AZ

Dünya neft bazarında böyük çaxnaşma - vəziyyət sürətlə gərginləşir...


İsrail və İran arasında bir neçə gündür davam edən savaş artıq dünya iqtisadiyyatına öz təsirini göstərir. İki aparıcı regional güc arasındakı müharibə artıq dünya bazarında neftin qiymətinin artması faktoruna çevrilib. Aprel ayında ABŞ prezidenti Donald Trampın tarif siyasəti ilə əlaqədar olaraq 60 dollar həddinə qədər ucuzlaşan Brent markalı neftin bir barreli münaqişənin ilk günü 70 dollarlıq həddi keçib.

Bu, Rusiya ordusunun 24 fevral 2022-ci ildə Ukraynanı işğal etməsindən bəri ən böyük gündəlik dəyərdir.

Qeyd edək ki, İran neft ehtiyatlarına görə dünya liderlərindən biridir və Çinə əsas xammal ixracatçısıdır. Ölkənin hasilatı 2020-ci ildən bəri 75% artaraq sutkada təxminən 3,4 milyon barrelə çatıb. Bütün enerji resurslarının xaricə tədarükündən əldə olunan gəlir isə eyni dövr ərzində dörd dəfə artıb və ekspertlərin fikrincə, ABŞ sanksiyalarına baxmayaraq, 78 milyard dollara çata bilər.​Bundan əlavə, bazar iştirakçıları İranın Hörmüz boğazını bağlaması perspektivindən ciddi narahatdırlar . Bu, İran və Oman arasında Fars körfəzini Oman körfəzi və daha sonra Ərəbistan dənizi və Hind okeanı ilə birləşdirən dar boğazdır. Belçikanın “Kpler” analitik şirkətinin məlumatına görə , 2024-cü ildə əsasən Qətərdən qlobal mayeləşdirilmiş təbii qaz ixracının 21%-i məhz bu boğazdan keçib. Su yolu ilə gündəlik 20 milyon barrelə qədər neft də nəql olunur ki, bu da qlobal tədarükün təxminən beşdə birini təşkil edir. Hələlik boğazın bağlanması təhlükəsi hipotetikdir. Lakin yeni müharibə başlayandan bəri Yaxın Şərqdən Çinə neft nəqlinin dəyəri artıq 20-30% artıb və bəzi tanker donanması operatorları eskalasiya qorxusu ilə səyahətləri tamamilə ləğv edir. Bundan başqa, İsrail İranın neft və qaz infrastruktur obyektlərinə ilk zərbələrini endirib , xüsusən də ölkənin ən böyük qaz yatağı olan “Cənubi Pars”ı və Tehranın əsas neft anbarı “Şahran”ı vurub. Amma daha da önəmlisi odur ki, əsas ixrac mərkəzləri hələ də hücuma məruz qalmayıb, bura- xüsusilə də İran neftini daşıyan bütün tankerlərin getdiyi Fars körfəzinin şimalındakı Xarq adasındakı ən böyük terminal aiddir. “Kpler”in baş analitiki Homayoun Falakshahi “The New York Times”a deyib ki , İsrail və ya Birləşmiş Ştatlar İran ixracatını pozmaq istəsələr, bu, onlar üçün ən açıq hədəfdir. Onun sözlərinə görə, İran Jask şəhərindəki başqa bir terminaldan da tədarükləri genişləndirir, lakin alternativ marşrutun imkanları hələ də Xarqdan xeyli kiçikdir.

Bir daha xatırladaq ki, İran qlobal enerji sektorunda əsas oyunçulardan biridir. ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, ölkə dünyada ikinci ən böyük təsdiqlənmiş təbii qaz ehtiyatlarına malikdir. Hökumətlərarası Qaz İxrac Edən Ölkələr Forumunun məlumatına görə, İran 2023-cü ildə təqribən 266,25 milyard kubmetr mavi yanacaq istehsal edib. İran həm də dünyanın 3-cü ən böyük xam neft ehtiyatına malikdir və dünyanın ümumi təsdiqlənmiş neft ehtiyatlarının təxminən 9 faizi burada yerləşir. İslam Respublikası Neft İxrac Edən Ölkələr Təşkilatında üçüncü ən böyük neft istehsalçısıdır. Enerji ixracından əldə edilən gəlirlər hökumətin büdcəsinin və valyuta ehtiyatlarının əhəmiyyətli hissəsini təşkil edir. ABŞ Enerji İnformasiya Administrasiyasının hesabatına görə, İran 2021-ci ildən 2023-cü ilə qədər üç il ərzində neft ixracından 144 milyard dollar gəlir əldə edib: “Sanksiyaya məruz qalan İran ixracatını ört-basdır etmək üçün bir neçə üsuldan istifadə edir, məsələn, gəminin identifikasiya siqnallarını söndürmək, yükləri bir gəmidən digərinə ötürmək və ya yükü başqa ölkələrdən gələn kimi etiketləmək. Bu, həm xam neftə, həm də emal olunmuş məhsullara aiddir və dəqiq ixrac məlumatlarının təqdim edilməsində çətinlikləri artırır”. İranın böyük karbohidrogen ehtiyatlarına baxmayaraq, onun iqtisadi potensialının böyük hissəsi istifadə olunmamış qalır. İran rəsmiləri etiraf edirlər ki, ölkənin neft və qaz sektorlarını modernləşdirmək üçün qabaqcıl texnologiyaya və milyardlarla dollar yeni investisiyaya ehtiyacı var. Lakin İslam Respublikası onun ticarət və investisiya imkanlarını məhdudlaşdıran dünyanın ən sərt sanksiyalar rejimlərindən birinə məruz qalıb. İndi də İsrail və İran arasında savaş vəziyyəti daha da gərginləşdirirb. Bu fonda neft qiymətləri sürətlə artır. Proses Azərbaycanda da diqqətlə izlənir. Faktdır ki, neft qiymətlərinin artması ölkəmiz üçün əlverişli imkan yaradır. Amma neft qiymətlərinin uzun müddət yuxarı həddə qalması dolayı yolla Azərbaycanda idxal inflyasiyasına və qiymət artımına səbəb ola bilər. Bundan başqa, Azərbaycanda valyuta dəhlizinin azalan ticarət profisiti və enerji bazarında artan qeyri-müəyyənlik fonunda qorunması zamanla ölkənin valyuta bazarına marağı artıra bilər. Niderlandın ən böyük bank qrupu olan “ING Group”u qeyd edir ki, MDB-nin 4 ölkəsi - Azərbaycan, Ermənistan, Özbəkistan və Qazaxıstan - milli valyutaların ümumi möhkəmlənməsinə baxmayaraq, artan inflyasiya riskləri ilə üzləşirlər: “Qlobal volatilliyin bir qədər azalması səbəbindən bazarların diqqəti yenidən daxili çağırışlara yönəlib. Regionun valyutaları ABŞ dollarına qarşı möhkəmlənir. Lakin onların artımını daxili makroiqtisadi və siyasi amillər məhdudlaşdırır. Eyni zamanda, inflyasiya təzyiqi güclənir və mərkəzi banklar üçün çətinliklər yaradır”.

Ramil QULIYEV

Seçilən
1
baki-xeber.com

1Mənbələr