AZ

Genişmiqyaslı hücumlar başladı: Böyük güclərin amansız qarşıdurması alovlanır

İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei İsraillə hərbi münaqişənin yeni mərhələsinin başladığını elan edib. “Döyüş başlayır”, – deyə o, rəsmi bəyanatında bildirib. Bu açıqlama ilə paralel olaraq, Yəməndəki husilər İrana dəstək məqsədilə döyüşə qoşulacaqlarını açıqlayıblar. Şimali Koreya da öz növbəsində Tehrana siyasi dəstəyini ifadə edib. Artıq Yaxın Şərqdə gərginlik yeni mərhələyə qədəm qoyur və bu mərhələdə proseslərin hansı istiqamətdə inkişaf edəcəyi ciddi suallar doğurur:
ABŞ bu müharibəyə birbaşa qoşulacaqmı? İsrail İranda mövcud rejimi devirmək niyyətini gerçəkləşdirə biləcəkmi? Və nəhayət – bu münaqişə lokal xarakterdə qalacaq, yoxsa genişmiqyaslı regional və ya hətta qlobal qarşıdurmaya çevrilə bilərmi?
Moderator.az-a danışan politoloq Natiq Miri bildirib ki, husilərin və Şimali Koreyanın İrana dəstək açıqlamaları əslində praktik təsirdən çox, çəkindirici və simvolik xarakter daşıyır. 
Onun sözlərinə görə, İran tərəfinin verdiyi bütün bəyanatlar da daha çox psixoloji təzyiq yaratmağa, qarşı tərəfi qorxutmağa hesablanıb:
“ Reallıq isə göstərir ki, Tehran müharibənin uzanmasında maraqlı deyil. Çünki cəmi dörd gün ərzində İran, bəlkə də illərlə formalaşdırdığı hərbi potensialının mühüm bir hissəsini itirib. Mövcud məlumatlara əsasən, İranın hərbi infrastrukturunun üçdə birindən çoxu ya sıradan çıxarılıb, ya da ciddi zərər görüb. Həmçinin İranın hava məkanına tam şəkildə İsrail nəzarət edir. Bu isə o deməkdir ki, İsrail istədiyi hərbi obyekti hava hücumundan müdafiə və raket sistemləri ilə qarşılaşmadan, demək olar ki, heç bir risk olmadan vurub məhv edə bilir. Belə şəraitdə İranın sərgilədiyi ritorika real güc nümayişindən çox, qorxu yaratmaq məqsədi daşıyır.
ABŞ-ın müharibəyə qoşulmasını İsrail israrla istəyir və bu istiqamətdə ciddi səylər göstərir. İsrail baş naziri Benyamin Netanyahunun ABŞ-ın keçmiş prezidenti Donald Trampla tez-tez telefon əlaqəsi saxlaması da təsadüfi deyil. Bu əlaqələr bir tərəfdən proseslə bağlı hesabat vermək məqsədi daşıyırsa, digər tərəfdən ABŞ-ın birbaşa münaqişəyə cəlb olunması üçün edilən diplomatik cəhdlərin tərkib hissəsidir. Məlumata görə, bu məsələ artıq ABŞ administrasiyasında ciddi şəkildə müzakirə olunur və dünən də yüksək səviyyəli müzakirələrin predmeti olub.
Səbəblər isə aydındır. İsrailin apardığı intensiv hava hücumlarına baxmayaraq, İranın əsas hədəf obyektləri – xüsusilə də nüvə mərkəzləri – tam olaraq sıradan çıxmayıb. Yerüstü infrastruktura müəyyən ziyan dəysə də, nüvə obyektlərinin dağların altında yerləşən dərinlikdəki əsas hissələri hələlik toxunulmaz qalıb. Bu obyektlərin məhv edilməsi isə yalnız ABŞ-ın arsenalında olan, xüsusi olaraq qalın beton örtükləri dəlib keçmək üçün hazırlanmış bombalarla mümkündür.
Əgər ABŞ bu əməliyyata öz qırıcıları və həmin xüsusi bombalarla qoşularsa, o zaman "Fordo" kimi dərinlikdə yerləşən nüvə obyektlərinin məhv edilməsindən danışmaq real olar. Hələlik bu məsələ ilə bağlı yekun qərar verilməyib. Lakin hadisələrin gedişi göstərir ki, proses ABŞ-ın da münaqişəyə birbaşa cəlb olunması ehtimalını getdikcə gücləndirir. Bu isə regional və qlobal miqyasda vəziyyətin daha da gərginləşməsi riskini artırır”.
 
Politoloq sözünə davam edərək qeyd edib ki, İsrailin İranda mövcud rejimi devirmək kimi bir niyyəti varsa belə, bu, təkcə İsrailin iradəsindən və hərbi imkanlarından asılı olan məsələ deyil. İsrailin hava zərbələri vasitəsilə İranın hərbi bazalarını, raket qurğularını, nüvə obyektlərini, neft anbarlarını və digər strateji infrastrukturunu məhv etməsi mümkündür:
“Bu cür hücumlar ölkədə ciddi iqtisadi və sosial sarsıntılara, narazılıqlara səbəb ola bilər. Lakin rejimin devrilməsi təkcə xarici hərbi təzyiqlə baş vermir. Əgər İran cəmiyyəti, xüsusilə də sadə vətəndaşlar bu rejimə dəstək göstərməyə davam edərsə, o zaman xarici təzyiqlərə baxmayaraq, rejimin devrilməsindən danışmaq real olmaz. Rejimin dəyişməsi üçün iki əsas amilin – xarici hərbi təzyiqin və daxildə genişmiqyaslı ictimai etirazların eyni anda baş verməsi vacibdir. Yalnız bu halda rejimin əsas dayaqları – güc strukturları, iqtisadi təməl və ideoloji dayaqlar – zəifləyib çökə bilər.
Mövcud vəziyyətdə isə bir reallıq artıq özünü göstərir: İran rejimi ciddi şəkildə zəiflədilib. Aparılan hava hücumları, iqtisadi zərbələr və beynəlxalq təzyiqlər rejimin uzun müddət özünü toparlamasını çətinləşdirəcək. Bu proses davamlı olarsa, yaxın illərdə İran hakimiyyətinin əvvəlki gücünü bərpa etməsi real görünmür. Bu isə rejimin daha həssas vəziyyətə düşməsi və gələcəkdə baş verə biləcək sosial etirazlar fonunda onun devrilməsi ehtimalının artması deməkdir. 
 
N.Miri müharibənin nə vaxta qədər  davam edəcəyi ilə bağlı dəqiq proqnoz verməyin  çətin olduğunu diqqətə çatdırıb:
 “Hazırkı vəziyyət onu göstərir ki, ən azından ayın sonuna qədər münaqişənin davam edəcəyi ehtimalı yüksəkdir. Bu, bir neçə əsas faktordan qaynaqlanır. İlk növbədə, İsrail hələlik əsas strateji hədəflərinə – xüsusilə də İranın nüvə obyektlərini tam məhv etməyə – nail olmayıb. İsrailin əsas məqsədi İranın gələcəkdə nüvə silahına sahib olmaq imkanlarını tamamilə aradan qaldırmaqdır. Mövcud hərbi əməliyyatlar çərçivəsində müəyyən obyektlərə zərbə endirilsə də, dağların altında yerləşən və güclü müdafiə ilə qorunan əsas nüvə mərkəzləri hələ də tam zərərsizləşdirilməyib. Bu isə ABŞ-ın hərbi texnologiyasına – xüsusilə də xüsusi bomba və qırıcılarına ehtiyac olduğunu göstərir. Bu səbəbdən əməliyyatların yaxın günlərdə davam etməsi ehtimal olunur. Bu ehtimalı gücləndirən digər bir faktor isə İsrail parlamentinin – Knessetin – fövqəladə vəziyyəti ayın sonuna qədər uzatmasıdır. Bu qərar onu göstərir ki, İsrail hakimiyyəti müharibənin hələ tam yekunlaşmadığını və qarşıda daha ciddi mərhələlərin ola biləcəyini nəzərə alır. Əgər bu müddət ərzində İran rejimi tam təslim olsa, kapitulyasiya etsə, müharibə daha tez də başa çata bilər. Ancaq bu, birbaşa olaraq İsrailin və onun əsas müttəfiqi ABŞ-ın müharibədəki aktiv iştirak qərarından asılı olacaq. Hazırkı mərhələdə münaqişə hələlik lokal xarakter daşıyır. Heç bir ölkə – nə Rusiya, nə Çin – bu müharibəyə birbaşa hərbi şəkildə müdaxilə etmək niyyətində deyil. Onların dəstəyi yalnız siyasi bəyanatlar və diplomatik səviyyədə qınamalarla məhdudlaşır. Heç biri nə İranı silahlandırmaq, nə də İsrailin hücumlarını havadan müdafiə sistemləri ilə neytrallaşdırmaq üçün praktiki addımlar atmır. Buna görə də  münaqişə regional çərçivədən çıxıb qlobal savaş miqyasına keçməyib. Düşünürəm ki, bu münaqişə hələlik lokal xarakter daşıyacaq. 
ABŞ və onun rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri hazırda prosesə birbaşa müdaxilə etməkdən çəkinirlər. Onlar münaqişənin daha da genişlənməsinin qarşısını almaq üçün vəziyyəti izləməklə kifayətlənir və hələlik məsuliyyəti İsrailin üzərinə qoyublar. Bu, həm də beynəlxalq ictimaiyyətin regionda genişmiqyaslı qarşıdurmadan yayınmaq istəyindən irəli gəlir”.
 
“Lakin müharibə uzanarsa və İsrail qarşısına qoyduğu strateji hədəflərə – xüsusilə də İranın nüvə proqramının tam sıradan çıxarılmasına – nail ola bilməzsə, ABŞ üçün birbaşa müdaxilə ehtiyacı yarana bilər. Belə bir halda, münaqişənin xarakteri dəyişə, lokal çərçivədən çıxaraq daha geniş geosiyasi çəkişmələrə səbəb ola bilər. Bu zaman İranın tərəfini tutan və illərlə “strateji tərəfdaş” kimi tanınan Rusiya, Çin və digər ölkələrin real mövqeyi daha aydın görünəcək. Hazırda bu ölkələrin dəstəyi sadəcə bəyanatlarla məhdudlaşır. Onların heç biri nə praktik hərbi, nə də texnoloji baxımdan İrana açıq şəkildə yardım göstərmək niyyətində deyil. ABŞ-ın və İsrailin qarşısını almaq üçün real bir səfərbərlik, ən azından indiki mərhələdə görünmür. 
Eyni zamanda bu münaqişənin qlobal miqyasda – xüsusilə də üçüncü dünya müharibəsi səviyyəsində – bir qarşıdurmaya çevrilmə ehtimalı çox zəifdir. Çünki beynəlxalq güclər, o cümlədən ABŞ, Rusiya və Çin, birbaşa toqquşmadan çəkinir və belə bir riskə getmək istəmirlər.
Və nəhayət, bu müharibə bir reallığı da üzə çıxardı: İranın mövcud siyasəti və davranışları beynəlxalq aləmdə geniş qəbul olunmur. Hətta onun özünü tərəfdaş hesab etdiyi dövlətlər belə, gərgin vəziyyətdə İranın yanında real şəkildə yer almaqdan imtina edirlər. Bu isə İranın beynəlxalq təcridinin və təkliyinin daha da dərinləşdiyini göstərir”,- deyə politoloq Natiq Miri fikirlərini yekunlaşdırıb.
 
Mehin Mehmanqızı
 
Seçilən
3
moderator.az

1Mənbələr