ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Son zamanlar gecə saatlarında, xüsusilə də saat 00:00-dan sonra şəhər küçələrində bəzi sürücülərin avtomobildə yüksək səslə musiqi dinləməsi və səs siqnalından tez-tez istifadə etməsi ictimai narahatlığa səbəb olur. Bu cür hallar yalnız ətrafda yaşayan insanların sakitliyini pozmaqla kifayətlənmir, həm də qanunla tənzimlənən qaydaların pozulması kimi qiymətləndirilə bilər.
Bəs belə hallarda polis əməkdaşları sürücünü saxlayaraq inzibati tədbirlər görə bilərmi?
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov "Facebook" səhifəsində paylaşım edib və mövzuya aydınlıq gətirib. O bildirib ki, bu kimi hallar baş verərsə, sürücünün yol polisi tərəfindən saxlanılması üçün qanuni əsas yaranır:
"Bu hal ictimai asayişin pozulmasıdır və digər vətəndaşların haqlı narazılığına səbəb olur. Gecə saat 12-dən səhər 7-yə qədər səs-küy salmaq, ucadan mahnı oxumaq və ya musiqi alətlərindən yüksək səslə istifadə etmək qanuna ziddir".
Elbrus İbrahimov vətəndaşlara "Səsimizi deyil, intizamımızı artıraq" çağırışı ilə müraciət edib.
Fidan
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.