AZ

BQXK Azərbaycanda çox ləkəli imic qoyub gedir…


Azər Həsrət: “Bakının səsini və sözünü bu qurum eşitməyib”

Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində əsir və girov götürülmüş vətəndaşların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı sahəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərib.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, münaqişənin əvvəlindən etibarən əsir-girov götürülmüş vətəndaşların və itkin şəxslərin ailə üzvləri hər iki qurum tərəfindən qəbul edilib, onların müraciətləri və qaldırdığı məsələlərə baxılıb: “Zəruri tədbirlər görülüb, siyahıların dəqiqləşdirilməsi və informasiya mübadiləsi aparılıb, ailələrə, o cümlədən əsir-girovluqdan azad edilmiş şəxslərə sosial və psixoloji dəstək göstərilib”.

Maraqlıdır, BQXK Qarabağ münaqişəsi dövründə Azərbaycana fayda verdimi? BQXK-nin fəaliyyəti Azərbaycan xalqının yaddaşında necə qalacaq?

“Münaqişə zamanı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəflər arasında balansı qoruya bilməyib, neytral davranmayıb, anti-Azərbaycan kampaniyalarına qoşulub və ölkəmiz əleyhinə fəaliyyətlə məşğul olub”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, BQXK münaqişə dövründə Azərbaycana qarşı casusluq fəaliyyəti ilə məşğul olub, anti-Azərbaycan fəaliyyəti aparıb. Birbaşa İrəvana tabe olub: “Bakının səsini və sözünü bu qurum eşitməyib. Hətta 44 günlük Vətən müharibəsindən sonra da Xankəndidə onların nümayəndəliyi qalmışdı. Azərbaycan tərəfi məntiqli şəkildə onlara izah edirdi ki, artıq torpaqlar öz nəzarətimizdə olduğu üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidəki ofisi işini Bakıya uyğunlaşdırmalıdır. Ancaq onlar bundan imtina etdi, öz işlərini Bakı ilə deyil, İrəvanla koordinasiya etdi. Bu hal Azərbaycan ictimaiyyətinin və dövlətinin narazılığına səbəb oldu. Sonrakı mərhələdə onlar Azərbaycan ərazisindən getdilər. Bir daha qeyd edim ki, münaqişə zamanı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəflər arasında balansı qoruya bilməyib, neytral davranmayıb, anti-Azərbaycan kampaniyalarına qoşulub və ölkəmiz əleyhinə fəaliyyətlə məşğul olub. Təbii ki, onların bu davranışı dövlətimizin diqqətində olub və ona görə də məlum qurum öz şələ-küləsini yığıb ölkəmizdən getmək qərarıını verdi. Bu da Azərbaycan dövlətinin gücü sayəsində baş verdi”.

Günel CƏLİLOVA

Seçilən
17
baki-xeber.com

1Mənbələr