Hüseyn İbrahimov: “Bütün bunlar revanşist dairələrə yaxın olan medianın uydurmasıdır”
Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri barədə yayılan məlumatları təsdiq edib. Simonyan bu barədə parlamentdə jurnalistlərə açıqlamasında danışıb.
Səfərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacağını qeyd edən spiker əlavə edib: “Düşünürəm ki, bu, tarixi səfərdir. Çünki Ermənistan lideri ilk dəfə bu səviyyədə səfər həyata keçirəcək”.
Səfərin proqramı açıqlanmasa da, Simonyan bütün regional məsələlərin müzakirə ediləcəyini vurğulayıb.
Bu arada bəzi erməni media resursları Paşinyanın Türkiyə səfəri və bunun arxasında dayanan məsələlərlə bağlı müxtəlif mülahizələrlə çıxış edirlər. İddia edilir ki, Paşinyan Ərdoğanla Azərbaycanla sülh müqaviləsinin şərtlərini razılaşdırmaq üçün Türkiyəyə səfər edir. O cümlədən qeyd edilir ki, Paşinyan Ərdoğanla sülh müqaviləsinin harada imzalanacağı məsələsini müzakirə edəcək: birinci variant Vaşinqtondur (bu ilin sentyabrında), ikinci variant BƏƏ-dir (ehtimal ki, dekabrda). Başqa bir tərəfdən qeyd edilir ki, guya Paşinyan Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi məsələsini danışıqlar prosesinin gündəliyindən çıxara bilib. Guya bununla bağlı razılıq var və Paşinyan Bakını inandırıb ki, bu, sadəcə olaraq mümkün deyil və onun hakimiyyətini təhdid edir. Əvəzində Erməni Apostol Kilsəsinə zərbə endirmək və onu özünə tabe etdirmək öhdəliyi götürüb. Son 20 gündə də bununla bağlı oxşar addımlar atılıb. İkinci şərt də var - müqavilə imzalandıqdan sonra Rusiya bazasının Gümrüdən çıxarılması.
Maraqlıdır, belə sövdələşmə nə dərəcədə doğrudur? Yəni Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi kimi bir fikirdən nə dərəcədə imtina edə bilər? Yaxud da Konstitusiya dəyişməmiş Azərbaycan necə ola bilər sazişin imzalanmasına getsin? Konstitusiya dəyişməmiş Azərbaycan sülh sazişinin harada imzalanmasını necə müzakirə edə bilər?
“Rusiya maraqlı deyil ki, Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırsın”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov hesab edir ki, bütün bunlar Ermənistanda revanşist dairələrə yaxın olan medianın uydurmasıdır: “Əvvəla, Konstitusiya dəyişikliklərindən əsla imtina etmək olmaz. Ona görə ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapıb. Konstitusiyadan bunun çıxarılması ATƏT-in Minsk Qrupunun ləğvindən daha vacibdir. Çünki nə qədər ki bu oradan çıxarılmayıb, tərəflər arasında dayanıqlı sülhdən söhbət gedə bilməz. Sabah Ermənistanda hakimiyyət dəyişsə, yeni gələn qüvvələr buna dayanaraq Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edə bilərlər. Azərbaycan üçün sülh sazişinin harada imzalanması xüsusi əhəmiyyət kəsb etmir. Azərbaycan üçün Ermənistan Konstitusiyasının dəyişməsi önəmlidir. Hesab edirəm ki, Paşinyana qarşı olan və Rusiyanın mənafeyindən çıxış edən dairələr belə yalan məlumatlar yayır. Nəzərə almaq lazımdır ki, Rusiya seçkiyə bir il qalsa da revanşist müxalifəti indidən aktivləşdirir. Rusiyada yaşayan erməni əsilli milyaderlərin fəallaşması, kilsənin Paşinuyana qarşı radikallığı gücləndirməsi və digər məsələlər Ermənistanda hakimiyyət dəyişikliklərinə hesablanıb. Rusiya maraqlı deyil ki, Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırsın. Çünki bu baş versə, Ermənistanın Rusiyadan asılılığı azalacaq. Ona görə də Moskva Ermənistanda vəziyyəti gərginləşdirmək üçün müxtəlif kompromat xarakterli məlumatları dövriyyəyə buraxır”.
Vidadi ORDAHALLI