AZ

İrəvanda ideya yayılır - “İran dağılsa, Azərbaycan Ermənistana hücum edəcək”...


Ramil Məmmədli: “Məqsədyönlü şəkildə erməni mediası belə manipulyasiya ilə məşğuldur”

İsrailin İrana hücumu son dərəcə narahatedicidir və yalnız qınamağa layiqdir. Bunu jurnalistlərlə söhbətində hakim “Mülki Müqavilə” partiyasından olan deputat, Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyan bildirib.

O əlavə edib ki, hərbi əməliyyatlar fasiləsiz davam edir və bu, regional təhlükəsizlik baxımından ciddi narahatlıq yaradır. Eyni zamanda o, yaxın vaxtlarda atəşi dayandırmağın və danışıqlara qayıtmağın mümkün olacağına ümid etdiyini bildirib.

Ermənistanın reaksiyası və ölkənin Təhlükəsizlik Şurasının niyə iclas keçirməməsi ilə bağlı sualı cavablandıran Xandanyan qeyd edib ki, hökumət və Təhlükəsizlik Şurası müxtəlif formatlarda müzakirələr aparır və vəziyyəti diqqətlə izləyir. O əmin edib ki, birbaşa Ermənistanla bağlı nəsə olarsa, reaksiya operativ olacaq. Deputatın sözlərinə görə, Ermənistan İranda baş verənlərdən narahatdır: “Azərbaycanın Ermənistana mümkün hücumuna gəlincə, bir daha qeyd etməliyəm ki, Azərbaycanın Ermənistana təcavüzü üçün nə haqlı səbəbləri, nə də legitimliyi var”.

Düzdür, erməni rəsmisi Azərbaycanın hücum etməsi üçün heç bir əsasın olmadığını deyir, amma fakt budur ki, erməni mediası fərqli rəy formalaşdırmağa çalışır. Ermənistanda belə bir fikir yayırlar ki, guya Azərbaycan İrandakı bu vəziyyətdən istifadə edərək Zəngəzura hücum etməyi planlaşdırır. Belə bir ideyanı yayırlar. Erməni mediası cəmiyyəti buna kökləməyə çalışır. Yəni İranda vəziyyət gərginləşdikcə, onun mənfi nəticələrindən biri kimi Azərbaycan Zəngəzura hücum edə bilər.

“Bu minvalla Qərbin Ermənistanda mövcudluğunu genişləndirmək və buna legitim əsas yaratmaq istəyirlər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, məqsədyönlü şəkildə erməni mediası belə manipulyasiya ilə məşğuldur: “Bəli, ümumən Ermənistanda bununla bağlı qorxu var. Hesab edirlər ki, fürsət yaranan kimi, Azərbaycan hücum edəcək, Qərbi Zəngəzurun cənubunu nəzarətə götürəcək və s. Elə bunun nəticəsidir ki, İranın, Fransanın Zəngəzurda konsulluqları açılıb. Erməni tərəfi hesab edir ki, sözügedən konsulluqlar Zəngəzurda “qalxan” rolunu oynayacaq. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycanın hücum edəcəyi ilə bağlı fikirlər Ermənistanda yeni deyil. 44 günlük Vətən müharibəsindən sonra zaman-zaman Ermənistan mediası dünyaya car çəkir ki, ay aman qoymayın Azərbaycan Zəngəzura hücuma hazırlaşır. Ermənilərin o zaman ən çox güvəndikləri ölkə İran idi. Çünki İran provokativ şəkildə bəyan edirdi ki, Zəngəzurla bağlı Azərbaycan hansısa addım atsa, qarşısında Tehranı görəcək. İndi İsrail İranı elə vəziyyətə qoyub ki, Tehran nəinki Ermənistanı, heç özünü belə qorumaq gücündə deyil. Ona görə də erməni tərəfi narahatdır. Bu propoqandada digər məqsəd Qərbdən daha çox dəstək qoparmaqdır. Guya İran Ermənistanı qorumaq imkanından məhrum olub, o üzdən, yalnız Qərb Ermənistanı Azərbaycandan qoruya bilər. Bu minvalla Qərbin Ermənistanda mövcudluğunu genişləndirmək və buna legitim əsas yaratmaq istəyirlər”.

Vidadi ORDAHALLI

Seçilən
2
baki-xeber.com

1Mənbələr