İsrail tankları Qəzzada camaata atəş açıb. “Reuters” xəbər verir ki, azı 59 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
Qanlı insident çərşənbə axşamı Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində baş verib. Agentliyin məlumatına görə, İsrail tankları ərzaq yardımı almağa çalışan kütləni atəşə tutub. Fələstinli həkimlərin məlumatına görə, azı 59 nəfər həlak olub, 220-dən çox adam yaralanıb, onlardan ən azı 20-nin vəziyyəti ağırdır.
Şahidlər bildiriblər ki, guya İsrail hərbçiləri əvvəlcə insanlara humanitar yük maşınlarına yaxınlaşmağa icazə veriblər, lakin sonra atəş açıblar. Eyni zamanda, İsrail Müdafiə Qüvvələri (IDF) hadisənin şəraitini araşdırdığını, izdihamın İsrail hərbi mövqelərinə və ərazidə ilişib qalan yük maşınına yaxın olduğunu qeyd edib. İDF “günahsız insanlara vurulan hər hansı zərərə görə təəssüfləndiyini” bildirib və mülki itkiləri minimuma endirməyə söz verib.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, mayın sonundan Qəzzada humanitar xətlərə edilən hücumlarda 397 nəfər ölüb, 3000-dən çox insan yaralanıb. Bu, İsrailin may ayında təxminən üç aylıq blokadanı qismən ləğv etməsindən bəri ən ölümcül hadisədir.
//Samir Qurbanov, Editor.az