AZ

Tramp G7-dən yarımçıq getdi, təcili Şuranı topladı - ABŞ İrana nə hazırlayır?..


Abutalıb Səmədov: "... həmişə olduğu kimi, yenə Makron bilərəkdən və ya bilməyərəkdən hər şeyi dolaşdırır"

ABŞ prezidenti Donald Tramp Kanadanın Kanana şəhərində keçirilən G7 sammitini yarımçıq tərk edib. Ağ Evdən bildirilib ki, qəfil dönüş Yaxın Şərqdəki vəziyyətlə bağlı olub, burada İsrail və İranın bir-birinə zərbə endirməsi davam edir. Lakin Trampın özü planlarını nəyə görə dəyişdiyini hələ izah etməyib. Ağ Evin rəhbəri getməzdən bir müddət əvvəl sosial şəbəkə hesabındə yazıb ki, Tehranın bütün sakinləri təxliyə edilməlidir.

Trampın gedişi Ukrayna və İran üçün nə deməkdir, Amerika prezidenti sammitin ilk iki günündə nəyə nail ola bildi? Yaxın Şərqdə nə gözlənilir?

Baki-xeber.com saytının sualını cavablandıran Abutalıb Səmədov bildirdi ki, G7-lərin Kananada keçirilən sammitində ciddi qərarların qəbul ediləcəyi gözlənilirdi: "Belə bir ümid var idi ki, İsrail-İran qarşıdurması ilə yanaşı Rusiya-Ukrayna müharibəsi də müzakirə olunacaq və Rusiyaya qarşı sanksiyalara bağlı yekdil qərarlar qəbul ediləcək. Lakin iş elə gətirdi ki, Ukrayna məsələsi demək olar müzakirə edilmədi. Üstəlik, Tramp sammiti vaxtından əvvəl tərk etdi. Ona görə də Zelenski ilə planlaşdırılan görüş də baş tutmadı. Hərçənd, Zelenski əvvəlcədən bəyan etmişdi ki, Trampla çox ciddi məsələləri müzakirə etmək, müəyyən planları ona təqdim etmək, eyni zamanda, ABŞ-dən almaq istədiyi silahlar barədə də ona məlumat vermək istəyir. Amma nə Ukrayna barədə müzakirələr oldu, nə də görüş baş tutdu. Jurnalistlərin Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalarla bağlı suallarına cavab verərkən Tramp açıq şəkildə dedi ki, bu məsələdə tələsməyin əleyhinədir, çünki sanksiyalar təkcə hansısa sənədə qol çəkməkdən ibarət deyil, burada söhbət itirilən milyardlardan gedir. Yəni bu işdə yalnız Rusiya deyil, həm də ABŞ və müttəfiqləri milyardlarla dollar ziyana düşürlər. Sammitdə bu tip ciddi qərarların qəbul edildiyini iddia etmək mümkünsüzdür.

Böyük Britaniya ilə ABŞ arasında ticarət razılaşması imzalandı. Hər iki ölkənin liderləri bundan məmnun olduqlarını qeyd etdilər. İsrail-İran müharibəsi müzakirə olundu və bu barədə G7-lərin mövqeyi ortaya qoyuldu. Açıq şəkildə ifadə edildi ki, onlar İranın nüvə silahına malik olmasını qətiyyən qəbul etmirlər. Trampın sammiti vaxtından əvvəl tərk etməsi barədə əvvəl Emmanuel Makron yazdı ki, guya atəşkəs məsələsi müzakirə olunacaq və buna görə də Tramp vaxtından əvvəl sammiti tərk edib. Ancaq dərhal Tramp ona cavab verərək, Makronu aşağılayacaq tərzdə dedi ki, həmişə olduğu kimi, yenə Makron bilərəkdən və ya bilməyərəkdən hər şeyi dolaşdırır - Ağ Evdə milli təhlükəsizlik şurasının toplantısı keçiriləcək və orada atəşkəslə müqayisədə daha ciddi məsələlər müzakirə olunacaq. Tramp onu da dedi ki, ciddi qərarların qəbul olunması gözlənilir, xəbərləri diqqətlə izləyin.

Tramp Tehran sakinlərinə səslənərək şəhəri tərk etmələrini məsləhət gördü. Bütün bunlar belə bir nəticə çıxarmağa əsas verir ki, Tramp İranın vaxt itirmədən ABŞ tərəfindən təklif olunan planını qəbul etməyi tələb edir. Plana görə, İranda uranı zənginləşdirən müəssisələr olmamalıdır. AES-lər üçün uranın 3,67% zənginləşdirilməsi tələb edilir. Bunu da ya Moskvadan almaq, ya da digər qonşu dövlətlərlə birlikdə birgə müəssisələr yaratmaq və AEBA-nın nəzarəti altında uranı AES yanacağı səviyyəsində zənginləşdirməyi təklif edir.

Məlumdur ku, İran həm AES-lərdə zənginləşdirilmiş urandan istifadə edir, həm də bu, dərman preparatlarının istehsalı üçün lazımdır. Dərmanlar üçün uranı 20%-ə qədər zənginləşdirmək lazımdır. Hazırda bunu Tehran özü həyata keçirir. ABŞ-nin isə tələbi budur ki, ümumiyyətlə İran uranın zənginləşdirilməsi ilə məşğul olmasın. İran atom bombasi istehsal etmək istəmirsə, 60% zənginləşdirilmiş uran bəs nə üçündür?

Təbiidir ki, bütün bunlar İrana qarşı şübhələri artırır. ABŞ də, görünür, milli təhlükəsizlik şürasında bu məsələləri müzakirə edib, İrandan təcili öz planlarını qəbul etməyi tələb edəcək. Əgər İran razılaşmasa, Tehrana və digər şəhərlərə raket zərbələri endirəcək, bombalar atılacaq.

O da məlumdur ki, dərin qatlarda ciddi təxribat yaradacaq raket və bombalar İsraildə yoxdur. Amma belə silah növü ABŞ-də var. ABŞ bombaları 80 metrə yaxın dərinliyə qədər təsir gücünə malikdir. Təbii ki, dalbadal eyni nöqtəyə atılan bir neçə bomba yerin altında olan nüvə obyektlərini darmadağın edə bilər. İlk növbədə hədəf İranın müxtəlif şəhərlərində yerləşən və uranın zənginləşdirilməsi ilə məşğul olan nüvə obyektlərıdir.

Çox güman ki, ABŞ bu barədə qəti qərar vermək istəyir. Ya İran onun planını qəbul edəcək, ya da ABŞ vaxt itirmədən İsraillə birlikdə İranı bombalamağa başlayacaq.

Bu, Yaxın Şərqdə və İranın qonşuluğunda olan ölkələr üçün də ciddi problemlər yarada bilər. Yəni vəziyyət bir qədər də gərginləşə bilər. Amma görünür ki, nə ABŞ-nin, nə də İsrailin geri çəkilmək fikri var. Çünki mütəxəssislərin hesablamalarına görə, İran yaxın iki həftə ərzində nüvə silahını istehsal etmək imkanına malik ola bilər. Tramp qəti şəkildə bəyan etdi ki, İranın nüvə silahı olmamalıdır.

Yeri gəlmişkən, İran özü bu barədə fətva verib, ali rəhbərin fətvası mövcuddur. Həm də nüvə silahının yayılmaması haqqında 1968-ci il müqaviləsinə qol çəkib.

ARAYIŞ: Nüvə silahlarının yayılmaması haqqında müqavilənin məqsədi nüvə silahlarının və silah texnologiyasının yayılmasının qarşısını almaq, nüvə enerjisindən sülh məqsədləri ilə istifadə etmək məqsədilə iş birliyini artırmaq, nüvə silahlarından tam və ya qismən imtina etmək hədəfini irəli aparmaq üçün nəzərdə tutulan beynəlxalq müqavilədir. Müqavilə 1968-ci ildə imzalanmış və 1970-ci ildə qanuni qüvvəyə minmişdir. Müqavilə 11 may 1995-ci ildə müddətsiz olaraq uzadılmışdır.

İran indi o vaxt üzərinə götürdüyu öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. Bu həm İranın öz maraqlarına cavab verir, həm qonşu dövlətlər bunu istəyir, həm də bölgədə gərginliyin azalması üçün bu addımın atılması son dərəcə mühüm əhəmiyyətə malikdir".

Akif NƏSİRLİ

Seçilən
4
baki-xeber.com

1Mənbələr