AZ

"Ukrayna savaşının gələcəyi: üç ssenaridən ikisi Kiyev üçün faciəvidir" - "Die Welt"

"Qərb qətiyyətli addım atarsa, Ukrayna suveren dövlət kimi qorunub saxlanılacaq..."
 
Ukraynada tammiqyaslı müharibə artıq dördüncü ildir ki, davam edir və bir şey aydındır: Kreml diktatoru vaxtı uzadır. O, təkcə Ukraynanı suveren dövlət kimi taqətdən salmağa deyil, həm də münaqişənin "ilkin səbəblərindən" qurtulmağa, yəni NATO-nu zəiflətmək və Avropada yeni təhlükəsizlik sistemi yaratmağa can atır.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Die Welt" nəşri yazıb.
 
Nəşrin yazarı Kristof Şilts müharibənin mümkün nəticələrini təhlil edib. Onun fikrincə, üç əsas ssenari var və onların yalnız biri Ukrayna üçün nisbətən müsbət sayılır, lakin bu, çox az ehtimal olunur.
 
1. Qərb qətiyyətli addımlar atır - Ukrayna suveren dövlət olaraq qalır
 
Əgər Qərb Rusiya tərəfindən səsləndirilən nüvə təhdidlərini nəzərə almadan, Ukraynaya müasir və uzaqmənzilli silahları geniş şəkildə təchiz etsə, bu vəziyyət cəbhədə Rusiyaya qarşı ciddi üstünlük yarada bilər. NATO baş katibi Mark Rütte və prezident Vladimir Zelenski dəfələrlə belə yardıma çağırış edib.
 
Eyni zamanda Qərb Rusiyaya qarşı sanksiyaları kəskinləşdirir, bunlar texnologiya, maliyyə əməliyyatları və enerji satışından gələn gəlirlərin önünün kəsilməsinə yönəlir. Nüvə silahı tətbiq edilmədiyi halda, -  bu, çox az ehtimal olunur, - Rusiya döyüşləri dayandırmağa məcbur qalacaq. Bəzi ərazilər, o cümlədən Krım müvəqqəti olaraq Rusiyanın nəzarətində qala bilər, amma Ukrayna suveren dövlət kimi qalacaq.
 
Şiltsin proqnozu: Bu ssenari real deyil, çünki Qərb nə daha çox silah göndərməyə, nə də sərt iqtisadi fədakarlıq etməyə hazırdır.
 
2. Putinin açıq-aşkar qələbəsi - ABŞ geri çəkilir
 
ABŞ həm hərbi, həm də siyasi baxımdan münaqişədən uzaqlaşır və əsas yük Avropa ölkələrinin üzərinə düşür. Tramp üçün bu, həm iqtisadi baxımdan sərfəlidir, həm də şəxsi biznes maraqları ilə üst-üstə düşür. Onun planlarında Rusiya ilə yaxınlaşma var: Arktikanın resursları, nadir torpaq metallarının hasilatı, Yaxın Şərq bazarlarına çıxış və Moskva-Pekin oxunun zəiflədilməsi.
 
ABŞ olmadan Avropa Ukraynaya dəstəyi uzunmüddətli saxlaya bilməyəcək. Nəticədə Rusiya hazırda nəzarət etdiyi 20 faizdən çox ərazi ilə kifayətlənməyəcək və Ukraynanı dənizə çıxış imkanından da məhrum edə bilər.
 
Şiltsin qiymətləndirməsi: Bu ssenarinin başvermə ehtimalı təxminən 35 faizdir və ilk ssenaridən daha real görünür.
 
3. "Əlil edilmiş" Ukrayna ən real ssenaridir
 
Ukrayna uzunmüddətli və davam edən müharibəyə sürüklənir. Qərbdən gələn yardım azaldıqca, ölkə müdafiədə qalır və Rusiya yeni əraziləri tədricən işğal edir. 2025-ci ildə Xarkovun da itirilməsi mümkündür. Bu hal Qərbin səbr kasasını daşırar və Kiyevə atəşkəs üçün təzyiqlər artar.
 
Əgər razılaşma baş tutmasa, münaqişə "dondurulmuş vəziyyətdə" qala bilər. Bu halda Ukraynanın danışıqlardakı mövqeyi zəifləyəcək. Rusiya təhlükəsizlik məqsədilə sərhəddə geniş demilitarizasiya zonası yaradılmasını tələb edə bilər. Müqavilə imzalanmaz, sadəcə atəşkəs xətti mövcud olar.
 
Hərbi ekspert Rayzner bildirir ki, bu ssenari Koreya yarımadasında olduğu kimi bir "dondurulmuş münaqişəyə" bənzəyəcək. Rusiya ABŞ ilə iqtisadi əməkdaşlığı dərinləşdirəcək, NATO isə hərbi qüvvələrini artırmağa davam edəcək.
 
Şiltsin proqnozu: Bu ssenari təxminən 65% ehtimalla ən real variantdır. Ukrayna üçün faciə olsa da, digər tərəflər, xüsusən də Rusiya və Qərb üçün "məqbul həll" sayılır.
 
Qərb üçün "ucuz təhlükəsizlik", Rusiya üçün bufer zona
 
Şilts yazır ki, bu ssenari ABŞ və Avropa üçün ən az xərc tələb edən və nisbətən təhlükəsiz nəticədir. Rusiya Qərblə sərhəddə bufer zonası əldə edir və NATO-nun genişlənməsindən artıq qorxmur. Eyni zamanda Kreml beynəlxalq arenaya qayıdış planlarını qurur, Afrika və Asiyada təsir imkanlarını genişləndirir, Qlobal Cənub dövlətlırilə yeni ittifaqlar qurur.
 
Ukrayna cəbhəsindən son xəbərlər
 
Ukrayna dəniz piyadalarının 38-ci briqadasının döyüşçüsü İqor "Zayats" deyir ki, ruslarla heç bir atəşkəs işləmir: "Əvvəllər də bu cəhdlər olub, amma Rusiya tərəfi buna heç vaxt sadiq qalmayıb.
 
Elektron müharibə üzrə mütəxəssis Sergey "Fleş" Beskresnov isə bildirir ki, əgər Ukrayna "Shahed" dronlarına qarşı tezliklə effektiv cavab tapmasa, Rusiya ölkənin hər yerini bombalayacaq. Onun fikrincə, indi əsas diqqət dronları ələ keçirən pilotsuz müdafiə sistemlərinin kütləvi istehsalına yönəldilməlidir.
Seçilən
6
moderator.az

1Mənbələr