Rəşad Bayramov: “Bu, daha çox müvafiq şərtlərdən asılı olacaq”
Məlum olduğu kimi, İran və İsrail arasında baş qaldıran silahlı qarşıdurma artıq regionu sarsıdan təhlükəli mərhələyə keçib. Raket hücumları, hava zərbələri və diplomatik ritorika hər iki tərəfin geri çəkilməyə hazır olmadığını göstərir.
Beynəlxalq ekspertlər bu qarşıdurmanın qısa deyil, həftələrlə, hətta aylarla çəkə biləcəyini bildirir. İsrailin əsas məqsədi İranın nüvə və raket imkanlarını sıradan çıxarmaqdır. Bu isə bir neçə gündə həyata keçirilə biləcək əməliyyat deyil.
İsrail Baş naziri Benyamin Netanyahu “nə qədər lazımdırsa, o qədər davam edəcək” deməklə, hərbi əməliyyatların konkret zamanla məhdudlaşmadığını açıq şəkildə bəyan edib. İran tərəfi isə rəsmi olaraq münaqişəni genişləndirmək istəmədiyini deyir, amma hər hücuma cavab verməkdə israrlıdır. Bu isə qarşılıqlı zərbələrin hələ davam edəcəyini göstərir.
Bütün bu deyilənlərin fonunda maraqlıdır, İsrail-İran müharibəsi aylarla davam edən ləng, üzücü müharibəyə çevrilə bilərmi?
“Rejim dəyişikliyi hədəf olaraq qarşıya qoyulacaqsa, müharibənin aylarla davam etmə ehtimalı artacaq”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, İsrail-İran müharibəsində hadisələrin bundan sonrakı inkişafı, müharibənin nə qədər davam edəcəyi bir sıra şərtlərdən asılıdır: “Bunlardan birincisi İsrailin hədəfləri ilə bağlı olan məsələdir. Yəni əgər İsrail İranın nüvə təhdidinin aradan qaldırılması ilə kifayətlənməyib rejim dəyişikliyini hədəf olaraq qarşısına qoyacaqsa, bu zaman təbii ki, müharibənin aylarla davam etmə ehtimalı artacaq. Digər şərt İranın atacağı addımlardan asılıdır. Yəni İran nüvədən imtina istiqamətində addımlar atacaqsa, danışıqlar masasında oturub ABŞ-ın bütün şərtlərini sözsüz qəbul edəcəksə, o zaman ABŞ tərəfindən İsrailə müvafiq təzyiqlərin göstərilməsi və müharibənin dayandırılması mümkündür. Ancaq yox, əgər İran heç bir halda güzəşt mövqeyi ortaya qoymayacaqsa və danışıqlarda ABŞ-ın şərtlərini qəbul etməyəcəksə, o zaman da müharibənin uzanması və aylarla davam etməsi kimi bir ehtimal var. Digər məsələ ondan ibarətdir ki, bu gün həm İranın, həm də İsrailin uzun müddət müharibəni davam etdirmək imkanları nə qədərdir? Düzdür, hazırda İsrail üstün mövqedədir və İranın müdafiə potensialını xeyli zəiflətməyə müvəffəq olub. Ancaq “Fordo” kimi nüvə mərkəzinin sıradan çıxarılması hələ də mümkünsüzdür. Çünki sözügedən nüvə mərkəzi dağın altında 80 metr dərinlikdə yerləşir. Həmin nüvə mərkəzinin sıradan çıxarılması üçün mütləq şəkildə ABŞ-ın dəstəyinə ehtiyac var. Birləşmiş Ştatlar bu dəstəyi verəcəkmi? Verməyəcəksə, o zaman “Fordo”nun bu və ya digər şəkildə daxildən zərərsizləşdirilməsi üçün yenə də uzunmüddətli əməliyyatlara ehtiyac olacaq. O üzdən, təbii ki, müharibənin uzanması ehtimalı var. Ancaq bu, daha çox müvafiq şərtlərdən asılı olacaq. İndiki şəraitdə ən uyğun və az itki ilə başa gələ biləcək ssenari ondan ibarətdir ki, İran tezliklə danışıqlar masasına otursun. Nüvənin zənginləşdirilməsi üzrə bütün fəaliyyətini dayandırdığını bəyan etsin. Əks halda müharibə uzanacaq”.
Vidadi ORDAHALLI