AZ

Regional münaqişə, qlobal fəlakət: Yaxın Şərqdəki gərginlik və onun nəticələri

Bilirsiniz, bu münaqişənin eskalasiyası yalnız region üçün deyil, bütövlükdə dünya üçün ciddi risklər vəd edir. Ən vacib məqamlardan biri ondan ibarətdir ki, tərəflərdən birinin nüvə silahına malik olması, digər tərəfdə isə bu silahların mövcudluğu ilə bağlı ehtimalların olması, vəziyyəti daha da təhlükəli edir və nüvə silahından istifadə riskini artırır.

Bunu NOCOMMENT.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, politoloq Sultan Zahidov deyib.

Eyni zamanda, İsrail tərəfindən İranın mümkün nüvə obyektlərinə edilən zərbələr ciddi ekoloji təhdidlər yarada bilər. Belə bir vəziyyətdə həm Cənubi Qafqaz, həm də Yaxın və Orta Şərq regionları ekoloji fəlakətlə üzləşə bilər.

Digər mühüm məsələ isə humanitar böhrandır. Artıq bu günlərdə İrandan minlərlə insanın qaçqın kimi müxtəlif ölkələrə üz tutduğunu müşahidə edirik. Bu isə həmin ölkələrdə sosial və iqtisadi çətinliklərə yol aça bilər.

Regionun iqtisadiyyatı da bu münaqişədən əhəmiyyətli dərəcədə təsirlənməkdədir. Təchizat zəncirlərində qırılmalar baş verir, hava limanları fəaliyyətini dayandırıb, Hörmüz boğazının bağlanması təhlükəsi isə qlobal ticarət üçün ciddi təhlükə yaradır. Bu da birbaşa olaraq müxtəlif ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir.

Ona görə də bu məsələyə yalnız Azərbaycan kontekstində deyil, ümumilikdə region və dünya miqyasında baxmaq lazımdır. Azərbaycan da Cənubi Qafqaz regionunun bir hissəsi və İranla sərhəd ölkə olduğu üçün, bu münaqişənin genişlənməsi ölkəmiz üçün də ciddi təhdidlər yaradır. Bu həm ekoloji, həm humanitar, həm də iqtisadi və ticarət baxımından neqativ nəticələrə səbəb ola bilər.

 

Elnur Quliyev 

Seçilən
1
nocomment.az

1Mənbələr