Ötən gün dələduz görə axtarışda olan 10 nəfər saxlanılıb.
Bu barədə DİN mətbuat xidməti xəbər yayıb.
Xidmətdən verilən məlumatda deyilir:
"Hər adama güvənib pul vermə, aldanma"
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə iyunun 17-də dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb və istintaqa təhvil verilib. Tanımadığınız şəxslərə pul verməzdən əvvəl düşünün, “asan qazanc”, “ucuz avtomobil”, “işə düzəltmə” kimi vədlərə aldanmayın. Hər bir maliyyə qərarını diqqətlə yoxlayın və rəsmi qaynaqlarla dəqiqləşdirin.
Dələduzlar güvəninizdən sui-istifadə edir, ayıq olun.
Xatırladaq ki, Azərbaycan cəmiyyətində son illər ən təhlükəli cinayət növlərindən olan dələduzluq halları ciddi surətdə artıb. Rəsmi məlumatlara görə, təkcə 2024-2025-ci illərdə 7 mindən artıq dələduzluq faktı qeydə alınıb. Hüquq-mühafizə orqanlarının son əməliyyatı zamanı 1 gündə 10 dələduz tutulub. Bəs bu cinayətlər niyə kütləviləşib? Niyə vətəndaşlar "ucuz ev", "asan iş", "çox qazanc" kimi saxta vədlərə hələ də inanır? Və ən əsası bu fəlakətin qarşısını kim almalıdır?
Ölkədə dələduzluq cinayətlərinin artmasının əsas səbəbləri sırasında hüquqi savadsızlıq, psixoloji təsirə meyllilik və qeyri-rəsmi yollarla iş, mənzil və torpaq əldə etmək istəyi durur.
Bu ilin 6 ayı ərzində Mingəçevirdə vətəndaşlardan 165 min manat torpaq satışı adı ilə alınmış, rəsmi sənədsiz mənimsənilmişdi.
Bakıda “işə düzəltmə” adı ilə 163 min manatlıq dələduzluq faktı araşdırılır. Sabirabadda 32 nəfərdən 700 min manat yığan dələduz dəstəsi ifşa olunub. DSFM-in sabiq əməkdaşı 6,5 milyon manatlıq saxta pensiya işində ittiham olunur.
"Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, bu məsələyə belə münasibət bildiələduzluq cinayətlərinin artmasının başlıca səbəblərindən biri məhkəmə orqanlarının yetərincə sərt olmamasıdır.
Təqsirləndirilən şəxslərin bir qismi barəsində həbs qətimkan tədbiri seçilmir, çox zaman ev dustaqlığı və ya başqa yüngül qətimkan tədbirləri tətbiq olunur. Bu da həmin şəxslərə cinayət əməlini davam etdirmək imkanı yaradır. Nəticədə vətəndaşlar daha çox aldadılır, cəmiyyətin hüquqa inamı zərbə alır".
Natiq Ələsgərovun sözlərinə görə, xüsusilə "işə düzəltmə", "ev alma", "kupça düzəltmə" kimi sahələrdə dələduzlar vətəndaşların inamından sui-istifadə edir və çox zaman bu cinayətlərdə ictimai rezonans yaransa da, real cəza mexanizmi zəif qalır:
"Azərbaycanda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulan cəzalar, yəni 10 ilədək azadlıqdan məhrumetmə effektiv tətbiq edilmir. Şərti cəzalar, yüngülləşdirici hallar, prosesual uzanmalar və bəzi hallarda zərərçəkmişlərin “barışma” məktubları dələduzların cəzadan yayınmasına səbəb olur.
İkinci mühüm amil əhalinin hüquqi savadsızlığı və “tez yol tapmaq” psixologiyasıdır. Vətəndaşların bir qismi hələ də hesab edir ki, qeyri-rəsmi yollarla, “tanış vasitəsilə” mənzil almaq, iş tapmaq və sair mümkündür. Bu sadəlövhlük isə dələduzların əsas silahına çevrilir. Dələduzluq faktı varsa, məhkəmələr real həbs qətimkan tədbiri seçməlidir. Çünki dələduzluq ictimai təhlükəli cinayətdir.
Əhali üçün hüquqi maarifləndirmə proqramları genişləndirilməlidir. Özəlliklə sosial şəbəkələrdə saxta “işə düzəltmə” və “asan pul qazanma” elanlarının qarşısı alınmalıdır.
Bank və ödəniş sistemlərində təhlükəsizlik artırılmalıdır – SMS təsdiqi, ikili autentifikasiya sistemi tətbiq olunmalıdır".
Natiq Ələsgərov deyib ki, Azərbaycan cəmiyyətində dələduzluğun yayılması artıq hüquqi yox, sosial problemə çevrilib: "Cəmiyyətin özündə hüquqi savadsızlıq və “tez varlanmaq” xülyası, məhkəmə-hüquq sistemində isə zəif cəza siyasəti bu bəlaya şərait yaradır. Dələduzlar cəzasızlıqdan güc alır, yeni qurbanlar axtarır.
Hər bir vətəndaş bilməlidir ki, "ucuz torpaq", "iş tapmaq", "kupça" – rəsmi sənəd və dövlət təsdiqi olmadan təhlükədir. Çünki belə vədlərin arxasında çox zaman yalnız dələduzun açıq ov axtarışı dayanır".
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com