ain.az, Konkret.az portalına istinadən məlumat verir.
“Yay fəslinin başlanması ilə insanların səyahətə olan marağı da artır. Məktəblərin və universitetlərin tətilə çıxması, ailələrin istirahət planlarını həyata keçirmələri üçün əlverişli şərait yaradır. Həm ölkə daxilində, həm də xaricə səyahət edənlərin sayı çoxalıb”.
Bu fikirləri turizm eksperti Ceyhun Aşurov KONKRET.az-a açıqlamasında səsləndirib:
“Bu il xaricə tur paketlərinin qiymətlərində ötən illə müqayisədə ciddi bir artım müşahidə olunmasa da, son 2-3 il ərzində turizm paketlərinin qiymətində bahalaşma qeydə alınıb. Xüsusilə, Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu istiqamətlərdən biri olan Türkiyə üçün tur paketlərinin qiymətində 50-60 faizlik artım müşahidə edilir. Bu da bəzi turistlərin alternativ istiqamətlərə üz tutmasına səbəb olur”.
Ekspert qeyd edib ki, hazırda Azərbaycan vətəndaşları Misir, Qərbi Avropa ölkələri, Monteneqro və eləcə də Şərq istiqamətinə olan turlara daha çox maraq göstərirlər.
“Digər tərəfdən, İran-İsrail, Hindistan-Pakistan və Rusiya-Ukrayna arasında davam edən gərginlik beynəlxalq turizmə və uçuşlara mənfi təsir göstərir. Bu kimi münaqişələr bəzi hava məkanlarının bağlanmasına, uçuşların təxirə salınmasına və aviabiletlərin maya dəyərinin artmasına səbəb olur. Bu da öz növbəsində turizm fəaliyyətinə əlavə risklər və narahatlıqlar gətirir.
Bütün bu çətinliklərə baxmayaraq, insanlar istirahətə olan ehtiyaclarını daha yaxın və təhlükəsiz istiqamətlərdə qarşılamağa üstünlük verirlər. Yerli turizm bölgələrinə, regionlarda yerləşən istirahət mərkəzlərinə maraq da bu səbəbdən artmaqdadır”.
C.Aşurov əlavə edib ki, ənənəvi turizm istiqamətləri üzrə qiymətlərdə bahalaşma müşahidə olunur və bu da turistləri alternativ seçimlərə yönləndirir.
Aynurə İsmayıl
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.