AZ

"Trampa görə "qısa və xoş" NATO sammiti" - "The Times"

"Vaşinqtonun yeni tələbləri fonunda Haaqadakı görüş minimallaşdırılır..."
 
Növbəti həftə Haaqada keçiriləcək NATO sammiti fərqli formatda baş tutacaq: sadəcə bir sessiya, müddəti isə cəmi iki saat yarım olacaq. 
 
Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.
 
Nəşr yazır ki, bu qərar ABŞ prezidenti Donald Trampın uzunmüddətli görüşlərə qarşı səbrli olmaması və emosional reaksiyalara meylli olması ilə izah edilir. Qeyd edilir ki, sammitin formatı Trampın diqqət çatışmazlığı və impulsiv xarakterinə uyğunlaşdırılıb: "Qısa və xoş - plan budur".
 
Adətən NATO sammitləri üç ayrı sessiyadan ibarət olur və hər biri iki saat yarım davam edir. Lakin bu dəfə yalnız bir görüş nəzərdə tutulur. Əsas mövzu isə müdafiə xərclərinin artırılması olacaq. NATO-nun baş katibi Mark Rütte bu dəfəki sammiti konkret və məhsuldar etməyi, əsas diqqəti müdafiə xərclərinin ÜDM-in 5 faizinə qaldırılmasına yönəltməyi planlaşdırır.
 
Qısa sənəd, böyük mesaj
 
İclasın sonunda qəbul olunacaq yekun kommunike də qeyri-adi dərəcədə qısa - cəmi bir A4 vərəqində beş bənddən ibarət olacaq. Müqayisə üçün, keçən il Vaşinqtonda keçirilən sammitdə 5400 sözlük, 44 bəndlik bəyanat qəbul olunub. Bir diplomat bunu belə izah edib: "Trampın uzunmüddətli diqqətini saxlamaq mümkün deyil. Nə qədər qısa olsa, o qədər yaxşıdır".
 
Eyni zamanda, tədbirdə ABŞ prezidentinin mətbuat konfransı keçirməyəcəyi də planlaşdırılır. Əvəzində, NATO-nun müdafiə xərcləri ilə bağlı qərarı Trampın şəxsi qələbəsi kimi təqdim ediləcək - guya illərdir Avropa liderlərinə çağırış edən prezidentlərdən sonra bu məsələni həll edən şəxs o olub.
 
Zelenskiyə "protokol endirimi"
 
Ukrayna prezidenti Vladimir Zelenski də sammitə dəvət olunub, lakin onun statusu diplomatik baxımdan aşağı salınıb. O, liderlərlə rəsmi görüşlərdə iştirak etməyəcək, yalnız Niderland kralı tərəfindən təşkil edilən şam yeməyinə qatılacaq. Bu, Trampla gərgin və ya qeyri-münasib görüntülərdən yayınmaq üçün düşünülüb.
 
Bildirilib ki, yekun sənəddə Ukraynanın adı keçməyəcək, lakin Rusiya yenə də "uzunmüddətli təhlükə" kimi təqdim olunacaq. NATO ölkələri 2032-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmaq öhdəliyini qəbul edəcək, lakin bu qərar 2029-cu ildə yenidən nəzərdən keçirilə bilər.
 
Rəsmilər və diplomatlar G7 sammitindən sonra ehtiyatlı davranmağa çalışır: orada Tramp tədbiri vaxtından əvvəl tərk edib, sosial şəbəkədə digər liderlərə hücum edib. Bu dəfə isə, qeyd edildiyi kimi, hər şey Trampın səbr həddinə uyğunlaşdırılır - gecəyarısı "Truth Social"da emosional paylaşım ehtimalı da istisna edilmir.
Seçilən
17
moderator.az

1Mənbələr