AZ

Azərbaycanın beynəlxalq inteqrasiya siyasətində dəyişikliklər dövrü çatdı...


Bu gün dünyada çox ciddi proseslər gedir və bu proseslər beynəlxalq aləmdə əks-səda verir, narahatlıqla izlənilir. Gizlin deyil ki, dünyanı bölüşdürməyə, parçalamağa çalışan güc mərkəzləri, xüsusi təşkilatlar dövlətlərin və xalqların gələcəyi üçün ciddi təhdidlər yaradır. Bir sözlə, bu gün müşahidə etdiyimiz mürəkkəb proseslər yeni dünya nizamının qurulması, bərqərar edilməsi ilə əlaqədardır. Yeni dünya nizamı formalaşdırılır və bu dünya nizamında kimlərin necə yer alacağı da müzakirə olunur.

Məlum olduğu kimi, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki,mövcud qlobal nizam artıq keçmişdə qalıb və yeni qaydalar formalaşır. Ölkə başçısı keçən müsahibələrində onu da vurğulayırdı ki, beynəlxalq əlaqələrin yenidən tənzimlənməsi və dövlətlərin daxili imkanlarına daha çox güvənməsi daha vacibdir, Azərbaycan da bu baxımdan böyük təcrübəyə malikdir.

Azərbaycan öz daxili resurslarına arxalanmaqla, beynəlxalq hüququn selektiv tətbiqinə qarşı mübarizə apararaq və suverenliyini qoruyaraq gələcəyini qurmağa davam edir. Prezident İlham Əliyev Euronews-amüsahibəsində dünya düzəninin dəyişdiyini və bu dəyişikliklərə uyğun olaraq yeni qaydaların müəyyənləşdirilməsi prosesinin başladığını qeyd edirdi. Artıq bir çox beynəlxalq münasibətlərdə qədim nizamların keçmişdə qaldığını görürük. Bu, xüsusən də beynəlxalq təşkilatların zəifliyi və ya iflic vəziyyəti ilə özünü büruzə verir.

Prezident İlham Əliyev bildirirdi ki, beynəlxalq hüququn selektiv tətbiqi və bir çox ölkələrin müxtəlif beynəlxalq qurumların fəaliyyətinə daha az arxalanmağa başlaması qlobal nizamın yenidən formalaşdırılması zərurətini ortaya qoyur.

Azərbaycanın beynəlxalq inteqrasiya kursunda nə kimi yeniliklər ola bilər?

Şuşada Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində də Prezident İlham Əliyev bu məsələyə xüsusi yer verib. Prezidentin müraciətində qeyd olunub ki, müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir.

Prezident Əliyevin sözlərinə görə, milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır: “Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir”.

Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransa müraciətində Prezident bildirirdi ki, yeni dünya düzəni, dünyada yeni güc mərkəzləri formalaşır, yaranır, beynəlxalq və gegional sülhə, milli təhlükəsizliyə yeni-yeni təhdidlər əmələ gəlir.

Bu yeni dünya düzəninin formalaşdığı, yeni güc mərkəzlərinin yarandığı şəraitdə Prezidentin dediyi kimi milli və regional təhlükəsizliyə olan təhdidləri aradan qaldırmaq üçün Azərbaycanın beynəlxalq inteqrasiya kursunda nə kimi yeniliklər ola bilər? Nə kimi yeniliklərə ehtiyac var?

“Yeni dünya düzəni təkcə qlobal güclərin diqtəsi ilə yox...”

“Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu günlərdə Şuşa şəhərində keçirilən və beynəlxalq miqyasda diqqət çəkən "Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar" adlı konfransa Prezident İlham Əliyevin göndərdiyi müraciətdə səsləndirdiyi fikirlər, əslində, dünyanın hazırkı mürəkkəb və sürətlə dəyişən siyasi landşaftına bir çağırış idi: “Dövlət başçısının da qeyd etdiyi kimi, artıq ənənəvi güc mərkəzləri ilə yanaşı, yeni siyasi-ictimai platformalar, iqtisadi qütblər və regional alyanslar formalaşır. Belə bir şəraitdə qlobal sülhə, reallıqlara əsaslanan sülhə və milli təhlükəsizliyə yönəlmiş təhdidlər təkcə lokal deyil, həm də transsərhəd xarakter daşıyır.

Məhz bu kontekstdə Azərbaycanın beynəlxalq inteqrasiya kursu yeni mərhələyə qədəm qoymalıdır. Bu mərhələdə bir sıra yeniliklərə və çevik yanaşmalara ehtiyac var. İlk növbədə, Azərbaycan yalnız enerji və nəqliyyat sahələrində deyil, eyni zamanda kiber təhlükəsizlik, süni intellekt texnologiyaları, yaşıl enerji keçidi və strateji kommunikasiya sahələrində beynəlxalq tərəfdaşlıqlarını genişləndirməlidir. Yeni dünya düzənində rəqəmsal diplomatiya, informasiya təhlükəsizliyi və innovativ iqtisadiyyat qədər önəmli amil yoxdur".

Ekspert əlavə etdi ki, Prezident İlham Əliyevin siyasi uzaqgörənliyini və geosiyasi dinamikanı düzgün qiymətləndirmə qabiliyyətini nəzərə alsaq, Azərbaycanın Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, həmçinin Avrasiya və Orta Asiya platformaları ilə əməkdaşlığı dərinləşdirməkdə israrlı olması tamamilə məntiqlidir. “ Çünki bu əməkdaşlıqlar Azərbaycanın regional liderliyini daha da möhkəmləndirməklə yanaşı, təhlükəsizlik arxitekturasının da əsas sütununa çevrilir.

Bundan əlavə, beynəlxalq hüququn real mexanizmlərlə dəstəklənmədiyi bir dövrdə multilateral diplomatiyanın yenidən qurulması, BMT-nin islahatlara cəlb olunması və regional təhlükəsizlik təşəbbüslərinin təşviqi Azərbaycana həm yeni tribuna, həm də strateji tərəfdaşlar qazandıracaq. Azərbaycan yalnız enerji təchizatçısı yox, həm də sülh təşəbbüskarı və sabitlik daşıyıcısı kimi beynəlxalq imicini daha da möhkəmləndirməlidir.

Sonda vurğulamaq yerinə düşər ki, yeni dünya düzəni təkcə qlobal güclərin diqtəsi ilə yox, regionların və xalqların iradəsi ilə formalaşmalıdır. Və bu nöqtədə Azərbaycanın siyasi iradəsi, dövlətçilik təcrübəsi və strateji baxışı qlobal sabitliyin vacib elementinə çevrilir. Bu baxışın əsasında isə, Prezident İlham Əliyevin dediyi kimi, müstəqillik, milli maraqlar və davamlı inkişaf dayanır”-deyə B.Quliyev qeyd etdi.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
1
baki-xeber.com

1Mənbələr