AZ

Azərbaycanın qonşuluğunda nüvə radiasiyası təhdidinin miqyası genişlənir...


Yaxın Şərqdə hərbi qarşıdurma getdikcə güclənir. İran İsrail şəhərlərinə zərbələr endirməkdə davam edir və qlobal neft ticarəti üçün əsas arteriya olan Hörmüz boğazını bağlamaqla hədələyir. İsrail Tehranı və bir sıra İran şəhərlərini vurur, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirlərinin sıradan çıxarıldığını bildirir və İran rəhbərliyinə, o cümlədən Ayətullah Əli Xamneyiyə zərbələr endirilməsini istisna etmir.

Bu fonda ABŞ prezidenti Donald Tramp eyni vaxtda sövdələşməyə çağırır və mümkün müdaxiləyə işarə edərək İranı kütləvi zərbələrlə hədələyir.

İsrailin hücumları intensivləşdiyi üçün Tehran sakinləri evlərini tərk etməyə çağırılıb. Xatırladaq ki, bu açıqlama ilə İranı tamamilə təslim olmağa çağıran Donald Tramp çıxış edib. İsrail Müdafiə Qüvvələri tezliklə daha geniş miqyasda fəaliyyət göstərəcəklərini bildirir. Bununla belə, Qərb rəsmiləri etiraf edirlər ki, İsrailin arsenalında məhdudiyyətlər var və əməliyyatın tempi davam edərsə, yəhudi dövlətinin ABŞ-ın köməyinə ehtiyacı olacaq. Qeyd edildiyi kimi, Amerika lideri “Truth Social” sosial şəbəkəsində Tehran sakinlərini dərhal evlərini tərk etməyə çağırıb. G7 sammitindən yarımçıq qayıdan Tramp eyni zamanda qeyd edib ki, İsrail və İran arasında atəşkəsə yox, İslam Respublikasının ali rəhbərliyinin uranın zənginləşdirilməsi ilə bağlı hər hansı təşəbbüsü rədd etməyinə ümid edir. Ağ Evin rəhbəri jurnalistlərlə söhbəti zamanı vurğulayıb ki, İran tamamilə təslim olmalıdır: “İranın nüvə silahı ola bilməz, bu çox sadədir”. Bununla belə, o, Vaşinqtonun danışıqları bərpa etmək üçün hazırda Tehranla əlaqə saxlamağa cəhd edib-etmədiyi ilə bağlı suala dəqiq cavab verməyib. İsrail rəsmi olaraq etiraf edir ki, Tehran daxilində hədəflərin siyahısı daha da genişlənəcək. Çox güman ki, təkcə iri televiziya şirkətlərinin ofisləri deyil, daha həssas obyektlər də hədəfə alınacaq. Yəhudi dövlətinin müdafiə naziri İsrael Katz bildirib ki, İsrail Hərbi Hava Qüvvələrinə paytaxt bölgəsində vacib hədəfləri, strateji obyektləri, rejim elementlərini və infrastrukturu sıradan çıxarmaq göstərişi verilib. O, İranın hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətli bir hissəsinin məhv edilməsi nəticəsində son vaxtlar yaradılmış İsrail Hərbi Hava Qüvvələrinin hava üstünlüyü fonunda Tehranın yaxınlığında nüvə proqramının 10-dan çox elementinin mövcud olduğuna diqqət çəkib. Ordunun əməliyyatlar rəisi general-mayor Oded Basiuk mülki hədəflərə hücumlarla bağlı artan ittihamlara cavab verərək bildirib: “Biz daha yaxşı gələcəyə layiq olan insanlara deyil, terrorçu rejimə zərbələr endiririk. Bizi təhlükəyə atan Şiraz küçələrində gəzən insanlar deyil, Tehran rəhbərliyidir”. Komandir qeyd edib ki, yəhudi dövlətinin ordusu plana uyğun olaraq əldə edilən nəticələri möhkəmləndirmək məqsədilə nüvə obyektlərini bombalamağa davam edir. Bunlar İslam Respublikasının qərb hissəsində, yerin dərinliklərində yerləşən bir sıra hədəflərdir. İsrailin hərbi kəşfiyyat idarəsinin rəhbəri general-mayor Şlomi Binder tabeliyində olanlara məlumat verib ki, onlar tezliklə düşmən ərazisində daha geniş miqyasda əməliyyat keçirməli olacaqlar: “Siz Tehrana yol açan və İranın yüksək komandanlığına zərbələr endirməyə imkan verən kəşfiyyat məlumatları əldə etdiniz. Siz tezliklə başqa ərazilərdə fəaliyyətə başlayacaqsınız. Siz sübut etdiniz ki, sərhədləri aşaraq istənilən məqsədə çata bilərsiniz. Hər zaman unutmayın ki, biz təkcə bir arenada döyüşmürük. Biz İrana qarşı vuruşuruq, lakin gözlərimiz həm də Qəzzada girovlarımızda və cəbhə xəttində hərbçilərin və arxa cəbhədə mülki əhalinin üzləşdiyi müxtəlif təhlükələrə yönəlib”.

İsrail ordusu hər kəsi İran tərəfinin hələ də İsrail ərazisindəki hədəfləri vurmaq üçün təsirli imkanlara malik olduğunu unutmamağa çağırır. İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrail hərbi kəşfiyyatının qərargahına və Mossad kəşfiyyat agentliyinin əməliyyat planlaşdırma mərkəzinə raket zərbəsi endirdiyini bildirib. İran mediası ölkə səmasında Amerikanın beşinci nəsil F-35 qırıcıları da daxil olmaqla İsrail tərəfinin xeyli itki verdiyini yazır. İranın nüvə proqramına dəyən zərərə gəlincə, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) peyk görüntülərindən istifadə edərək Natanzdakı əsas tədqiqat obyektinə “birbaşa təsir” qeydə alıb. Eyni zamanda, silahlı münaqişənin dərinləşməsinin İranı tədricən nüvə fəlakətinə doğru sövq etdiyinə dair sübutlar var. Belə ki, İranın Atom Enerjisi Təşkilatının nümayəndəsi Behruz Kamalvəndi radioaktiv maddələrin sızması barədə məlumat verib, lakin müvafiq çirklənmənin hələ də xarici mühitə təsir göstərmədiyini bildirib: “Natanzda zərər əsasən səthidir. Çünki bu yerdəki obyektin əsas hissəsi yerin altındadır. Obyektin daxilində çox kiçik sızma olub, çirklənmə heç bir şəkildə xarici mühitə keçməyib”. Bar-İlan Universitetinin Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi və keçmiş müdafiə rəsmisi Eyal Pinko Natanz tədqiqat mərkəzinə ciddi zərbə vurulduğunu bildirib: “Biz onu məhv etməmişik, lakin zənginləşdirmə prosesini ciddi şəkildə pozmuşuq, ona görə də İranın bərpası üçün uzun illər lazım olacaq. İnsanlar Qumun kənarındakı nüvə obyekti olan Fordo zənginləşdirmə zavodundan İranın nüvə layihəsinin ox ucu kimi danışırlar. Lakin layihəyə zərər vurmaq üçün təkcə Fordoya zərər vermək kifayət deyil, həm də ballistik raket və qanadlı raket layihələrini zədələməliyik”. Pinkonun sözlərinə görə, İsraildə və ya onun hüdudlarından kənarda az adam bütün bu elementləri tamamilə məhv etməyin mümkün olduğuna inanır. Bu fonda “Financial Times”a danışan yüksək rütbəli Qərb mənbəsi bildirib ki, İsrail hökumətinin hazırkı intensivliklə döyüşü davam etdirmək imkanı məhdud ola bilər. İsrailin raketlərlə bağlı köməyə ehtiyacı olacağı faktı artıq ABŞ rəsmiləri tərəfindən hesablanır. “The Middle East Eye” nəşrinə danışan mənbələrinin bildirdiyinə görə, Tramp administrasiyasının bəzi dairələrində ABŞ-ın İrana mümkün birbaşa zərbəsinin İranın İsrailə qarşı daha böyük reaksiyasına səbəb ola biləcəyi, nəticədə Vaşinqtonun müdaxilə etməli olacağı ilə bağlı ciddi narahatlıqlar var.

Samirə SƏFƏROVA

Seçilən
4
baki-xeber.com

1Mənbələr