İlyas Hüseynov: “Bu söylənilən fikirlər yalnız mediada dolaşır, bunun real təsdiqi yoxdur, amma hətta bu ehtimalın olması çox ciddi məsələdir”
Azərbaycan müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib. Bu barədə KİV məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hava zərbələri endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə İsrailə cavab verib: Təl-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.
Bu barədə rəsmi məlumat yayılmadığı üçün rəsmi Bakının rəsmi Təl-Əvivə belə bir mesajının olub-olmadığını dəqiq bilmirik, amma olubsa da, olmayıbsa da, ümumiyyətlə belə bir mesajın indiki şəraitdə həm Azərbaycan, həm də bölgə üçün önəmi nədən ibarətdir? Bu mesajın əhəmiyyəti nədir?
Bakldan İsrailə "azərbaycanlılar yaşayan bölgələri vurmayın" mesajı oldumu?
“Hesab edirəm ki, bu, fəlakətin və dağıntıların, insan itkilərinin qarşısını almaq naminə edilən jestdir”
Siyasi ekspert İlyas Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, İran-İsrail müharibəsi ilə bağlı müxtəlif fikirlər paylaşılanda Azərbaycanda dərhal iki məsələ haqqında düşüncələr yaranırdı: “Bunlardan biri Cənubi Azərbaycanda mülki insanların qətl edilməsi və eləcə də mülki obyektlərə vurulan ziyan, dağıntılar, fəlakətlər, insanlıq faciəsi, digər məsələ isə soydaşlarımızın Şimala üz tutması və bu məsələdə yaranan suallar, mövqelər idi ki, bunlar çox geniş müzakirə olunurdu. Qəfil hücumun baş verməsi həm də bu ehtimalları reallığa çevirdi. Bir sıra proqnozlar, konspiroloji yanaşmalar da baş verən hücumun yanında çox bəsit görünürdü. Çünki real müharibə bu gün də getməkdədir. Lakin bu real müharibənin gedişi zamanı Cənubi Azərbaycanın vurulması, burda insanların kütləvi qətl edilməsi tamamilə yolverilməzdir, qəbuledilməzdir. Baxmayaraq ki, bu söylənilən fikirlər yalnız mediada dolaşır, bunun real təsdiqi yoxdur, amma hətta bu ehtimalın olması çox ciddi məsələdir. Hesab edirəm, bu, fəlakətin və dağıntıların, insan itkilərinin qarşısını almaq naminə edilən jestdir”.
İ.Hüseynov bir daha vurğuladı ki, bu məlumat rəsmi şəkildə öz təsdiqini tapmayıb, bu, mediada əks olunub. “Bizim üçün bütün regionda təhlükəsizliyin təmin olunması önəmli aktuallıq kəsb etməkdədir”-deyə İ.Hüseynov qeyd etdi.
İradə SARIYEVA