AZ

Şuşadan ucalan qardaşlıq səsi

Tarix bəzən yalnız hadisələrlə deyil, məkanla da yazılır. Elə məkanlar var ki, orada atılan bir addım yalnız indiyə deyil, gələcəyə də möhür vurur. 15 iyun 2021-ci il - Şuşada iki qardaş ölkənin liderləri tərəfindən imzalananŞuşa Bəyannaməsi, məhz belə bir məkanın yaddaşına həkk olunmuş taleyüklü sənəddir. Azərbaycanın milli ruhunun, mədəniyyətinin və müstəqillik iradəsinin təcəssümü olan Şuşada imzalanan bu bəyannamə yalnız diplomatik sənəd deyil, həm də siyasi iradənin, hüquqi strateji baxışın və qardaşlığın sarsılmaz rəmzidir.

Şuşa - Azərbaycanın və ümumilikdə Türk dünyasının qədim mədəniyyət beşiyi, poeziya və musiqi paytaxtı - bu dəfə siyasi-mənəvi liderlik simvoluna çevrildi. 44 günlük Vətən Müharibəsindən sonra azad edilərək öz doğma sahibinə qovuşan Şuşada imzalanan sənəd Azərbaycan-Türkiyə münasibətlərinin təkcə yeni mərhələyə keçidini deyil, həm də bu münasibətlərin hüquqi əsasda müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərdi.

Bu yazının məqsədi, Şuşa Bəyannaməsinin hüquqi əsaslarını və onun regional təhlükəsizlik, strateji tərəfdaşlıq, beynəlxalq hüquq kontekstində oynadığı rolu çatdırmaqdır. Eyni zamanda, bu sənədin arxasında dayanan “qardaşlıq səsi” anlayışını açmaq, onun mədəni-tarixi birliyin gələcəyinə yönəlik mesaj olduğunu göstərməkdir.

Şuşa Bəyannaməsinin tarixi və hüquqi əsasları

Şuşa Bəyannaməsi yalnız iki dövlət başçısının siyasi iradəsinin ifadəsi deyil, eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun olaraq formalaşmış hüquqi təməlini təşkil edən sənədlərin məntiqi və strateji davamıdır. Bu sənədin imzalanması ikitərəfli münasibətlərin hüquqi ardıcıllığını tamamlayaraq onları keyfiyyətcə yeni mərhələyə - müttəfiqlik səviyyəsinə yüksəltmişdir.

Şuşa Bəyannaməsinin giriş hissəsində vurğulanır ki, tərəflər “iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edirlər”. Bu istinad sadəcə keçmişə hörmət deyil, həm də bölgədə formalaşmış hüquqi nizamın təsdiqidir. Qars Müqaviləsi yalnız Türkiyə və Azərbaycan arasında deyil, bütövlükdə Cənubi Qafqazda regional balansın və sərhədlərin hüquqi əsasını qoyan sənəd olmuşdur. Şuşa Bəyannaməsində bu sənədə istinad olunması, Türkiyənin bölgədəki hüquqi-status aspektindən iştirakçılığının beynəlxalq hüquq çərçivəsində yenidən təsbit edilməsi kimi də qiymətləndirilə bilər.

Tarixi-hüquqi ardıcıllıq baxımından, 1994-cü il 9 fevral tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə” və elə həmin tarixdə qəbul olunmuş “Əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol” ikitərəfli münasibətlərin müasir hüquqi arxitekturasının ilkin dayaqlarını təşkil etmişdir. Şuşa Bəyannaməsində bu sənədlərə də xüsusi istinad olunur.

Bu hüquqi xəttin növbəti mühüm mərhələsi isə 2010-cu il 16 avqust tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə” olmuşdur.

Beləliklə, 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi bu üç əsas sənədin - Qars Müqaviləsi (1921), Dostluq Müqaviləsi və Protokol (1994), Strateji Tərəfdaşlıq Müqaviləsi (2010) - hüquqi və tarixi məntiqi davamı kimi çıxış edir. Bəyannamənin müddəaları, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə bağlılıq, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə sadiqliyin təsdiqi kimi qiymətləndirilir.

Bu hüquqi ardıcıllıq onu göstərir ki:

Nəticə etibarilə, Şuşa Bəyannaməsi yalnız bir siyasi iradənin təzahürü deyil, həm də tarixi təcrübənin, hüquqi ardıcıllığın və strateji məqsədlərin sintezindən doğan tarixi-hüquqi zərurətin məhsuludur.

Münasibətlərin yeni müttəfiqlik səviyyəsinə qaldırılması

2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında keyfiyyətcə yeni bir mərhələnin - rəsmi müttəfiqlik münasibətlərinin başlanğıcını rəsmiləşdirdi. Bəyannamənin giriş hissəsində bu mühüm dəyişiklik açıq şəkildə ifadə olunur: “İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyini vurğulayaraq…”. Bu ifadə təkcə diplomatik niyyətin bəyanı deyil, eyni zamanda beynəlxalq hüquq çərçivəsində iki dövlətin müttəfiqlik öhdəliyini qəbul etdiklərini təsdiq edir. Əgər 2010-cu ildə imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə tərəflər arasında dostluq və əməkdaşlığın hüquqi bazasını formalaşdırmışdısa, Şuşa Bəyannaməsi bu münasibətləri formal tərəfdaşlıqdan rəsmi müttəfiqliyə yüksəldir. Bu, iki dövlətin artıq yalnız dost və strateji tərəfdaş deyil, beynəlxalq hüquqda tanınan müttəfiq kimi çıxış etməsini təmin edir.

Bəyannamənin hüquqi çəki və praktik əhəmiyyətini artıran əsas məqamlardan biri də onun konkret tədbirlər və əməkdaşlıq mexanizmləri ilə zənginləşdirilməsidir. Xüsusilə, 4-cü bənddə qeyd olunur: “Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edirlər.” Bu müddəa yalnız siyasi bəyanat olmayıb, həm də kollektiv müdafiə prinsipi çərçivəsində hüquqi öhdəlik kimi şərh oluna bilər. Burada birgə təhlükəsizlik, suverenliyin müdafiəsi və ərazi bütövlüyünün təminatı üzrə qarşılıqlı zəmanət mexanizmləri nəzərdə tutulur.

Əlavə olaraq, sənəddə tərəflərin biri üçün yaranacaq təhdid və ya təcavüz halında digər tərəfin BMT Nizamnaməsinə uyğun şəkildə zəruri yardım göstərməsi öhdəliyi konkretləşdirilir. Bu, Şuşa Bəyannaməsinin müttəfiqlik sənədi statusunu daha da möhkəmləndirir.

Şuşa Bəyannaməsi həm də xalqın mənəvi dünyasına toxunan və birliyi gücləndirən ifadələrlə zəngindir. Belə ki, sənədin giriş hissəsində deyilir:

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət – iki dövlət” ideyasını daim rəhbər tutaraq…” və Mustafa Kamal Atatürkün fikrinə istinad edilir: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.”. Bu cür ifadələrin rəsmi sənədə daxil edilməsi sənədin hüquqi xarakteri ilə yanaşı milli-mənəvi və emosional dəyərini də artırır. Burada hüquqi nitq publisistik ruhla sintez olunur və bu, həm oxucuda hüquqi şüur, həm də qürur hissi yaradır.

Nəticə etibarilə, Şuşa Bəyannaməsi:

Bu sənədin ruhu artıq yalnız diplomatik masalarda deyil, Şuşanın dağlarında, Zəngilanın yollarında, Cəbrayılın vadilərində səslənir. Bu, yalnız hüquq dili deyil – bu, qardaşlıq və milli həmrəylik dilidir.

Şuşa Bəyannaməsində əməkdaşlığın sahələri

Şuşa Bəyannaməsi həm də Azərbaycan və Türkiyə arasında çoxşaxəli əməkdaşlıq üçün hüquqi çərçivədir. Bu sənəd eyni zamanda iki dövlətin strateji tərəfdaşlığını bütün sahələrdə reallaşdırmaq üçün konkret fəaliyyət istiqamətləri və mexanizmlərini müəyyən edir.

Əməkdaşlıq sahələri aşağıdakı əsas istiqamətlər üzrə sistemləşdirilmişdir:

Bəyannamənin giriş və ilkin bəndlərində tərəflər iki ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərdən məmnunluqlarını ifadə edir və siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin vacibliyini vurğulayırlar. Bəyannamədə qeyd olunur: “Tərəflər müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar.” Bu ifadə hər iki ölkənin beynəlxalq və regional siyasətdə koordinasiyalı şəkildə fəaliyyət göstərmək niyyətini ortaya qoyur. Həmçinin, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və ortaq mövqelərin gücləndirilməsi bildirir.

2. Müdafiə və təhlükəsizlik

Şuşa Bəyannaməsinin mühüm hissəsi iki ölkə arasında kollektiv müdafiə və təhlükəsizlik məsələlərinə həsr olunmuşdur. Bəyannamədə bildirilir:

“Tərəflərdən hər hansı birinin... təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə... bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.” Bu müddəa qarşılıqlı hərbi yardım öhdəliyini və aşağıdakıları nəzərdə tutur:

3. İqtisadiyyat, enerji və nəqliyyat

İki ölkənin iqtisadi inteqrasiyası Şuşa Bəyannaməsində əsas istiqamətlərdən biridir. Bəyannamədə qeyd edilir: “Tərəflər ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, birgə istehsalın qurulması və investisiya əməkdaşlığının inkişafı üçün daha əlverişli şəraitin yaradılması istiqamətində səylərini artıracaqlar.”

Zəngəzur dəhlizi, Naxçıvan-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, elektrik ötürücü xətləri kimi layihələr bu əməkdaşlığın əsas konkret komponentləridir.

Həmçinin rəqəmsal texnologiyalar və intellektual nəqliyyat sistemləri üzrə fəaliyyətin gücləndirilməsi də vurğulanır.

4. Mədəni-humanitar əməkdaşlıq

Əməkdaşlığın humanitar yönü də xüsusi yer tutur. Bəyannamədə deyilir: “Tərəflər xalqları arasında müştərək dəyərlərə söykənən sıx əlaqələri humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf etdirəcək və dərinləşdirəcəklər.” Burada xüsusilə ortaq tarixi və mədəni irsin qorunması, Türk dünyası ilə inteqrasiya, diaspor fəaliyyətinin koordinasiyası kimi məsələlər qeyd olunur. Bəyannamənin Şuşada – Azərbaycanın mədəniyyət paytaxtında imzalanması bu istiqamətin simvolik əhəmiyyətini daha da artırır.

Regional və beynəlxalq siyasət koordinasiyası

Şuşa Bəyannaməsi, Azərbaycan və Türkiyə arasında yalnız ikitərəfli münasibətlərin deyil, həm də onların regional və beynəlxalq siyasətdə koordinasiyasının hüquqi əsaslarını müəyyən edir. Bu sənəd, tərəflərin beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış etməsini, ortaq maraqlar əsasında siyasi əməkdaşlığı dərinləşdirməsini və qarşılıqlı dəstəyi hüquqi sənəd səviyyəsində rəsmiləşdirir.

Bəyannamənin 9-cu bəndində bu məsələyə dair qeyd olunur: “Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.” Bu müddəa, beynəlxalq hüquqa əsaslanan diplomatik həmrəyliyin əsasını təşkil edir. Azərbaycan və Türkiyə öz xarici siyasətlərində yalnız milli maraqları deyil, bir-birinin strateji mövqelərini də müdafiə etmək öhdəliyini üzərlərinə götürürlər. Bu, onların BMT, ATƏT və digər təşkilatlarda vahid çıxış etməsini təmin edir və beynəlxalq aləmdə təsir gücünü artırır.

Bəyannamənin 10-cu bəndi isə bu əməkdaşlığın hüquqi və prinsipial əsaslarını daha da dərinləşdirir: “Tərəflər dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər.” Bu müddəa, beynəlxalq hüququn əsas prinsiplərinə sadiqliyi, eyni zamanda Azərbaycanın və Türkiyənin bir-birinin ərazi bütövlüyü və suverenliyinə dəstək mövqeyini təsdiqləyir. Azərbaycanın ərazi bütövlüyünə qarşı edilmiş təcavüzə qarşı Türkiyənin sərgilədiyi siyasi mövqe bu bənddə hüquqi zəminə qovuşur.

Bu koordinasiya, sadəcə prinsipial yanaşmalarla məhdudlaşmır, eyni zamanda aşağıdakı təşəbbüslərlə dəstəklənir:

Azərbaycan və Türkiyə arasında diplomatik həmrəylik artıq yalnız qardaşlıq hissləri ilə bağlı deyil, bu, qlobal siyasi məqsədlərin koordinasiyalı reallaşdırılması səviyyəsinə keçib. Bu sənəd vasitəsilə iki dövlət, beynəlxalq hüququn müdafiəsini, regional sabitliyin təminini və Türk dünyasının gələcəyinə yönəlik ortaq strategiyanı dünyaya elan edir:

Beləliklə, Şuşada imzalanan sənədin səsi, artıq yalnız Cənubi Qafqazda deyil, beynəlxalq diplomatik tribunalarda da eşidilməkdədir.

Qarabağ kontekstində Bəyannamə

Şuşa Bəyannaməsi, Azərbaycanın 2020-ci ildə qazandığı qələbədən sonra yaranmış yeni geosiyasi və hüquqi reallıqların hüquqi təsdiqidir. 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad olunan Şuşada imzalanmış bu sənəd, həm qələbənin simvolu, həm də beynəlxalq hüquqla möhkəmləndirilmiş strateji ittifaqın sübutudur.

Bəyannamənin 1-ci bəndində bildirilir ki, tərəflər, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası və reinteqrasiyası prosesində əməkdaşlıq etmək niyyətində olduqlarını bəyan edirlər. Bu öhdəlik yalnız texniki və iqtisadi yardım deyil, siyasi və strateji dəstəyin göstəricisidir.

İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası, nəqliyyat-kommunikasiya əlaqələrinin qurulması və regionda həyatın normallaşdırılması sahəsində həyata keçirilən layihələr - o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar - Bəyannamədə nəzərdə tutulan öhdəliklərin real müstəviyə keçdiyini nümayiş etdirir.

“Şuşadan ucalan qardaşlıq səsi”

Şuşa Bəyannaməsi regionun gələcəyinə dair strateji yol xəritəsidir. Sənədin hər bir müddəasında Türkiyə və Azərbaycanın müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinə birgə sadiqliyi əks olunur. Bu, həm də bütün Türk dünyasına ünvanlanan çağırışdır: birlik, həmrəylik və qarşılıqlı dəstək prinsipləri ilə ortaq taleyin formalaşdırılması.

Şuşa - bu sənədin ruhudur. O, yalnız mədəniyyətin beşiyi deyil, həm də qardaşlığın diplomatik möhürüdür. Bu səbəbdən, “Şuşadan ucalan qardaşlıq səsi” yalnız siyasi bəyanat deyil, sabit gələcəyə çağırış və strateji ittifaqın hüquqi ifadəsidir.

Şuşa Bəyannaməsini yalnız oxumaq deyil, onun mənasını anlamaq, ruhunu yaşatmaq və bu müttəfiqlik modelini gələcək nəsillərə daşımaq hər bir vətəndaşın üzərinə düşən milli və tarixi vəzifədir.

Pərvanə Rzayeva,

Pedaqogika üzrə fəlsəfə doktoru

Yeni Azərbaycan Partiyasının üzvü

ADPU-nun Quba filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri

Seçilən
11
3
yeniazerbaycan.com

4Mənbələr