ədəbiyyat Muzeyi fondunun rolu” mövzusunda çıxış edib. O, Elmi fondun müxtəlif bölmələrində - əlyazmalar, orijinal foto, incəsənət əsərləri, xatirə əşyaları və s. mühafizə olunan nümunələrdən bəhs edib. Burada Qarabağın ədəbi, mədəni, ictimai xadimlərinin həyat və yaradıcılığını, fəaliyyətini əks etdirən zəngin eksponatların saxlandığını bildirib. Məruzəçi qeyd edib ki, bu nümunələr təkcə tarixi yaddaşımızın bir hissəsi deyil, həm də milli-mənəvi kimliyimizin daşıyıcılarıdır.

Sonra muzeyin Doktorantura və elmi inkişaf şöbəsinin elmi işçisi Rəhilə Sadıqova “Qarabağ mədəni irsinin qorunması və təbliğində Ədəbiyyat Muzeyinin konseptual missiyası” adlı məruzə ilə çıxış edib. Qeyd edib ki, Ədəbiyyat Muzeyinin ekspozisiyası təkcə bədii və mədəni eksponatların sərgiləndiyi məkan deyil, həm də milli-mədəni irsin hüquqi müdafiə predmeti kimi təqdim olunduğu, ictimai şüurun formalaşdırıldığı və kollektiv yaddaşın bərpa olunduğu mühüm elmi-mədəni mərkəzdir.

Tədbirdə “Qarabağ ulduzları” mövzusunda sərgi nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
azertag.az

2Mənbələr