BAKI, 18 iyun. TELEQRAF
İyunun 18-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq bildirib ki, gündəliyə 1 məsələ - Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxil edilib.
Qanun layihəsi barədə ətraflı məlumat verən deputat Nurlan Həsənov qeyd edib ki, sənəd bir sıra qanunlarda əlavə və dəyişiklikləri nəzərdə tutur. O bildirib ki, son illərdə Xəzər dənizinin sahilyanı zolağında irimiqyaslı quruculuq işləri aparılır, bu ərazilərdə iri infrastruktur layihələri həyata keçirilir. Bu qanun layihəsi də sahibkarlıq fəaliyyətinin təşviq olunması, turizmin inkişafı və yeni iş yerlərinin yaradılması məqsədi daşıyır.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi barədə fikirlərini bildiriblər, onun ölkəmizdə sahibkarlığın inkişafı sahəsinə mühüm töhfə olacağını diqqətə çatdırıblar.
Qanun layihəsinin müzakirəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, deputatlar Mübariz Qurbanlı, Aydın Həsənov və Əlibaba Məhərrəmzadə qanun layihəsi ilə bağlı fikirlərini açıqlayıblar, bəzi qeyd və təkliflərini səsləndiriblər.
İclasın sonunda deputatlar müzakirəyə çıxarılan qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.
Birgə iclasda deputatlar Kamal Cəfərov, Əminə Ağazadə, Sabir Hacıyev, Bəhruz Məhərrəmov, Erkin Qədirli, Tahir Mirkişili, MüşfiqCəfərov, Vüqar Bayramov, Ziyad Səmədzadə, Rövşən Muradov, Zaur Şükürov və digər rəsmi şəxslər iştirak ediblər.
*****
Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ayrıca iclası keçirilib. Komitənin sədri Əli Hüseynli bildirib ki, iclasın gündəliyinə 8 məsələ daxildir.
Bildirilib ki, gündəliyin 1-ci və 2-ci məsələləri birinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Qanunlarının layihələridir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin (maddə 3-1 və maddə 28-1) əlavə edilməsi, 1 maddənin (maddə 5) çıxarılması, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilməsi nəzərdə tutulur.
Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq.
Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.
Bildirilib ki, gündəliyin 3-cü məsələsi olan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) prokurorluq orqanlarında qulluq keçmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliyin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır.
Gündəliyin 4-cü məsələsi olan “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi daşıyır.
Qeyd olunub ki, gündəlikdəki “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədəqanun layihəsi (birinci oxunuş) məhkəmə hakimiyyətinin müstəqilliyi, habelə məhkəmə hakimiyyətinin özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının statusu və səlahiyyətləri nəzərə alınmaqla hakimin xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi, habelə həmin xidməti vəsiqələrin təqdim olunmasının vahid formada Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilməsini ehtiva edir.
Gündəlikdəki “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə bildirilib ki, bu dəyişikliklər qeyri-hökumət təşkilatları tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsinə dair qüvvədə olan mövcud tələblərin daha da təkmilləşdirilməsi və şəffaflaşdırılması məqsədi daşıyır.
7-ci məsələ olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) isə bir sıra normaların təkmilləşdirilməsi və dəqiqləşdirilməsi məqsədilə hazırlanıb.
Diqqətə çatdırılıb ki, gündəliyin sonuncu məsələsi Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsidir. Dəyişikliklər təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı torpaq sahələrinin ayrılması, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, habelə şəhərsalma və tikinti prosedurlarının sadələşdirilməsi məsələlərini özündə ehtiva edir.
İclasın sonunda gündəlikdəki 8 məsələnin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
İclasda komitənin sədr müavini Elşən Musayev, üzvləri Mübariz Qurbanlı, Nurlan Həsənov, Əminə Ağazadə, Sabir Hacıyev, Kamal Cəfərov, Erkin Qədirli, Bəhruz Məhərrəmov, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Seyid Hacı Mirhəşim və digər rəsmi şəxslər iştirak ediblər.