AZ

Rusiyadan gələn səs: Solovyovun çıxışı nəyə xidmət edir?- ÖZƏL

"Rossiya 1" kanalında Vladimir Solovyov Azərbaycanın ərazi bütövlüyünü pozan fikirlər səsləndirib. O, efirdə dəfələrlə qondarma "Artsax" ifadəsini işlədərək tarixi saxtalaşdırmağa çalışıb. Bu, Azərbaycana qarşı ilk belə hal deyil.

Politoloq Turan Rzayev mövzu ilə bağlı Olaylar.az-a açıqlama verib:
"Solovyov ilk dəfə deyil ki, belə açıqlamalar verir. Biz onun kim olduğunu yaxşı bilirik. Nəyə nail olmaq istədiyini də yaxşı bilirik. Onun vasitəsilə bu ifadələri işlədənləri də yaxşı tanıyırıq. Rusiya ilə Azərbaycan arasında münasibətlərdə bir soyuqluq var. Problemlər tam həll olunmayıb. Rusiya tərəfindən zaman-zaman bu cür "nəbz yoxlamaları" həyata keçirilir. Hesab edirəm ki, Solovyovun "Artsax" ifadəsini işlətməsi də məhz bu cür bir yoxlamadan başqa bir şey deyil. Reallıq ondan ibarətdir ki, bu gün Ermənistan və Azərbaycan arasında artıq "Dağlıq Qarabağ münaqişəsi" deyilən bir münaqişə yoxdur. Sadəcə, o münaqişənin Ermənistan və Azərbaycan arasında olan mərhələsi qalıb. Onun üzərində də danışıqlar davam edir. Faktiki olaraq, 44 günlük İkinci Qarabağ müharibəsi və sonrakı lokal xarakterli antiterror əməliyyatları nəticəsində Qarabağda qanunsuz silahlı birləşmələrin hamısı zərərsizləşdirildi. Və reinteqrasiya prosesi elan edilməsinə baxmayaraq, Qarabağın erməni əsilli sakinləri öz istəkləri ilə mal-mülkünü toplayıb Azərbaycanı tərk etdilər. Bu məsələdə onlara qarşı heç bir məcburiyyət, zorakılıq olmayıb. Onlar bunu öz istəkləri ilə etdilər.
Belə olan halda nə "Artsax" var, nə orada yaşayan toplu halda erməni icması var. Yəni, artıq orada heç nə yoxdur. Münaqişə başa çatıb. Münaqişəni ayaqda saxlayacaq heç bir səbəb də yoxdur. Bir nəfərin "Artsax" deməsi ilə "Artsax" adlı bir problemin mövcud olduğu anlamına gəlmir.

Bu baxımdan, həmin ərazilər Azərbaycanın beynəlxalq hüquqla tanınmış əraziləridir. Bu ərazilərin işğalı 1993-cü ildə BMT-nin 4 qətnaməsi ilə təsbit edilib. Həmin qətnamələrin qəbulunda iştirak edən və onlara səs verən dövlətlərdən biri də Rusiyadır - BMT Təhlükəsizlik Şurasının daimi üzvü və veto hüququna malik olan bir ölkə.

Belə olan halda deyə bilərik ki, bu proses artıq faktiki olaraq başa çatıb. 10 noyabr bəyanatı ilə Rusiya da bu prosesin bitməsini qəbul edib. İndi Solovyov və onun kimi bəzi "ipə-sapa yatmayanlar"ın efirdə kimlərinsə sifarişi ilə danışması yalnız boş cəhdlərdən başqa bir şey deyil. Bu, bir qədər də erməni cəmiyyətinin könlünü almağa hesablanmış addımlardır. Azərbaycanda Rusiya ilə münasibətlər Solovyov kimilərdən qat-qat üstündür. Dövlətlərarası münasibətlərdə soyuqluq, münasibətlərin normallaşması kimi hallar olur. Vaxtilə də biz Rusiyada bunu yaşamışıq. Münasibətlər yenidən normallaşa da bilər.
Təbii ki, bizim heç bir ölkə ilə ciddi problemimiz yoxdur. Sadəcə, qonşularımız - xüsusilə də Rusiya kimi ölkələr - zaman-zaman provokativ addımlar atırlar. Amma Azərbaycan emosional bir ölkə deyil. Azərbaycanın xarici siyasəti emosiyalarla və ya hisslər əsasında formalaşmayıb. Bizim xarici siyasi kursumuz, balanslaşdırılmış siyasətimiz var və bu siyasət bu kimi situasiyalarda nəzərə alınaraq icra olunur" .

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr