Əli Orucov: "... ABŞ-yə arxayın olaraq şıltaqlıq göstərən, beynəlxalq hüquq normalarına hörmətsiz yanaşan İsraili durdurmaq üçün Türkiyənin simasında nüvə gücü yaradılmalıdır"
20 ərəb və islam ölkəsinin xarici işlər nazirləri İsrailin İrana hücumuna cavab olaraq Yaxın Şərqdə nüvə silahından azad zona yaratmağa çağırıblar. Bu barədə Misir Xarici İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir.
“Nazirlər Yaxın Şərqdə nüvə silahlarından və digər kütləvi qırğın silahlarından azad zonanın yaradılmasının təcili zəruriliyini bir daha təsdiqləyiblər ki, bu zona istisnasız olaraq regionun bütün dövlətlərini əhatə etməlidir”, - sənəddə vurğulanır.
Bəyanatda xüsusilə qeyd olunur ki, İsrailin İrana endirdiyi zərbələr BMT Nizamnaməsini pozur və qınamağa layiqdir. Nazirlər bildiriblər ki, digər dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağı, eləcə də mehriban qonşuluq prinsiplərinə əməl etməyi bütün ölkələr üçün məcburi hesab edirlər.
Sənədi Əlcəzair, Bəhreyn, Bruney, Qambiya, Cibuti, Misir, İordaniya, İraq, Qətər, Komor adaları, Küveyt, Liviya, Mavritaniya, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Türkiyə və Çad xarici işlər nazirliklərinin rəhbərləri imzalayıb.
Müsəlman dövlətlərinin bu jesti İran-İsrail cəbhəsində vəziyyəti dəyişə bilərmi?
Baki-xeber.com saytının sualını cavablandıran siyasi şərhçi Əli Orucov bildirdi ki, Yaxın Şərq çox həssas və mürəkkəb regionda yerləşir: "Beynəlxalq güclərin burda maraqları zaman-zaman kəsişdiyindın qanlı toqquşmalar və müharibələr baş verib. Yaxın Şərq təkcə geostrateji əhəmiyyətinə görə deyil, həm də zəngin təbii resurslarına görə diqqət mərkəzində olub və kəskin rəqabətlər yaradır. Müstəqil İsrail dövlətinin yaranmasından sonra isə Qərbin, xüsusən də ABŞ-nin fəal və hərtərəfli dəstəyindən sonra bu region daimi narahat regiona çevrilib.
Birləşmiş Ştatların təhriki ilə, demək olar, bu bölgəyə uzun illərdir ki sülh, əminamanlıq gəlmir. 2023-cü ildə HƏMAS-ın İsrailə qəfil hücumundan fürsət kimi istifadə edən İsrail və Birləşmiş Ştatlar illərdən bəri Yeni Ortadoğu layihəsini həyata keçirmək üçün hərəkətə keçdi. Müharibə arealı artıq, İran da daxil olmaqla, geniş bir coğrafiyanı əhatə eləməyə başladı ki, bu da nəticə etibarı ilə qlobal sülhü ciddi təhlükə altına qoymaqla nüvə dövlətlərinin toqquşma risqini artırdı. Vurğuladığımız kimi, Yaxın Şərq həssas və narahat bölgə olduğundan, həmin coğrafiyanın nüvəsizləşdirilməsi aktuallığını və böyük önəmini saxlayır. Ancaq problem ondadır ki, nüvə silahına malik İsrail belə bir halın yaranmasına heç vaxt razı olmaz və nüvə silahından imtina edə bilməz. İsrail həm strateji və təhlükəsizlik faktoruna görə, həm də çəkindirici vasitə kimi bu amildən bundan sonra da yararlanacaq. Yaxın Şərqdə nüvə silahından azad zona yaratmaq çağırışı edən 20 dövlətin bu təşəbbüsü təqdirəlayiqdir. Lakin bu sazişin real işlək hala gətirilməsini mən mümkün hesab etmirəm. Əgər İsrail həmin silahlara malikdirsə, digər dövlətlərin də buna can atmasına tutarlı bəhanələr qalır. Region o qədər qanlı müharibələr, ədalətsizliklər, haqsızlıqlar və sərt rejimlərin basqısı altında illər boyu yaşayıb ki, həmin cəmiyyətlər radikallaşıb. Nifrət hissi yüksək həddə çatıb.
Xüsusən də İran-İsrail müharibəsinin başlaması və bölgədə təzyiqin yüksəldiyi indiki məqamda nüvəsizləşdirmə məsələsinə nail olunması az ehtimal olunur. Bu sənədin imzalanmasının da müharibəyə hansısa müsbət təsirini gözləmirəm. Fikrimcə, Yaxın Şərqdə uzun illərdən bəri davam edən konfliktləri, bölgədə ABŞ-yə arxayın olaraq şıltaqlıq göstərən, beynəlxalq hüquq normalarına hörmətsiz yanaşan İsraili durdurmaq üçün Türkiyənin simasında nüvə gücü yaradılmalıdır. Bu həm də İsrailin xeyrinə olan hazırkı güc balansını tənzimləyər və bölgənin inkişafına geniş üfüqlər açardı".
Akif NƏSİRLİ